Qanunvericilik › “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 08.08.2019) › Tam mətn

“Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 08.08.2019)

“Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 08.08.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 8 avqust 2019-cu il

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (bundan sonra – işəgötürənlər) tərəfindən əhalinin məşğulluğu sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.

1.3. Məşğulluq sahəsində nəzarət həmkarlar ittifaqlarının iştirakı ilə həyata keçirilir.

2.1. Məşğulluq sahəsində nəzarət aşağıdakı formalarda həyata keçirilir:

2.1.1. plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar;

2.2. Məşğulluq sahəsində nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

2.2.1. məşğul şəxslərin reyestrinə məşğul şəxslər barədə məlumatların daxil edilməsi;

2.2.2. işəgötürənlər tərəfindən Agentliyin göndərişi əsasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi;

2.2.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatın reyestrə daxil edilməsi;

2.2.4. işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların Agentliyə təqdim edilməsi;

2.2.5. işəgötürənlər tərəfindən Agentliyin göndərişinin təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın qəbul edilərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nə (bundan sonra – MEİS) daxil edilməsi;

2.2.6. işəgötürənlər tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilərin peşəsi, ixtisası və əməkhaqqının məbləği göstərilməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Agentliyə rəsmi məlumatın verilməsi;

2.2.7. işəgötürənlər tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə, bu barədə məlumatların MEİS-ə daxil edilməsi.

3.1. Plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

3.2. Məşğulluq sahəsində monitorinq bu sahədə məlumatların toplanmasından, öyrənilməsindən və monitorinqin nəticələri üzrə tədbirlərin görülməsindən ibarətdir.

3.3. Monitorinq aşağıdakı qaydada həyata keçirilir:

3.3.1. məşğulluğa dair toplanılan məlumatlar təhlil edilir və öyrənilir;

3.3.2. monitorinqin nəticələri əsasında Agentlik tərəfindən məşğulluq sahəsində vəziyyət barədə rübdə bir dəfə hesabat hazırlanır;

3.3.3. monitorinqin nəticələri üzrə tədbirlər hazırlanır və həyata keçirilir.

3.4. Monitorinq zamanı aşkar edilmiş hüquq pozuntuları müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir.

1. 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277)

2. 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873)

3. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

4. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver