4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir:
4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları;
4.1.9. xüsusi notariuslar, xüsusi icra məmurları, sərbəst mediatorlar və vəkillər.
4.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə məşğul şəxslərin reyestrini elektron formada aparır.
4.3. Məşğul şəxslərin reyestrində bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
4.4. Bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə “Fərdi məlumatlar”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun olaraq, aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:
4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə:
4.4.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qanunun 4.4.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.2. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.9-cu maddəsində göstərilən xüsusi icra məmurları, sərbəst mediatorlar və vəkillər, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.3. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminə yerli özünüidarəetmə orqanlarının ailə kəndli təsərrüfatı üzvləri barədə daxil etdiyi məlumatlar əsasında;
4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminin məlumatları əsasında;
4.4.8. bu Qanunun 4.1.6-cı maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.10. bu Qanunun 4.1.8-ci maddəsinə göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatlar əsasında;
4.4.11. bu Qanunun 4.1.9-cu maddəsində göstərilən xüsusi notariuslar barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Elektron notariat” informasiya sisteminin məlumatları əsasında.
4.7. Bu Qanunun 4.4.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.1.8-ci maddəsində nəzərdə tutulmuş məşğul şəxslərə dair məlumatları əldə edildiyi gündən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada təqdim etməlidir.
4.8. Bu Qanunun 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci maddələrində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.
4.9. Bu Qanunun 4.7-ci və 4.8-ci maddələrinin tələblərini pozan dövlət və yerli özünüidarəetmə orqanları qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.