1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. mikro, kiçik və orta sahibkarlıq subyektləri – “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid edilmiş kommersiya hüquqi şəxsləri və fərdi sahibkarlar;
1.1.2. səlahiyyətli qurum – mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xidmətləri göstərən, dövlət orqanlarının (qurumlarının) və özəl qurumların mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin əlaqələndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri –mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid edilən hüquqi şəxslər və fərdi sahibkarlar, dövlət tərəfindən onlara göstərilən xidmətlər və dəstək tədbirləri, onların fəaliyyətinin qiymətləndirilmə nəticələri haqqında elektron məlumatlar toplusu;
1.1.4. mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar – mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı, onların investisiya və innovasiya fəallığının artırılması, istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlarda yayılması sahəsində fəaliyyət göstərən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri;
1.1.5. biznes inkubatoru - mülkiyyətində, yaxud istifadəsində malların istehsalı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üçün xüsusi təchiz edilmiş sahələri və müvafiq əmlakı olan, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlərin ilkin inkişaf dövründə bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan inkubasiya xidmətlərini göstərməklə dəstəklənməsini təmin edən hüquqi şəxs.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.