1. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:
ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.);
dram, musiqili-dram və başqa səhnə əsərləri;
xoreoqrafiya əsərləri və pantomimalar;
mətnli və ya mətnsiz musiqi əsərləri;
audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);
heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;
dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar;
memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri;
fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;
coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;
törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);
toplular;
Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur.
televiziya və radio proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər.
2. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.
3. Reklam bu Qanunda nəzərdə tutulan şərtlər hüdudunda müəlliflik hüququnun obyektidir.