Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.
İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
qoruq meşələri;
kurort meşələri;
xüsusi qiymətli meşə massivləri;
şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;
yabanı meyvə meşələri;
dövlət qoruyucu meşə zolaqları;
sair meşələr.
Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.
Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.