Qanunvericilik › Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.1999) › Tam mətn

Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.1999)

Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.07.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması Qaydaları" və "Meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin cəlb olunması Qaydası" təsdiq edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 9 iyul 1999-cu il № 116

1. Bu Qaydalar meşə təsərrüfatının spesifik xüsusiyyətləri nəzərə alınmaqla statistik hesabatın aparılmasını tənzimləyir və vahid dövlət məlumatlandırma sisteminin təşkilində istifadə olunur.

2. Meşə təsərrüfatı tərəfindən tərtib edilən statistik hesabatda aşağıdakı yerinə yetirilmiş işlər nəzərə alınır:

meşə əkini və səpini, meşənin təbii bərpasına köməklik tədbirləri, qırıntı sahələrində qırma növləri üzrə istehsal olunan oduncaq kütləsi, meşələrin törtöküntüdən təmizlənməsi;

yanğın mühafizə qaydalarının pozulması halları, yanğınların sayı, yanmış sahə, yanğının baş vermə səbəbləri;

yerinə yetirilmiş meşə təsərrüfatı işlərinin həcmi və pul ifadəsi;

meşələrin ziyanvericilərdən və xəstəliklərdən qorunması;

qırma növləri üzrə oduncaq hazırlığı, istehsal olunmuş oduncaq qalığı, qırma qaydalarının pozulması, sahələrin qırıntı qalıqlarından təmizlənməsi;

meşə təsərrüfatı müəssisələrində işçilərin ümumi sayı, əmək haqqı, işəmuzd görülən işlərin həcmi, vaxtı və dəyəri.

3. Meşə təsərrüfatı müəssisələrində aparılan statistik hesabat ayrı-ayrı meşəbəyiliklər üzrə təsdiq edilmiş proqnoz və tapşırıqlara uyğun olaraq faktiki görülmüş meşə təsərrüfatı tədbirlərinin iş naryadları, meşəqırma bileti, order və meşə bileti, yaz, payız, qəfləti, növbəti, təhvil-təslim və sair yoxlama sənədləri əsasında hazırlanır.

Meşə təsərrüfatı müəssisələri meşəbəyiliklər üzrə təqdim olunmuş ayrı-ayrı hesabatları təhlil edir, dürüstlüyünü yoxlayır və yekunlaşdırılmış statistik hesabatı müəyyən edilmiş vaxtlarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli statistika orqanlarına təqdim edir.

4. Meşə təsərrüfatı müəssisələri təqdim etdikləri statistik hesabatın dürüstlüyünə cavabdehdirlər.

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə təsərrüfatı müəssisələrindən aldığı statistik hesabatı təsdiq edilmiş proqnoz və tapşırıqlarla üzləşdirir, təhlil edir və yekun sənədləri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müəyyən olunmuş vaxtlarda təqdim edir.

Tərtib edilmiş ilkin statistik hesabat meşə təsərrüfatı müəssisəsinin fəaliyyətinin səciyyələndirilməsində istifadə olunur.

6. Meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilir və bu zaman onun təqdim edilmə dövriliyi, vaxtı, həcmi və forması müəyyənləşdirilir.

1. Bu Qayda meşə fondunda baş vermiş yanğınların söndürülməsində fiziki və hüquqi şəxslərin cəlb edilməsini tənzimləyir.

2. Meşə yanğını baş verdikdə meşə təsərrüfatı müəssisəsi təcili olaraq rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyasına (bundan sonra Komissiya adlanacaq), Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xəbər verir.

3. Meşə yanğınlarının söndürülməsinə meşə təsərrüfatı müəssisənin könüllü yanğın mühafizə dəstələri, Komissiyanın və Fövqəladə Hallar Nazirliyinin tapşırığına əsasən dövlət yanğın təhlükəsizliyi xidməti, əhali, nəqliyyat, rabitə vasitələri, çaparlar və digər qüvvələr cəlb edilirlər.

4. Komissiya və Fövqəladə Hallar Nazirliyi meşə yanğının əhatə etdiyi ərazinin böyüklüyündən, yanğının növündən, meteoroloji və sair amillərdən asılı olaraq, onun tez müddətdə söndürülməsi üçün operativ tədbirləri müəyyənləşdirir, Azərbaycan Respublikası Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına və aidiyyəti nazirlik, komitə, idarə və təşkilatlara məlumat verir. Operativ tədbirləri hazırlamaq üçün aşağıdakı məsələlər dəqiqləşdirilir:

yanğın söndürülməsinə cəlb ediləcək fiziki və hüquqi şəxslərin sayı və onlara radio, telefon və çaparlar vasitəsilə xəbərdarlıq olunmasının təşkili;

yanğın baş vermiş əraziyə göndərilmək üçün bölgələrdə yanğınsöndürücü alət və vasitələrin miqdarı və vəziyyəti;

təbii və süni su ehtiyatlarının mövcudluğu;

rabitə vasitələri ilə təminat;

yanğın yerlərində nəqliyyat yolları, relyef və torpaq örtüyü barədə məlumat;

hüquqi və fiziki şəxslərin yanğın yerinə çatdırılması üçün nəqliyyat vasitələrinin təşkili;

tibbi və iaşə xidmətinin təşkili.

5. Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının yaşayış məntəqələrində və digər obyektlərdə yayılma təhlükəsi olan sahələri nəzarətdə saxlayır, yayılma dərəcəsindən asılı olaraq yanğının kəşfiyyatını təşkil edir və baş vermiş yanğınların daha geniş yayılması təhlükəsi olan hallarda əlavə qüvvələri, aviasiya vasitələrini və qonşu rayonların (şəhərlərin) dövlət yanğın təhlükəsizliyi xidmətlərini, mülki müdafiə dəstələrini, yerli radio qovşağı, telefon və digər rabitə vasitələri ilə elan etdirməklə meşə yanğınlarının söndürülməsinə cəlb edir.

Digər fiziki və hüquqi şəxslər meşə yanğınlarının söndürülməsinə Fövqəladə Hallar Nazirliyi tərəfindən könüllü cəlb edilir.

6. Meşə yanğınlarının söndürülməsi üçün cəlb edilmiş fiziki və hüquqi şəxslərə tibbi xidmət göstərilməsi məqsədi ilə təcili yardımın, səhiyyə işçilərinin, nəqliyyat vasitələrinin, yanğınsöndürən avadanlıqların yanğın yerinə göndərilməsi müvafiq idarə, müəssisə və təşkilatların rəhbərliyi tərəfindən həyata keçirilir.

7. Meşə yanğını baş verən ərazilərdə rabitə vasitələrindən, nəqliyyatdan və yanğınsöndürən avadanlıqlardan növbədənkənar istifadə edilir.

8. Meşə yanğınlarının söndürülməsinə cəlb olunan fiziki və hüquqi şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

13 aprel 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver