Qanunvericilik › Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi › Maddə 45

Maddə 45. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır):

45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;

45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;

45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;

45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;

45.1.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis və ya yüksəkixtisaslı miqrant olduqda;

45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;

45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda;

45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

45.1.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda;

45.1.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

45.1.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;

45.1.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə;

45.1.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

45.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

45.3. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.

QEYD:

1. Bu Məcəllənin 45.1.7-ci və 52.1.11-ci maddələrində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması və ya bu Məcəllənin 64.0.1-ci, 64.0.14-cü, 64.0.15-ci, 64.0.15-1-ci və 64.0.16-cı maddələrində nəzərdə tutulan şəxslər olması tələb olunur.

2. Bu Məcəllənin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrində nəzərdə tutulmuş hallar əsasında azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə münasibətdə həmin hallar o vaxt müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün əsas hesab edilir ki, onların dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun.

3. Bu Məcəllənin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver