“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 98-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 425 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ
Bakı şəhəri, 28 iyun 2011-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 90-1-ci maddəsinə əsasən hazırlanmışdır və miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi xəzinə hesabına (bundan sonra - xüsusi xəzinə hesabı) keçirilən xüsusi vəsaitdən istifadə qaydasını müəyyən edir.
1.2. Xüsusi vəsaitdən miqrasiya orqanları işçilərinin (bundan sonra - işçilər) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.
1.3. Xüsusi vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üçün xüsusi xəzinə hesabı açılır.
1.4. Xüsusi xəzinə hesabının maliyyə mənbəyini miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsait təşkil edir.
1.5. Bu Qaydanın 4.1-1-ci bəndi nəzərə alınmaqla, xüsusi vəsait işçilərin aylıq vəzifə maaşına əlavə (bundan sonra - əlavə) formasında ödənilir.
1.6. Bu Qaydaya əsasən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş təminat xərcliyinə daxil edilmir.
2.1. Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.
2.2. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanır və müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
2.3. Vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
3.1. Əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir.
3.2. Əlavənin ödənilməsi məqsədilə hər ay üçün əlavə hesablanır.
3.3. Əlavə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizi işçilərin faktiki işlədikləri iş günlərinin cəmlənmiş sayına bölünməklə və alınan nəticə hər bir işçiyə münasibətdə onun faktiki işlədiyi iş günlərinin sayına vurulmaqla aşağıdakı düstura uyğun hesablanır:
Ə - əlavənin məbləği (manatla);
XV - hesabat ayı üçün xüsusi xəzinə hesabına daxil olan vəsaitin məbləği (manatla);
İGS - hesabat ayında işçilərin faktiki işlədikləri iş günlərinin cəmlənmiş sayı;
İİG - əlavəsi hesablanan işçinin faktiki işlədiyi iş günlərinin sayı.
3.4. Əlavə tam rəqəmdən sonra yüzdə birə qədər riyazi yuvarlaqlaşdırma aparılmaqla müəyyən edilir.
4.1. Bu Qaydanın 4.1-1-ci bəndi nəzərə alınmaqla əlavə işçinin aylıq əməkhaqqına daxil edilir.
4.1-1. “ASAN xidmət” mərkəzlərindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (bundan sonra - VXSİDA) hesabat ayında vəsait əldə edən işçilərə münasibətdə əlavə bu Qaydanın 4.1-2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla digər hallarda həmin işçilərə ödənilmir.
4.1-2. VXSİDA-nın işçiyə ödədiyi məbləğ həmin işçiyə münasibətdə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq hesablanmış əlavənin məbləğindən aşağı olduqda bu məbləğlər arasındakı fərq işçiyə ödənilir.
4.1-3. Bu Qaydanın 4.1-1-ci və 4.1-2-ci bəndlərinin tətbiqi əsasında ödənilməyən və qalıq məbləğlər cəmlənir və formalaşan vəsait digər işçilərin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə edilir.
4.2. Miqrasiya orqanlarında qulluğuna xitam verilmiş, miqrasiya orqanlarının sərəncamında olan və vəzifəsindən müvəqqəti kənarlaşdırılmış işçilərə əlavə onların hesabat ayında işlədiyi iş günlərinə uyğun olaraq ödənilir.
4.3. Əlavəyə gəlir vergisi və “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir.
4.4. Əlavə hesablanarkən, orta aylıq əməkhaqqı saxlanılan dövrdəki iş günləri (işçinin ezamiyyətdə olduğu günlər istisna olmaqla) nəzərə alınmır.
4.5. Bu Qaydanın 4.1-1-ci və 4.1-2-ci bəndlərinin tətbiqi ilə əlaqədar VXSİDA “ASAN xidmət” mərkəzlərindəki fəaliyyətinə görə hər bir işçiyə aylıq ödədiyi vəsaitin məbləği barədə məlumatları ödəniş edildiyi gündən sonra növbəti 3 iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim edir.
1. 11 oktyabr 2017-ci il tarixli 424 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1889)
2. 27 may 2019-cu il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 977)
3. 7 dekabr 2020-ci il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1590)
4. 5 mart 2021-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 276)
5. 20 fevral 2025-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2025-ci il, “Xalq” qəzeti, 1 mart 2025-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 202)