Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İşədüzəltmədə vasitəçilik fəaliyyəti

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti (bundan sonra - işədüzəltmədə vasitəçilik fəaliyyəti) yalnız hüquqi şəxslər tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

14.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparır.

14.3. İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

14.4. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.

14.5. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.

14.6. Bu Qanunun 14-cü maddəsinin tələblərini pozmaqla işədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver