Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Kollegiyası
1. “Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qərarın 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi təmin olunsun.
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi
miqrasiya xidməti müşaviri
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2024-cü il 15 aprel tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Miqrasiya orqanlarında sınaq keçmə
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 23-cü maddəsinə müvafiq olaraq hazırlanmışdır və ilk dəfə miqrasiya orqanlarına xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qulluğa qəbul edilən şəxslərin (bundan sonra – sınaq müddəti müəyyən edilmiş şəxs) miqrasiya orqanlarında sınaq keçmə qaydalarını müəyyən edir.
1.2. Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə qəbul edilən işçilərin sınaq keçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
1.3. Aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir və şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, miqrasiya orqanlarında daimi qulluğa qəbul edilirlər:
1.3.1. şəxs miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunduqda;
1.3.2. şəxsin fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olduqda;
1.3.3. miqrasiya orqanlarına qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirildikdə;
1.3.4. dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxs olduqda.
1.4. Sınaq müddəti müəyyən edilmiş şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir. Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar.
1.5. Sınaq müddəti miqrasiya orqanına işə qəbula dair əmrdə göstərilir.
1.6. Sınaq keçmə işini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (bundan sonra - Xidmət) Kadrlar və kadr hazırlığı idarəsi (bundan sonra - Kadrlar və kadr hazırlığı idarəsi) təşkil edir.
1.7. Sınaq müddəti miqrasiya orqanlarında iş stajına hesablanır, qulluq illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.
1.8. Sınaq müddəti müəyyən edilmiş şəxslərin qulluq keçməsi ilə bağlı digər məsələlər Əsasnamə ilə tənzimlənir.
2.1. Sınaq müddəti müəyyən edilmiş şəxslərə qulluq vəzifələrini mənimsəməsini və hərtərəfli peşəkarlıq vərdişlərinə yiyələnməsini təmin etmək, həmçinin miqrasiya orqanlarında qulluğa yararlılığını, peşəkarlığını və təyin edildiyi vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədilə sınaq müddəti tətbiq edilir.
2.2. Sınaq müddətində sınaq müddəti müəyyən edilmiş şəxs miqrasiya orqanlarının işçisi üçün müəyyən olunmuş müvafiq hüquq və vəzifələrə malik olmaqla, qulluq keçmənin şərtlərinə əməl etməlidir və bunun üçün qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
2.3. Sınaq müddəti ərzində sınaq müddəti müəyyən edilmiş şəxs ilkin hazırlıq keçmək üçün Xidmətin Təlim-tədris mərkəzində (bundan sonra – Təlim-tədris mərkəzi) 10 (on) iş günü davam edən təlimə cəlb edilir. Təlimin yekun nəticəsi Təlim-tədris mərkəzi tərəfindən Kadrlar və kadr hazırlığı idarəsinə göndərilir.
2.4. Sınaq müddətinin qalan hissəsi sınaq müddəti müəyyən edilmiş şəxsin vəzifəyə təyin edildiyi Xidmətin aparatının müvafiq struktur bölməsində və ya Xidmətin strukturuna daxil olan qurumda (bundan sonra – struktur bölmə) həyata keçirilir və bu müddət ərzində həmin struktur bölmənin rəhbəri sınaq keçməyə rəhbərlik edir.
2.5. Sınaq müddəti müəyyən edilmiş şəxs vəzifə tutduğu struktur bölmənin rəhbərinə təqdim edildikdə Kadrlar və kadr hazırlığı idarəsi onun iştirak etdiyi təlimin nəticəsi barədə həmin struktur bölmənin rəhbərini yazılı məlumatlandırır. Sınaq müddəti müəyyən edilmiş şəxsin qulluq keçdiyi struktur bölmənin rəhbəri sınaq keçmənin şərtləri barədə onunla söhbət aparır və qulluq vəzifələrini izah edir.
2.6. Struktur bölmənin rəhbəri sınaq müddəti müəyyən edilmiş şəxsin fəaliyyətinə nəzarət edir və onu struktur bölmənin təcrübəli işçisinə təhkim edir.
3.1. Sınaq müddətinin qiymətləndirilməsi (bundan sonra – qiymətləndirilmə) məqsədilə hər bir sınaq müddəti müəyyən edilmiş şəxs üçün onun vəzifəsi və iştirak etdiyi təlimin nəticəsi nəzərə alınmaqla fərdi plan (1 nömrəli Əlavə) tərtib edilir.
3.2. Sınaq keçməyə dair fərdi plan miqrasiya qanunvericiliyini, Xidmətin fəaliyyət istiqamətlərini, miqrasiya orqanları işçilərinin hüquq və vəzifələrini, miqrasiya orqanlarında qulluq keçmənin şərtlərini, işçilərin etik davranış qaydalarını və sair məsələləri əhatə etməli, habelə zəruri ədəbiyyat və hüquqi aktlar sınaq müddəti müəyyən edilmiş şəxsə tövsiyə olunmalıdır. Fərdi planda göstərilən tapşırıqların icra olunmasından gözlənilən nəticə və icra müddəti dəqiq müəyyən edilməlidir, ölçülə və yerinə yetirilə bilən olmalıdır.
3.3. Sınaq keçməyə rəhbərlik edən vəzifəli şəxs sınaq müddəti müəyyən edilmiş şəxsi fərdi planla tanış edir, fərdi planın tələblərinin onun tərəfindən yerinə yetirilməsinə nəzarət edir və sınaq müddətinin yekununda bu Qaydanın 3.6-cı bəndinə əsasən qiymətləndirilməni həyata keçirir.
3.4. Sınaq keçməyə rəhbərlik edən vəzifəli şəxs iş yerində olmadıqda qiymətləndirilmə onun vəzifələrini müvəqqəti icra edən şəxs və ya müavini tərəfindən aparılır.
3.5. Sınaq müddəti müəyyən edilmiş şəxsə onun biliyi, təcrübəsi nəzərə alınmaqla tapşırıqlar (göstərişlər) verilir, icra üçün sənədlər yazılır. Sınaq müddəti müəyyən edilmiş şəxs təcrübəli işçi ilə müştərək icraçı kimi fəaliyyət göstərir və qulluq fəaliyyətilə bağlı verilən tapşırıqları (göstərişləri) vaxtında, keyfiyyətlə icra etməlidir.
3.6. Fərdi planda nəzərdə tutulan hər bir tapşırığın tələb olunan səviyyədə (gözlənilən nəticəyə uyğun olaraq) icra edilməsi qiymətləndirilir və aşağıdakı ballardan biri verilir:
3.6.1. əla (5) – tapşırığı tələb olunandan yüksək səviyyədə və müəyyən edilmiş icra müddətindən daha qısa müddətdə tam icra edib;
3.6.2. yaxşı (4) – tapşırığı tələb edilən səviyyədə və icra müddətinə əməl etməklə tam icra edib;
3.6.3. kafi (3) – tapşırığı qismən icra edib;
3.6.4. qeyri-kafi (2) – tapşırığı icra etməyib.
3.7. Sınaq müddətinin qiymətləndirilməsinin nəticəsi aşağıdakı düsturla hesablanır:
SMQ - sınaq müddətinin qiymətləndirilməsi;
t1 – birinci tapşırıq üzrə verilən bal;
t2 – ikinci tapşırıq üzrə verilən bal;
tn - n nömrəli tapşırıq üzrə verilən bal;
TS – tapşırıqların ümumi sayı.
3.8. Sınaq müddətinin qiymətləndirilməsinin nəticəsinə görə azı 3,6 bal toplanılması sınaq müddətinin müvəffəqiyyətlə keçilməsi hesab olunur.
3.9. Sınaq müddətinin sonunda qiymətləndirilmənin nəticələri də əlavə edilmiş fərdi plan sınaq müddəti müəyyən edilmiş şəxs və sınaq keçməyə rəhbərlik edən vəzifəli şəxs tərəfindən imzalanır.
3.10. Qiymətləndirilmənin nəticəsi ilə razı olmayan sınaq müddəti müəyyən edilmiş şəxs fərdi planı imzalamaqdan imtina edərsə, bununla bağlı onun yazılı əsaslandırılması fərdi plana əlavə olunur.
4.1. Sınaq keçməyə rəhbərlik edən vəzifəli şəxs sınaq müddətinin bitməsinə azı 5 (beş) iş günü qalmış sınaq müddəti müəyyən edilmiş şəxsin təyin olunduğu vəzifə üzrə daimi qulluğa qəbulunun məqsədəuyğun olub-olmaması barədə hazırladığı xasiyyətnaməni (2 nömrəli Əlavə) və qiymətləndirilmənin nəticəsi barədə müvafiq qeydlər aparılmış fərdi planı Kadrlar və kadr hazırlığı idarəsinə təqdim edir. Xasiyyətnamədə sınaq müddəti müəyyən edilmiş şəxsin peşə (sənədlərlə iş, hüquq normalarını qavrama, ziddiyyətləri həll etmə və qərar vermə bacarığı, işin planlaşdırılması, əmək intizamına riayət etmə) və şəxsi (işgüzarlıq, ünsiyyət yaratma bacarığı, təcrübəni bölüşmə, yaradıcılıq, təşəbbüskarlıq, prinsipiallıq, analitik təhlil qabiliyyəti, özünütənqid, məsuliyyət, çalışqanlıq, dəqiqlik) keyfiyyətləri əks etdirilir.
4.2. Kadrlar və kadr hazırlığı idarəsi sınaq müddəti müəyyən edilmiş şəxs barədə tərtib edilmiş xasiyyətnaməni və fərdi planı öyrənməklə bu sənədlər əsasında onun miqrasiya orqanlarında daimi qulluğa qəbul olunması məsələsi barədə təkliflərini sınaq müddətinin bitməsinə azı 2 (iki) iş günü qalmış Xidmət rəhbərliyinə təqdim edir.
4.3. Sınaq müddəti müəyyən edilmiş şəxs sınaq müddətini müvəffəqiyyətlə keçdikdə o, müvafiq vəzifəyə təyin olunmaqla, miqrasiya orqanlarında daimi qulluğa qəbul edilir.
4.4. Sınaq müddəti müəyyən edilmiş şəxs sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə o, daimi qulluğa qəbul edilmir və onun qulluq keçməsinə Əsasnaməyə uyğun olaraq xitam verilir.
5.1. Qiymətləndirilmənin nəticəsi ilə razı olmayan sınaq müddəti müəyyən edilmiş şəxsin narazılığını əsaslandırılmış şəkildə bildirmək hüququ vardır və onun narazılığı əsaslı olduğu halda sınaq müddətinin qiymətləndirilməsinin nəticələrində dəyişiklik edilir.
5.2. Qiymətləndirilmə ilə bağlı sınaq müddəti müəyyən edilmiş şəxs və onun sınaq müddətini qiymətləndirən rəhbər arasında fikir ayrılığı yaranarsa, sınaq müddəti müəyyən edilmiş şəxs bu barədə qiymətləndirilmənin nəticəsi ona təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində Xidmət rəisinə şikayət edə bilər. Şikayətə 7 (yeddi) iş günü müddətində baxılır. Xidmət rəisi şikayət üzrə araşdırma nəticəsində qiymətləndirilmənin nəticəsinin qüvvədə saxlanılması və ya ləğv edilərək yenidən qiymətləndirilmənin keçirilməsi barədə qərar qəbul edir.
5.3. Qiymətləndirilmənin nəticəsi ilə razı olmayan sınaq müddəti müəyyən edilmiş şəxs bu barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququna malikdir.
__________________________________________________________________sınaq keçməsinə dair
(sınaq müddəti müəyyən edilmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)
Tapşırıqların məzmunu
Tapşırıqlarla tanış oldum
Qiymətləndirilmənin nəticəsi ______________
Rəhbər: ________________________________________________________
(vəzifəsi, rütbəsi, adı, soyadı və imzası)
Sınaq müddəti müəyyən edilmiş şəxs:
_________________________________
Ədəbiyyat və hüquqi aktın adı
__________________________________________________________ sınaq keçməsinə dair
1. 13 iyun 2025-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202506130004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2025-ci il)