Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 43

Maddə 43. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir:

1) yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır;

2) yığılan qonorarı bu hissənin 1-ci bəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək;

3) qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək;

4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma illik haqq ödəmək.

2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır.

3. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma aşağıdakı məlumatları təqdim etməlidir:

1) nizamnamədə dəyişikliklərə, qonorarın məbləğinə və ayırmalara dair qərarlar haqqında;

2) təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlar da daxil olmaqla bağladığı müqavilələr haqqında;

3) illik balans, illik hesabat və fəaliyyətinin audit yoxlanması haqqında;

4) bu təşkilatları təmsil etmək səlahiyyəti verilmiş şəxslər haqqında;

5) təşkilatın fəaliyyətinin bu Qanuna, başqa qanunvericilik aktlarına, həmçinin nizamnaməsinə uyğunluğunu yoxlamaq üçün vacib olan digər sənədlər.

V bölmə

Müəllİflİk hüququnun və əlaqəlİ hüquqların müdafİəsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver