Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. İşəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

25.2. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

25.3. Sosial iş yerlərində 6 (altı) aydan az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əmək müqaviləsinin müddətinin yarısı qədər, lakin 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.

25.4. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.

25.5. Sosial iş yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük verilir.

25.6. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 30 sosial iş yerindən çox olmamalıdır.

25.7. Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizdən çox fərqlənə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver