“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 19 sentyabr 2019-cu il
1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müəyyən edir.
1.2. Məşğul şəxslər barədə reyestrin (bundan sonra – reyestr) formalaşdırılması, aparılması və digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
1.3. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.
1.4. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təmin edilir.
2.1. Məşğul şəxslərə dair məlumatlar reyestrə Qanunun 4.4-cü maddəsinə uyğun olaraq aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:
2.1.1. muzdla işləyənlərə münasibətdə:
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qaydanın 2.1.1-ci yarımbəndinin 2-ci abzasında göstərilən şəxslər istisna olmaqla) barədə - Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) məlumatları əsasında;
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq MEİS-in məlumatları əsasında;
2.1.2. sahibkarlar, sərbəst mediatorlar, vəkillər mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq MEİS-in məlumatları əsasında;
2.1.3. ailə kəndli təsərrüfatının üzvləri barədə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq MEİS-in məlumatları və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminə yerli özünüidarəetmə orqanlarının ailə kəndli təsərrüfatı üzvləri barədə daxil etdiyi məlumatlar əsasında;
2.1.4. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminin məlumatları əsasında;
2.1.5. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin apardığı elektron informasiya sistemlərinin məlumatları əsasında;
2.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatlar əsasında;
2.1.7. xüsusi notariuslar barədə - notariusun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindəki şəxsi elektron kabinetində yerləşdirilmiş məlumatlar əsasında.
2.2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarına dair məlumatları əldə edildiyi gündən ən geci 1 (bir) ay müddətində MEİS-ə elektron formada təqdim etməlidir.
2.3. Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.
3.1. Qanunun 4.2-ci maddəsinə əsasən Nazirlik reyestri yaratmaq məqsədilə MEİS-də bu Qaydanın 2-ci hissəsində göstərilən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə reyestri elektron formada aparır.
3.2. Nazirlik reyestri “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun formada aparır.
3.3. Nazirlik reyestrdə dəyişiklikləri müvafiq qeydlər edilməklə aparır, belə qeydlərin edilməsinə əsas olan sənədləri isə müvafiq sənədlər qovluğuna daxil edir və arxivləşdirilmənin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin edir.
3.4. Dövlət orqanları və digər qurumlar reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişiklikləri bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq yeniləməlidirlər.
3.5. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.
3.6. Reyestr vahid forma, metod və prinsiplər əsasında aparılır.
4.1. Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər Nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər.
4.2. Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.
4.3. Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində Nazirlik tərəfindən verilməlidir.
1. 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873)
2. 17 mart 2023-cü il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 mart 2023-cü il, “Xalq” qəzeti, 19 mart 2023-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 435)
3. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)
4. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)