Qanunvericilik › Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.03.2000) › Tam mətn

Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.03.2000)

Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.03.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə;

Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası;

Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar;

Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydası;

Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 6 mart 2000-ci il

1.1. Bu Əsasnamə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının birinci bəndinə uyğun olaraq hazırlanmışdır.

1.2. Azərbaycan Respublikası Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları bu Əsasnamə ilə müəyyən edilir.

2.1. Milli arxiv fondunun komplektləşdirilməsi dedikdə, onun müntəzəm surətdə ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni və ya tarixi əhəmiyyəti olan arxiv sənədləri ilə tamamlanması nəzərdə tutulur.

2.2. Milli arxiv fondunun komplektləşdirilməsinin elmi əsaslarını sənədlərin təsnifat prinsiplərinin, onların komplektləşdirmə mənbələrinin və ekspertizasının kriteriyə və prinsiplərinin müəyyənləşdirilməsi təşkil edir.

2.3. Milli arxiv fondunun komplektləşdirilməsinə rəhbərlik və nəzarət bilavasitə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (bundan sonra - Milli Arxiv İdarəsi) tərəfindən həyata keçirilir.

2.4. Milli arxiv fondunun komplektləşdirilməsi işinə aşağıdakı proseslər daxildir:

- mənbələrin müəyyən edilməsi;

- daimi mühafizə ediləcək arxiv sənədlərin tərkibinin öyrənilməsi;

- arxiv sənədlərin daimi mühafizə üçün dövlət və qeyri-dövlət arxivləri arasında bölüşdürülməsi.

2.5. Milli arxiv fondunun komplektləşdirilməsi mənbələri ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni, yaxud tarixi əhəmiyyəti olan arxiv sənədlərin yarandığı dövlət və qeyri-dövlət idarə, təşkilat, müəssisələri və ayrı-ayrı şəxslərdir.

2.6. Milli arxiv fondunun komplektləşdirilməsi mənbələri müəyyənləşdirilərkən aşağıdakı əsas meyarlar nəzərə alınmalıdır:

- sənədlərin ali hakimiyyət və idarəçilik sistemində, habelə sahə idarəçilik sistemində yeri və əhəmiyyəti;

- idarənin fəaliyyətinin yuxarı idarə orqanları sənədlərində əks olunması dərəcəsi;

- sənədlərin dövlət arxiv xidməti təşkilatlarının profilinə uyğunluğu.

Sənədlərinin Milli arxiv fonduna daxil edilməsi məqsədəuyğun sayılan şəxslər ilk növbədə elm, mədəniyyət və ictimai həyatın müxtəlif sahələrinin inkişafındakı rolu və tarixi əhəmiyyəti nəzərə alınmaqla müəyyən edilir.

2.7. Milli arxiv fondunun komplektləşdirilməsi dövlət arxiv xidməti təşkilatlarının komplektləşdirilməsi mənbəyi sayılan idarələrin (şəxslərin) siyahılarına müvafiq olaraq həyata keçirilir.

Komplektləşdirmə mənbələrinin siyahıları dövlət arxiv xidməti təşkilatları tərəfindən hazırlanır və Milli Arxiv İdarəsi tərəfindən baxılaraq təsdiq olunur.

2.8. Milli arxiv fondunun sənədləri bir dövlət arxiv xidməti təşkilatından digər dövlət arxiv xidməti təşkilatına yalnız Milli Arxiv İdarəsinin razılığı ilə verilə bilər.

2.9. Muzeylərin və kitabxanaların, dini icmaların və ictimai təşkilatların arxivlərinin Milli arxiv fondunun dövlətə məxsus hissəsinin sənədləri ilə komplektləşdirilməsi qadağandır.

2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq müvafiq dövlət arxiv xidməti təşkilatlarına təhvil verilir.

2.11. Azərbaycan Respublikası prokurorluq orqanlarının, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin arxiv fondlarının daimi mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir.

Geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, metrologiya və hidrometeorologiya üzrə dövlət orqanlarının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının və Azərbaycan Milli Elmlər Akademiyasının arxiv sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə həmin təşkilatlarda daimi mühafizə olunur. Həmin təşkilatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi Forması”na uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə Milli Arxiv İdarəsinə hər il üçün növbəti il yanvar ayının 25-dək məlumat verməlidirlər. Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.

2.12. Milli arxiv fondunun dövlətə məxsus hissəsi şəxsi mənşəli arxiv sənədləri ilə bağışlama və ya vəsiyyətlə təmənnasız, yaxud satınalma yolu ilə, habelə arxiv sənədinin sahibinin olmaması, yaxud baxımsız qalmasını təsdiq edən məhkəmə və ya notarial orqanların qərarları əsasında əldə olunan arxiv sənədləri ilə komplektləşdirilə bilər.

3.1. Milli arxiv fondu sənədlərinin mühafizəsini təmin etmək üçün aşağıdakı tədbirlər kompleksi həyata keçirilməlidir:

- arxiv sənədlərin mühafizəsi üçün optimal şərait yaratmaq;

- arxiv sənədləri mühafizəxanalarda yerləşdirmək və onlar üçün topoqrafik göstəricilər hazırlamaq;

- işlərin mühafizəxanalardan verilməsi qaydalarına ciddi əməl etmək;

- işlərin mövcudluğu və fiziki vəziyyətlərini yoxlamaq;

- xüsusi qiymətli arxiv sənədləri üçün sığorta və istifadə fondu yaratmaq;

- arxiv sənədlərin fiziki-kimyəvi və bioloji mühafizəsini təmin etmək.

3.2. Arxiv sənədlərinin mühafizəsi üçün optimal şərait yaratmaq məqsədi ilə:

- yeni arxiv binaları tikmək, yaxud köhnə binaları yenidən qurmaq və təmir etmək;

- arxiv sənədləri mühafizə edilən mühafizəxanaları yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz etmək;

- mühafizəxanalarda optimal temperatur (rütubət), sanitar-gigiyena rejimi yaradan texniki vasitələrdən istifadə etmək;

- arxiv sənədlərin mühafizə edilməsi üçün xüsusi vasitələrdən (qəfəslərdən, rəflərdən, seyflərdən, qutulardan, qovluqlardan və s.) istifadə etmək.

3.3. Milli arxiv fondu üçün xüsusi binalar tikilməlidir və ya başqa binalar arxiv üçün uyğunlaşdırılmalıdır. Bu zaman arxiv sənədlərin qəbulu və mühafizəsi, elmi məlumat aparatı və qeydiyyat sənədlərinin yerləşdirilməsi, arxiv sənədlərin mikro və foto surətlərinin çıxarılması, bərpası, cildlənməsi, çoxaldılması üçün laboratoriya, işçilər üçün otaqlar, arxiv sənədlərdən istifadə üçün oxu zalı, sərgi zalları və s. nəzərdə tutulmalıdır.

3.4. Mülkiyyət formasından asılı olmayaraq, Milli arxiv fonduna daxil olan sənədlər, onların mühafizəsini, üzərində nəzarəti təmin etmək və miqdarı haqqında lazımi məlumat almaq məqsədi ilə onlar Milli Arxiv İdarəsi tərəfindən dövlət qeydiyyatına götürülürlər.

4.1. Dövlət arxiv xidməti təşkilatlarında mühafizə edilən Milli arxiv fondu sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir.

4.2. Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər dövlət arxiv xidməti təşkilatlarında mühafizə edilən Milli arxiv fondunun dövlətə məxsus hissəsindən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq, dövlət arxivlərində saxlanılan sənədlərdən istifadə qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Milli arxiv fondunun qeyri-dövlət hissəsinin sənədlərindən mövcud qanunvericiliyin pozulmaması şərti ilə onların mülkiyyətçilərinin müəyyən etdiyi qaydalarla istifadə olunur.

4.4. Dövlət arxiv xidməti təşkilatları onlarda mühafizə edilən arxiv sənədləri əsasında idarə, təşkilat və müəssisələrə arxiv sənədlərin surətini və ya arxiv sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud arxiv sənədlərdən çıxarışları verir.

4.5. Dövlət arxiv xidməti təşkilatları onlarda mühafizə edilən arxiv sənədləri əsasında hüquqi və fiziki şəxslərin sorğularına cavab verir, sərgilər təşkil edir, media subyektləri üçün materiallar hazırlayır, arxiv sənədləri və sənəd kolleksiyaları əsasında sənəd külliyyatları hazırlayaraq nəşr etdirir və arxiv sənədlərdən istifadə sahəsində digər tədbirləri həyata keçirir.

4.6. Dövlət arxiv xidməti təşkilatlarından arxiv sənədləri yalnız müstəsna hallarda müvəqqəti istifadə üçün idarə, təşkilat və müəssisələrin yazılı sorğusu əsasında verilə bilər. Həmin işlərin qəbulu və geri qaytarılması müddəti mütləq müvafiq aktlarla rəsmiləşdirilir.

Şəxsi arxiv sənədləri müvəqqəti istifadə üçün yalnız onların sahibinin yaxud varislərinin icazəsi ilə verilə bilər.

4.7. Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir.

Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə uzadıla bilər.

4.8. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, hüquqi və fiziki şəxslər dövlət arxiv xidməti təşkilatlarının oxu zallarında Milli arxiv fondunun dövlətə məxsus hissəsinin sənədlərindən və onlara aid elmi məlumat aparatından istifadə edə bilərlər.

Milli arxiv fondunun qeyri-dövlət hissəsinin sənədlərindən isə onların mülkiyyətçilərinin razılığı ilə istifadə edilə bilər.

4.9. Dövlət arxiv xidməti təşkilatları sosial-hüquqi xarakterli sorğuların icrasından başqa vətəndaşların arxiv sənədləri əsasında sorğularını yerinə yetirməyə borclu deyildir. Arxivlər vətəndaşlara yalnız onları maraqlandıran məlumatların mühafizə edildiyi müvafiq arxiv fondlarının yerləri haqqında məlumat verir və arxiv sənədlərdən istifadə qaydaların izah edir.

4.10. Arxiv sənədlərindən (siyasi, iqtisadi, elmi və sosial-mədəni məqsədlərlə) istifadə üçün dövlət arxiv xidməti təşkilatlarında oxu zalları fəaliyyət göstərir.

Tədqiqatçıların dövlət arxiv xidməti təşkilatlarının oxu zallarında arxiv sənədlərdən və onlar üçün elmi məlumat aparatından istifadə qaydaları Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları oxu zallarının iş qaydaları ilə müəyyən olunur.

4.11. Milli arxiv fondu sənədlərindən istifadə qaydalarının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.

1. Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarını məhv edilməsi qaydalarını müəyyən edir.

2. Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi işi mövcud prinsip və meyarlar əsasında sənədlərin elmi və əməli dəyərinin ekspertizası nəticəsində müəyyən olunur.

3. Azərbaycan Respublikası ərazisində sənədlərin elmi və əməli dəyərinin ekspertizası işi bilavasitə idarələrin kargüzarlığında, idarə arxivlərində və dövlət arxiv xidməti təşkilatlarında həyata keçirilir.

4. Dövlət və qeyri-dövlət idarə, təşkilat, müəssisələrində arxiv sənədlərinin ekspertizasını həyata keçirmək, onların elmi-əməli əhəmiyyəti olanlarını daimi mühafizə edilmək məqsədi ilə dövlət arxiv xidməti təşkilatlarına vermək, elmi-əməli əhəmiyyəti olmayanlarını isə məhv etmək üçün seçib ayırmaq və bu işləri rəsmiləşdirmək məqsədi ilə həmin qurumlarda daimi fəaliyyət göstərən Ekspert Komissiyaları (EK), tərkibində geniş təşkilat şəbəkəsi olan nazirlik, komitə, şirkət, konsern və birliklərdə isə arxiv sənədlərinin ekspertizasını həyata keçirmək, habelə tabe təşkilatlarda ekspert işinə rəhbərlik və metodiki köməklik göstərmək məqsədi ilə daimi fəaliyyət göstərən Mərkəzi Ekspert Komissiyası (MEK) yaradılır.

5. Nazirlik, komitə, şirkət, konsern, birlik, idarə, təşkilat və müəssisələrdə MEK (EK) işlərini tənzimləmək və onlara nəzarət etmək üçün dövlət arxiv xidməti təşkilatlarında Ekspert-Yoxlama Komissiyaları (EYK) yaradılır.

6. Milli arxiv fondunun komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, onlardakı sənədlərin tərkib və dəyərinin ekspertizası və dövlət mühafizəsinə qəbul üçün seçilməsi, habelə dövlət arxiv xidməti təşkilatlarının EYK-nın fəaliyyətinə metodiki rəhbərlik və nəzarət işini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində (bundan sonra - Milli Arxiv İdarəsi) yaradılmış, arxiv işçiləri və müvafiq sahə mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən Mərkəzi Ekspert-Yoxlama Komissiyası həyata keçirir.

7. MEK və EK arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi məsələlərinə baxarkən Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş dövlət orqanlarının və qurumlarının, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısına və ya Milli Arxiv İdarəsi ilə razılaşdırılmaqla onların özləri tərəfindən təsdiq edilmiş sahə siyahısına əsaslanırlar.

8. İdarə, təşkilat və müəssisələrin struktur hissələri kargüzarlıq sahəsində qurtarmış işləri idarə arxivlərinə təhvil verir. İdarə arxivlərində daimi mühafizə edilmək üçün dövlət arxiv xidməti təşkilatlarına verilməli olan və idarə arxivində mühafizə ediləcək işçi heyətə aid olan işlərin ayrı-ayrılıqda siyahısı tutulur. Əməli əhəmiyyətini itirmiş sənədlər məhv edilmək üçün ayrılır, bu zaman onlar haqqında “İdarə arxivlərinin əsas iş qaydaları”nda müəyyən edilmiş forma üzrə akt tərkib olunur.

9. MEK (EK) idarənin daimi mühafizə edilmək üçün dövlət arxiv xidməti təşkilatlarına veriləcək işlərinin siyahısını və işçi heyətə aid idarənin arxivlərində daimi mühafizə ediləcək işlərin siyahısını hər il nəzərdən keçirir və həmin siyahıları arxiv sənədləri mühafizə ediləcək dövlət arxivinin EYK-ya təqdim etmək haqqında qərar çıxarır. MEK (EK)-in qərarı idarənin rəhbərliyi tərəfindən təsdiq edilir.

10. İdarə arxivləri daimi mühafizə üçün dövlət arxiv xidməti təşkilatlarına verilməli olan işlərin siyahısını iki nüsxədə təsdiq üçün onları qəbul edəcək dövlət arxiv xidməti təşkilatlarına göndərir. Təsdiq edildikdən sonra həmin siyahıların bir nüsxəsi nəzarət üçün dövlət arxiv xidməti təşkilatında saxlanılır, ikinci nüsxəsi isə idarənin arxivinə qaytarılır. Dövlət arxiv xidməti təşkilatına daimi mühafizə ediləcək işlərin siyahısı ilə yanaşı, nəzarət üçün işçi heyətə aid işlərin siyahısı və əməli əhəmiyyətini itirmiş arxiv sənədlərinin saxlanılma müddətləri də göstərilməklə, məhv edilmək üçün bu Qaydanın 8-ci hissəsində göstərilən forma üzrə tərtib olunmuş ayırma aktları da təqdim edilir.

11. Əməli əhəmiyyətini itirmiş arxiv sənədləri məhv etmək haqqında aktları idarənin MEK (EK) komissiyasının sədri və üzvləri imzalayır və idarə rəhbəri tərəfindən təsdiq olunur. Akt müvafiq dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilə və ya təkrar xammal emalı müəssisələrinə verilə bilər.

12. İdarə arxivlərindən daimi mühafizə üçün dövlət arxiv xidməti təşkilatlarına veriləcək işlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməlidir.

Dövlət orqanı (qurumu) ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, həmin dövlət orqanının (qurumunun) arxiv fondları “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna təhvil verilir.

13. Elmi-əməli dəyəri olmayan arxiv sənədlərin Milli arxiv fondunun tərkibindən çıxarılması və məhv edilməsi işi bilavasitə idarənin kargüzarlığında və idarə arxivlərində aparılır. Dövlət arxiv xidməti təşkilatlarına isə elmi-ədəbi cəhətdən daimi mühafizə edilməli olan işlər qəbul edilir. İdarələrdən arxiv sənədləri dövlət arxivinə həmin dövlət arxivinin ekspert-yoxlama komissiyasının təsdiq etdiyi siyahılar üzrə qəbul olunur. Arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına qəbulu iki nüsxədə tərtib olunan təhvil-qəbul aktı ilə rəsmiləşdirilir.

14. Dövlət arxivlərində arxiv sənədlərin ekspertizası nadir hallarda, dəyəri olmayan, dublet, ümumiləşdirilmiş arxiv sənədləri çox olduqda fondda (fondlarda) aparılır. Dövlət arxivlərində ekspertiza bir qayda olaraq kompleks şəkildə, yəni bir sistemin yuxarı və tabe təşkilatlarının fonları üzrə onların fəaliyyətinin müəyyən bir dövrü üzrə aparılır.

Dövlət arxivlərində arxiv fondlarındakı işlər yenidən siyahıya alınarkən və ya onların siyahıları yenidən işlənərkən dublet arxiv sənədləri hesabına da ekspertiza keçirilə bilər.

Dövlət arxivlərində arxiv sənədi zədələndikdə (yanğın, təbii fəlakət və s. nəticəsində) və onun bərpası qeyri-mümkün olduqda, məhv etmək üçün ayrıla bilər. Bu cür arxiv sənədləri “Saxlanılması mümkün olmayan, yaxud dəyərsiz arxiv sənədləri məhv etmək üçün ayırma aktı” ilə rəsmiləşdirilir, baxılmaq və təsdiq edilmək üçün Milli Arxiv İdarəsinin Mərkəzi Ekspert-Yoxlama Komissiyasına göndərilir. Həmin aktlar MEYK tərəfindən təsdiq edildikdən sonra orada göstərilən işlər və arxiv sənədləri məhv edilə bilər.

15. Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.

1. Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mühafizəsi qaydalarını müəyyən edir.

2. Dövlət mülkiyyətində olmayan arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir.

3. Qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin, habelə ayrı-ayrı fiziki şəxslərin fəaliyyəti nəticəsində yaranan arxiv fondları və arxiv sənəldəri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir və həmin təşkilatların və ya şəxslərin mülkiyyətidir.

4. Qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir.

5. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini mühafizə etmək üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir.

6. Qeyri-dövlət idarə, təşkilat və müəssisələrində arxiv üçün ayrılmış binalar və ya otaqlar arxiv sənədlərinin mühafizəsi üçün xüsusi avadanlıqlarla (qəfəslərlə, rəflərlə, seyflərlə, qutularla, qovluqlarla və s.) təmin olunmalıdır.

7. Arxiv sənədlərinin mühafizə olunduğu binalar və ya otaqlar yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilməlidir. Arxiv sənədlərinin mühafizə olunduğu mühafizəxanalarda optimal temperatur (rütubət) və sanitar-gigiyena rejimi yaradan texniki vasitələrdən istifadə olunmalıdır.

8. Dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz.

9. Qeyri-dövlət təşkilatlarının arxiv fondları və arxiv sənədlərinin Milli arxiv fonduna aid edilməsi həmin sənədlərin dəyərinin ekspertizasından sonra Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları ilə sənədlərin sahibləri arasında bağlanan müqavilə əsasında müəyyən olunur.

10. Qeyri-dövlət təşkilatları onlar üçün yeni qaydalar və normativ aktlar hazırlanana qədər arxiv sənədlərin seçilməsi, qaydaya salınması və mühafizəsi üçün normativ və normativ-metodiki mənbə kimi dövlət və idarə arxivləri üçün qüvvədə olan əsas iş qaydalarından, təlimatlardan, saxlanılma müddətləri də göstərməklə nazirlik, dövlət komitələri, idarə, təşkilat, müəssisələrində yaranan arxiv sənədləri üçün nümunəvi siyahılardan və sairədən istifadə edə bilərlər.

11. Azərbaycan Respublikası Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyətçiləri öz fondları və arxiv sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin və ya müvafiq dövlət arxiv xidməti təşkilatlarının sorğusu əsasında məlumat verməyə borcludurlar.

12. Milli arxiv fondunun qeyri-dövlət hissəsi mülkiyyətçilərinin xahişi ilə Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları onların arxivlərinin komplektləşdirilməsi, mühafizəsi və istifadəsi işinə qanunvericiliyə uyğun olaraq metodiki köməklik göstərə bilərlər.

13. Azərbaycan Respublikası Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyətçisi öz arxiv sənədlərini dövlət arxiv xidməti təşkilatlarında mühafizə etmək üçün dövlət mülkiyyətinə verə bilər. Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyət hüququnun dövlətə verilməsi dövlət arxiv xidməti təşkilatı ilə mülkiyyətçi arasında müqavilə əsasında rəsmiləşdirilir və lazım gələrsə, orada arxiv sənədlərinin mühafizəsi və istifadəsi şərtləri də göstərilir.

14. Fiziki şəxs vəfat etdikdə, onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, hüquqi şəxs yenidən təşkil edildikdə isə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun hüquqi varisinə keçir. Hüquqi şəxs ləğv edildikdə və ya vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda, onların arxiv sənədləri üzərində mülkiyyət hüququ dövlətə keçir.

Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan arxiv sənədləri üzərində mülkiyyət hüququ digər şəxslərə keçdikdə, bu barədə məlumat fiziki şəxsin vərəsəsi tərəfindən vəfat etmiş fiziki şəxsin yaşayış yeri üzrə, hüquqi şəxsin hüquqi varisi tərəfindən isə yenidən təşkil edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mülkiyyət hüququnu əldə etdiyi andan 30 (otuz) gün müddətində verilməlidir. Hüquqi şəxs ləğv edildikdə, onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyası özünün və həmin hüquqi şəxsin arxiv sənədlərinin ləğv edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mühafizəyə verilməsini təmin etməli və təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatından Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən müəyyən edilmiş formaya uyğun arayış almalıdır. Dövlət arxiv xidməti təşkilatı həmin arayışı arxiv sənədlərinin təhvil verildiyi gün verməlidir.

15. Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mühafizəsini müvəqqəti, həmçinin depozitar qaydasında həyata keçirə bilər. Bu cür hallarda sənədlərin dövlət mühafizəsinə verilməsi qaydası və şərtləri həmin sənədlərin sahibləri ilə dövlət arxivi arasında bağlanan sazişlə (müqavilə ilə) müəyyən olunur.

16. Bu Qaydaların pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.

1. Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda Azərbaycan xalqının tarixinə və mədəniyyətinə aid qiymətli arxiv sənədləri aşkar edən və ya tapan şəxslərin mükafatlandırılması qaydalarını müəyyən edir.

2. Azərbaycan xalqının tarixinə və mədəniyyətinə aid qiymətli arxiv sənələrini aşkar edən və ya tapan Azərbaycan Respublikası vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, o cümlədən xarici ölkələrin vətəndaşları olan azərbaycanlılar tərəfindən bu barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə (bundan sonra – Milli Arxiv İdarəsi) yaxılı və ya şifahi surətdə məlumat verilir.

3. Aşkar edilmiş və ya tapılmış arxiv sənədləri Azərbaycan xalqının tarixi və mədəniyyəti üçün qiymətli sənədini Milli Arxiv İdarəsi tərəfindən müəyyən olunmuş qaydalarla dövlət qeydiyyatına alınaraq daimi mühafizə üçün müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilir.

4. Aşar edilmiş və ya tapılmış arxiv sənədlərinin tərkibi və məzmunu ilə tanış olan Milli Arxiv İdarəsinin mütəxəssisləri və ya dəvət olunmuş ekspertlər aşkar edilmiş və ya tapılmış sənədlər, onların xalqımızın tarixi və mədəniyyətini öyrənmək sahəsində əhəmiyyəti haqqında ilkin rəylərini bildirirlər.

5. Aşkar edilmiş və ya tapılmış arxiv sənədləri Milli Arxiv İdarəsinin mütəxəssisləri və ya dəvət olunmuş ekspertlərin təqdimatı ilə Milli Arxiv İdarəsində idarənin və dövlət arxiv xidməti təşkilatlarının, habelə arxiv sənədlərinin tarixi və elmi əhəmiyyətini qiymətləndirməyi bacaran respublikanın görkəmli tarixçi mütəxəssislərinin və mədəniyyət xadimlərinin iştirakı ilə yaradılmış Ekspert-Qiymətləndirmə Komissiyasının iclasında ətraflı şəkildə baxılaraq səs çoxluğu ilə həmin tarixi sənədlərin dəyəri haqqında qərar qəbul edir. Komissiyanın qərarı tarixi sənədləri və sənəd kolleksiyalarını aşkar edən və ya tapan şəxsə elan edilir.

6. Xalqımızın tarixinə və mədəniyyətinə aid qiymətli arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri həvəsləndirmək məqsədi ilə aşkar edilmiş və ya tapılmış sənədlər üçün Ekspert-Qiymətləndirmə Komissiyasının müəyyən etdiyi qiymət tam məbləğində həmin sənədləri aşkar edən və ya tapan şəxsə mükafat kimi təqdim olunur.

7. Arxiv sənədlərini aşkar edən və ya tapan şəxslərə mükafatlar Milli Arxiv İdarəsi tərəfindən bu iş üçün büdcədə nəzərdə tutulmuş fonddakı vəsait hesabına ödənilir.

8. Vətənpərvərlik və xeyriyyəçilik məqsədi ilə həmin şəxs verilən mükafatdan dövlət xeyrinə imtina edərsə, onu aşkar edən və ya tapan şəxsə təşəkkür məktubu yazılır və mətbuatda bu barədə məlumat verilir və ya hər hansı bir ictimai-siyasi təşkilata bağışlamaq haqqında təşəbbüs qaldırarsa, onda bu məsələ müvafiq əlavə sənədlərlə rəsmiləşdirilir.

1. Bu sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən arxiv iş sahəsində beynəlxalq əməkdaşlıq məqsədi ilə Milli arxiv fondu sənədlərinin və kolleksiyalarının orijinal və ya onları əvəz edən nüsxələrinin müvəqqəti olaraq xaricə aparılması qaydasını müəyyən edir.

2. Milli arxiv fondu sənədlərinin orijinal və ya onları əvəz edən nüsxələrinin xaricə aparılması qadağandır.

3. Beynəlxalq əməkdaşlıq məqsədi ilə Milli arxiv fondu sənədlərinin və kolleksiyalarının orijinallarını və ya onları əvəz edən nüsxələri yalnız müstəsna hallarda müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və ya onun vəkaləti ilə hər hansı başqa dövlət arxivi tərəfindən həyata keçirilə bilər.

4. Qeyri-dövlət təşkilatlarında və ayrı-ayrı şəxslərdə mühafizə edilən və dövlət qeydiyyatına alınmış qiymətli tarixi sənədlər onları qeydiyyata alan təşkilatın təqdimatı və sahibinin razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə müvəqqəti olaraq xaricə aparıla bilər.

5. Milli arxiv fonduna daxil olan və müvəqqəti olaraq Azərbaycan Respublikasının xaricə çıxarılacaq arxiv sənədlərinin orijinalı və ya onları əvəz edən nüsxələrin tarixi, vərəqələrinin sayı və fiziki vəziyyəti də göstərilməklə siyahıları tərkib edilməlidir.

6. Milli arxiv fonduna daxil olan və müvəqqəti olaraq xaricə aparılacaq arxiv sənədlərinin orijinalları və ya onları əvəz edən nüsxələri müəyyən olunmuş qaydada bütün təhlükəsizlik rejimlərinə tam əməl edilməklə ən çoxu üç ay müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilər.

7. Milli arxiv fonduna daxil olan və müvəqqəti olaraq xaricə aparılmış arxiv sənədlərinin Azərbaycan Respublikasının ərazisinə qaytarıldığı barədə bu işə məsul olan hüquqi və fiziki şəxslər arxiv sənədlərinin ölkəyə qaytarıldığı tarixdən ən geci on gün sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılı şəkildə məlumat verməlidirlər.

8. Azərbaycan Respublikasının ərazisindən aparılan və qaytarılan arxiv sənədlərinin orijinalları və ya onları əvəz edən nüsxələrə görə gömrük rüsumları tutulmur.

1. 7 fevral 2006-cı il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 185)

2. 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342)

3. 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 903)

4. 19 mart 2010-cu il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 263)

5. 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

6. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223)

7. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

8. 28 sentyabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 sentyabr 2018-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1949)

9. 18 dekabr 2018-ci il tarixli 536 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2732)

10. 14 fevral 2023-cü il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 fevral 2023-cü il, “Xalq” qəzeti, 18 fevral 2023-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 310)

11. 13 sentyabr 2023-cü il tarixli 325 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1346)

12. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver