Qanunvericilik › Azərbaycan Respublikasının Meşə Məcəlləsi › Maddə 27

Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri

Azərbaycan Respublikasının Meşə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu məqsədlə:

meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir;

meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir, onun aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;

investisiya siyasətini həyata keçirir;

meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramlarını təsdiq edir;

meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;

hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;

meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına qiymət qoyur;

meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən edir;

köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını təsdiq edir;

meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil edir və əlaqələndirir;

meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təşkil edir;

meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir;

meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir;

meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;

meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:

iqtisadiyyatın inkişafı;

ətraf mühitin mühafizəsi;

ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver