Qanunvericilik › Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.05.1999) › Tam mətn

Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.05.1999)

Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.05.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarının 3-cü bəndi və “Meşələrin qorunub saxlanılması və təkrar istehsalı” Respublika fondunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 may tarixli 199 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 21 may 1999-cu il

1. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu (bundan sonra Fond adlandırılır) Azərbaycan Respublikası meşələrinin bərpasının, mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə yaradılmışdır və onun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və digər vəsaitlərdən ibarətdir.

2. Meşə gəlirinin tərkibinə aşağıdakılar daxil olunur:

müqavilə ilə istifadəyə verilmiş meşə ehtiyatlarına görə alınan vəsait (oduncaq tədarükü istisna olunmaqla);

meşəqırma bileti və order əsasında köküstə buraxılan oduncağa, habelə istifadə üçün yararlı olan, külək və tufan yıxan oduncağa, ikinci dərəcəli meşə ehtiyatlarının tədarükünə görə alınan vəsait;

meşədən əlavə istifadəyə görə daxil olan məbləğlər;

respublika meşələrində müsadirə (sekvestr) edilmiş, habelə sahibi məlum olmayan oduncağın, meşə materiallarının, ikinci dərəcəli meşə ehtiyatlarının, meşədən əlavə istifadəyə görə tədarük edilmiş məhsulların satışından daxil olan vəsait;

oduncağın və ikinci dərəcəli meşə ehtiyatlarının tədarükü və daşınma müddətinin uzadılmasına, habelə meşə gəlirinin vaxtında ödənilməməsi üçün hesablanan peniyalar;

Azərbaycan Respublikasının meşələrində köküstü oduncaq buraxılışı qaydalarının pozulmasına görə ödənilən cərimələr;

meşə qanunvericiliyinin pozulmasına görə meşə fonduna dəyən ziyanın hüquqi və fiziki şəxslər tərəfindən ödənilən məbləğlər;

meşə fondu torpaqlarının birdəfəlik kənarlaşdırılması ilə bağlı olan ödəmələr;

meşə təsərrüfatına dəyən zərər və itkilərə görə ödəmələr;

3. Fondun vəsaitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən aşağıdakı istiqamətlərə sərf olunur:

meşələrin mühafizəsinə və qorunmasına;

meşələrin bərpasına və meşəsalma işlərinə;

ərazinin ekoloji cəhətdən sağlamlaşdırılmasına;

meşələrin monitorinqinə, meşə təsərrüfatı sahəsində aparılan elmi-tədqiqat və layihə axtarış işlərinə (meşə quruluşu, torpaqların inventarizasiyası, meşə fondunun uçotu);

turizm və rekreasiya xidməti üçün sahələrin yaradılmasına, bu sahənin inkişafına sərf olunan digər xərclərə;

meşə təsərrüfatının idarə edilməsi və aparılması ilə bağlı olan tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən qanunvericilikdə nəzərdə tutulan qaydada əlavə əmək haqqının və mükafatların verilməsinə;

meşələrin bərpasının, mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin maliyyələşdirilməsinə;

meşə təsərrüfatının inkişafı proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə.

4. Fondun maliyyə vəsaitləri müvafiq rayonlarda fəaliyyət göstərən meşə təsərrüfatı müəssisələri tərəfindən əldə edilir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qayda üzrə yerli xəzinədarlıq orqanlarında açılmış cari hesablara toplanılır.

Fonda toplanmış vəsaitin sərf edilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

5. Respublika meşələrinin ərazi üzrə bərabər paylanmadığını və bununla əlaqədar meşə təsərrüfatları tərəfindən əldə olunan vəsaitin Fondda rayonlar üzrə kəskin fərqləndiyini nəzərə alaraq və əldə olunan vəsaitləri daha səmərəli istifadə etmək məqsədilə Fond daxilində onların bir qismi mərkəzləşdirilmiş qaydada bölüşdürülə bilər. Bu bölüşdürmə Fonda toplanan vəsaitin məbləğindən və meşə təsərrüfatı istehsalı (büdcə fəaliyyəti) üzrə olan xərclərdən asılı olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən olunmuş normativlər əsasında həyata keçirilir.

6. Fond daxilində mərkəzləşdirilmiş qaydada maliyyə əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ona xidmət edən xəzinədarlıq orqanlarında Fond üzrə cari hesabı açılır.

7. Fondun vəsaitlərinin formalaşdırılması və sərf edilməsi üzərində nəzarət müvafiq qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

8. Fondun vəsaitlərinin formalaşdırılması və istifadə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.

9. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.

1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

2. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)

3. 17 mart 2026-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 18 mart 2026-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 284)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver