“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının 9.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 6 may 2016-cı il
1.1. Bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi qaydalarını və uyğunluğun qiymətləndirilməsinə dair ümumi tələbləri müəyyən edir.
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. hüquqi və fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsi – mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin bu Qaydada və digər normativ hüquqi aktda nəzərdə tutulmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi;
2.1.2. sertifikatlaşdırma – Xidmət tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin bu Qaydada və digər normativ hüquqi aktda nəzərdə tutulmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiq edilməsi.
2.2. Sertifikatlaşdırma özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsi və Xidmət tərəfindən yekun qərar qəbul edilməklə sertifikat verilməsi mərhələlərindən ibarətdir.
3.1. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və fiziki şəxslər Xidmətə yazılı və ya elektron formada müraciət edirlər.
3.2. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədilə özəl hüquqi və fiziki şəxslər tərəfindən Xidmətə müraciət zamanı bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.3. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
3.3.1. ərizə (1 nömrəli əlavə);
3.3.2 fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, hüquqi şəxsin isə dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surətləri;
3.3.3. fiziki şəxslərin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə alitəhsili haqqında sənədinin (sənədlərinin) surəti (surətləri);
3.3.4. fiziki şəxslərin daşınmaz əmlakın kadastrı, yerquruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçilik mühəndisliyi sahəsində ən azı 1 il iş stajının olmasını təsdiq edən sənəd;
3.3.5. hüquqi şəxslərin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə və ən azı 3 il iş stajı olan alitəhsilli işçilərinin olmasını təsdiq edən sənəd.
3.4. Uyğunluğunun qiymətləndirilməsi üçün müraciət etmiş özəl hüquqi və fiziki şəxslərdən göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
3.5. Sertifikatlaşdırma barədə müraciət Xidmətə təqdim edildiyi gün qeydiyyata alınır və müraciətə 10 iş günü ərzində baxılır.
3.6. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunmadıqda, Xidmət həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. Sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır. Belə olan halda müraciətə baxılma müddəti 30 iş günündən çox ola bilməz.
3.7. Uyğunluğun qiymətləndirilməsi zamanı ilkin olaraq özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən sənədlərin bu Qaydaların 3.3-cü bəndinin tələblərinə uyğun olması yoxlanılır.
3.8. Təqdim edilən sənədlərin həqiqiliyinə şübhə olarsa, müraciətin icra müddəti dayandırılır və 48 saat müddətində ciddi şübhəyə əsas verən halların aradan qaldırılması məqsədi ilə müraciət edən özəl hüquqi və fiziki şəxslərə yazılı məlumat verilir.
3.9. Müraciət edən özəl hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş elektron informasiya sistemindən əldə edilməsi mümkün olmayan sənədlərdə çatışmazlıq olduqda, 10 iş günü müddətində çatışmazlıq aradan qaldırılmalı və bu barədə yazılı və ya elektron formada Xidmətə məlumat verilməlidir.
3.10. Uyğunluğun qiymətləndirilməsi zamanı növbəti olaraq müraciət edən hüquqi şəxslərin kadastr mühəndislərinin və fiziki şəxslərin (kadastr mühəndislərinin) nəzəri biliklərinin qiymətləndirilməsi aparılır.
3.11. Uyğunluğu qiymətləndirilən kadastr mühəndisləri aşağıdakılar barədə nəzəri və praktiki biliklərə malik olmalıdırlar:
3.11.1. mülki hüquq və torpaq münasibətləri, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi, mərzçəkmə işlərinin həyata keçirilməsi və digər aidiyyəti sahələri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları;
3.11.2. torpaq sahələrinin, bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının və çöl-ölçmə işlərinin aparılmasının ümumi qaydaları;
3.11.3. öz peşə fəaliyyətləri dairəsində tətbiq olunan məlumatların toplanılmasının, saxlanılmasının və işlənilməsinin kompüter üsulları, informasiyanın qorunması, işlənilib hazırlanması və verilməsi qaydaları;
3.11.4. öz peşə fəaliyyətlərində fotoqrammetrik üsulların və Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi;
3.11.5. kadastr xəritələrinin tərtibi;
3.11.6. sənaye və mülki obyektlərin həndəsi ölçülərinin geodezi monitorinqi;
3.11.7. plan və xəritələrin hazırlanması üçün geodeziya işlərinin aparılması, müasir geodeziya alətlərinin quruluşu, onların yoxlanılması, tənzimlənməsi və istismarı üsulları;
3.11.8. inzibati idarəçilik, inzibati prosedurlar, maliyyə ödənişləri ilə bağlı ilkin biliklər.
3.12. Uyğunluğun qiymətləndirilməsi zamanı yekun olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işlərinin aparılması barədə məlumatlandırılması, torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması, mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması, torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması, mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi sahəsində müraciət edən özəl hüquqi və fiziki şəxslərin praktiki bilikləri yoxlanılır.
3.13. Bu Qaydaların 3.11-ci bəndində qeyd edilən nəzəri və praktiki biliklərin yoxlanılması məqsədi ilə tərkibi 5 nəfərdən ibarət olan, Xidmət rəisinin əmri ilə daimi fəaliyyət göstərən komissiya yaradılır. Komissiyanın tərkibinə müstəqil ekspertlərin daxil edilməsinə yol verilir.
3.14. Nəzəri biliklərin yoxlanılması və praktiki biliklərlə bağlı yazılı və ya elektron formada müraciət edildiyi gündən 5 iş günü müddətində komissiya müraciət edən özəl hüquqi və fiziki şəxslərin nəzəri və praktiki biliklərinə dair rəy verir və bu rəy özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsində nəzərə alınır.
3.15. Bu Qaydaların 3.3-cü bəndində göstərilən sənədlərin 3.4-cü bəndində nəzərdə tutulan müddətdə müraciət edən özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilməməsi, həmçinin komissiya tərəfindən mənfi rəyin verilməsi, mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın verilməsindən imtina edilməsi üçün əsas hesab olunur.
4.1. Bu Qaydaların 3.15-ci bəndində qeyd edilən imtina üçün əsas olmadığı təqdirdə, Xidmət tərəfindən müraciət edən özəl hüquqi və fiziki şəxslərə mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın verilməsi barədə qərar qəbul edilir və bu barədə 48 saat ərzində müraciət edən özəl hüquqi və fiziki şəxslərə yazılı məlumat verilir. Xidmət tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
4.2. Sertifikatın verilməsi barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sertifikat müraciət edən hüquqi və fiziki şəxslərə təqdim edilir(2 nömrəli əlavə).
4.3. Sertifikat sahibi sertifikatdan mərzçəkmə işlərini əhatə edən fəaliyyət sahəsinə uyğun istifadə etməlidir.
5.1. Sertifikat verildiyi tarixdən 3 il müddətinə etibarlıdır.
5.2. Sertifikatın müddəti hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadılır.
5.3. Sertifikatın müddətinin uzadılması üçün sertifikatın müddətinin bitməsinə ən azı 1 ay qalmış sertifikat sahibi Xidmətə müraciət etməlidir.
5.4. Sertifikatın müddətinin uzadılması barədə müraciətə (3 nömrəli əlavə) bu Qaydalara əsasən ümumi əsaslarla baxılır.
5.5. Sertifikat aşağıdakı hallarda ləğv edilir:
5.5.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
5.5.2. sertifikat verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;
5.5.3. məhkəmənin müvafiq qərarı olduqda;
5.5.4. hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs öldükdə, məhkəmənin qərarı ilə itkin düşmüş və ya ölmüş elan edildikdə;
5.5.5. fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda.
5.6. Sertifikatın ləğv edilməsi halında, qərar qəbul edildiyi andan 3 iş günü müddətində yazılı şəkildə sertifikat sahibinə məlumat verilir.
6.1. Bu Qaydalarda nəzərdə tutulmuş tələblərin pozulmasın-dan, o cümlədən sertifikatın verilməsindən imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndiril-məsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilir.
6.2. Bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş hallarda inzibati şikayətə baxılması qaydası Azərbaycan Respublikasının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “İnzibati icraat haqqında” qanunları ilə tənzimlənir.
6.3. Uyğunluğun qiymətləndirilməsi sahəsində inzibati mübahisələrin məhkəmə qaydasında həlli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.
7.1. Sertifikatlaşdırma barədə məlumatlar Xidmət tərəfindən uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslər barədə məlumat toplusu olan reyestrə daxil edilir.
7.2. Bu Qaydalar əsasında uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslərin reyestrinin aparılması qaydası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir.
7.3. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslər barədə məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, Xidmətin internet informasiya ehtiyatlarında yerləşdirilir.
8.1. Xidmətin vəzifəli şəxsləri bu Qaydalara uyğun olaraq sertifikatlaşdırma mərhələlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətin dəqiqliyinə və vaxtında aparılmasına, tam və düzgün olmasına cavabdehdirlər.
Ərizəçi haqqında məlumatlar
Soyadı, adı və atasının adı
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı
Ərizənin məqsədi və icra müddəti
Uyğunluğunun qiymətləndirilməsi haqqında
Ərizənin icra müddəti
Ərizəyə əlavə olunan sənədlər
1. “Mərzçəkmə işlərini həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nın 2.3-cü bəndində nəzərdə tutulan sənədlər.
2. Ərizəçi fiziki şəxs olduqda, şəxsiyyəti təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti).
3. Ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti
Qeyd. Ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Ərizəçinin imzası _______________
Tarix _____________________
Ərizəni qəbul edən məsul şəxsin
soyadı, adı, atasının adı və imzası __________________________
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
Ərizəçinin soyadı, adı və atasının adı
Ərizənin qeydiyyat nömrəsi
Ərizənin qeydiyyat və son icra tarixləri
Ərizəyə əlavə olunan sənədlər
Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası
İş vaxtı: 9:00 – 18:00 Fasilə: 13:00 – 14:00
Ərizəçi haqqında məlumatlar
Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı
Ərizənin məqsədi və icra müddəti
Sertifikatın müddətinin uzadılması haqqında
Sertifikatın uzadılması xahiş olunan müddət
Ərizənin icra müddəti
Ərizəyə əlavə olunan sənədlər
1. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı verilən sertifikat.
2. Ərizəçi fiziki şəxs olduqda, şəxsiyyəti təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti).
3. Ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti
Ərizəçinin imzası _______________
Tarix _____________________
Ərizəni qəbul edən məsul şəxsin
soyadı, adı, atasının adı və imzası __________________________
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
Ərizəçinin soyadı, adı və atasının adı
Ərizənin qeydiyyat nömrəsi
Ərizənin qeydiyyat və son icra tarixləri
Ərizəyə əlavə olunan sənədlər
Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası
İş vaxtı: 9:00 – 18:00 Fasilə: 13:00 – 14:00
1. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
2. 8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524)
3. 13 noyabr 2023-cü il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 noyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 15 noyabr 2023-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1574)
4. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)