19.1. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi xarakterli real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi və milli maraqların hərbi vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsidir.
19.2. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
19.2.1. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi hazırlıq səviyyəsinin və döyüş qabiliyyətinin artırılması, mövcud hərbi və səfərbərlik ehtiyatlarının səfərbərlik üçün hazır vəziyyətdə saxlanılması;
19.2.2. hərbi-sənaye kompleksinin inkişafı, müasir silah və hərbi-texniki nailiyyətlərin tətbiq edilməsi;
19.2.3. Azərbaycan Respublikasının dövlət sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaranmasının əldə olunması;
19.2.4. Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi;
19.2.5. kütləvi qırğın silahlarının işlənib hazırlanmasının, istehsalının, yayılmasının, ehtiyatlarının yaradılmasının və tətbiqinin qarşısının alınması istiqamətində fəaliyyət göstərilməsi;
19.2.6. hərbi təhsil sisteminin inkişaf etdirilməsi, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ixtisaslı kadrlarla təminatı işinin yaxşılaşdırılması;
19.2.7. hərbi xidmət əleyhinə cinayətkarlığa qarşı mübarizə aparılması;
19.2.8. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması məqsədilə xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;
19.2.9. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, onları hədəfə çatdırma vasitələrinin, yeni hərbi istehsal texnologiyalarının qanunsuz yayılmasında ölkə ərazisinin tranzit kimi istifadə edilməsinin qarşısının alınması;
19.2.10. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, döyüşə hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyətin aşkarlanması, qabaqlanması və qarşısının alınması;
19.2.11. müdafiə kompleksi sahəsində strateji əhəmiyyətli obyektlərin, həmçinin hərbi maraqlar baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi.
19.3. Hərbi və hərbi-texniki müqavilələrin bağlanmasında və yerinə yetirilməsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması tələbləri mütləq nəzərə alınır.
19.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr istisna olmaqla, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, habelə hərbi qüvvələrin, silah, hərbi texnika, kütləvi qırğın silahı komponentləri və texnologiyalarının tranzit daşımalarına yol verilmir.