53.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
53.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
53.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
53.1.7. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü, habelə yüksəkixtisaslı miqrantın icazə üçün müraciət etdiyi hallar istisna olmaqla);
53.1.9. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
53.1.10. bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini təsdiq edən sənədin notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq olunmuş surəti;
53.1.10-1. bu Məcəllənin 52.1.1-ci və 52.1.8-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
53.1.11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
53.1.12. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı;
53.1.13. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
53.1.14. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
53.1.15. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
53.1.16. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
53.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu Məcəllənin 54.9-cu maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı daimi yaşama icazəsini ləğv edir.
53.2-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında ən azı 200.000 manat məbləğində pul vəsaiti qoymuş, yaxud nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan və ya bu Məcəllənin 52.1.2-ci maddəsində göstərilən hallar da nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadiyyatına yatırdığı investisiya məbləğinin cəmi azı 500.000 manat olan şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmur.
53.2-2. Bu Məcəllənin 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müraciət hallarında bu Məcəllənin 53.1-ci maddəsində göstərilən sənədlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.
53.3. Daimi yaşama icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür.
53.4. Daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
Qeyd: Bu Məcəllənin 53.1.2-ci, 53.1.13-cü və 53.1.15-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır (bu Məcəllənin 53.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla).