Qanunvericilik › Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan xalqının və onun yaratdığı siyasi təsisatların dövlət hakimiyyəti məsələlərini müstəqil həll etmək, insan və cəmiyyətin maraqları naminə suveren daxili və xarici siyasəti həyata keçirmək imkanının və qabiliyyətinin təmin edilməsidir.

16.2. Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün əsas tədbirlər aşağıdakılardır:

16.2.1. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi və konstitusiya quruluşunun qorunması və ərazi bütövlüyünün təminatı məqsədilə zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi;

16.2.2. Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə cəhdlərinin qarşısının alınması;

16.2.3. ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və dayanıqlılığının təmin olunması;

16.2.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin yaradılması və onun səmərəli fəaliyyətinin təmin edilməsi;

16.2.5. ictimai təhlükəsizliyin təmin edilməsi;

16.2.6. Azərbaycan Respublikası vətəndaşlarının ölkənin daxilində və xaricində hüquqlarının müdafiəsi məqsədilə müvafiq hüquqi mexanizmlərin inkişaf etdirilməsi;

16.2.7. vətənpərvərliyə və millətlərarası həmrəyliyə əsaslanan ümummilli psixologiyanın formalaşdırılması, xalqın vahidliyinin möhkəmləndirilməsi;

16.2.8. Azərbaycan xalqının vahidliyi, vətəndaş birliyi və ictimai həmrəyliyinə qarşı yönəlmiş hərəkətlərin qarşısının alınması;

16.2.9. vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması;

16.2.10. separatçılığın, siyasi, etnik, dini ekstremizmin qarşısının alınması üçün millətlər və dini təriqətlər arasında münasibətlərin tənzimlənməsi;

16.2.11. mövcud məzhəb ayrılıqlarının və müxtəlif dini baxışların siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısının alınması;

16.2.12. Azərbaycan Respublikasının milli maraqlarının xarici ölkələrdə təmin olunması üçün mütəşəkkil diasporun təşkil olunması;

16.2.13. sülh və insanlıq, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayətlərin, xarici xüsusi xidmət orqanların və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətlərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması;

16.2.14. beynəlxalq təhlükəsizlik sistemlərində iştirak edilməsi;

16.2.15. Azərbaycan Respublikasının digər dövlətlərlə əməkdaşlığının bərabər tərəfdaşlıq əsasında həyata keçirilməsi;

16.2.16. beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver