“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
1.1. Bu Qaydalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.29-cu maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrinə (bundan sonra – təhsil müəssisələri) müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını müəyyən edir.
1.2. Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə (bundan sonra – işə qəbul müsabiqəsi) iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişlidir. İşə qəbul müsabiqəsində iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.3. Müsabiqədə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 36-1-ci maddəsi nəzərə alınmaqla müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na uyğun olaraq pedaqoji təhsili olmayan ali təhsilli şəxslər iştirak edə bilərlər.
2.1. İşə qəbul müsabiqəsi iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən (bundan sonra – Nazirlik) həyata keçirilir.
2.2. Nazirlik təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. İşə qəbul üzrə müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir.
2.3. İşə qəbul müsabiqəsində iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə (bundan sonra – sistem) qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri, həmçinin namizədin uyğunluğunun qiymətləndirildiyi meyarlar nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.3.1. namizədin orta ixtisas və ya ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) və elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
2.3.2. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti;
2.3.3. əlilliyi olan şəxslərə münasibətdə şəxsin əlilliyini təsdiq edən sənədin surəti.
2.4. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların uyğunluğu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra namizədin test imtahanına buraxılması, yaxud buraxılmaması barədə məlumat onun “Şəxsi kabinet”inə göndərilir. Namizədlər işə qəbul müsabiqəsi ilə bağlı məlumatları (keçirilmə vaxtı və yeri barədə və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.
2.5. Test imtahanında namizədlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına aid 40 (qırx) sual, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri və s.) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri və s.) aid 20 (iyirmi) sual təqdim edilir.
2.6. Test imtahanı suallarının cavablandırılması üçün 150 (bir yüz əlli) dəqiqə vaxt ayrılır.
2.7. Əlilliyi olan şəxslərin test imtahanında iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nın 33-cü və 34-cü hissələrinə uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test imtahanın davametmə müddəti 30 (otuz) dəqiqə artırılır.
2.8. Test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasında əks olunur və test imtahanına buraxılması barədə məlumatla birgə namizədin “Şəxsi kabineti”nə göndərilir.
2.9. Namizəd yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs işə qəbul müsabiqəsindən kənarlaşdırılır. Müvafiq pozuntular işə qəbul müsabiqəsi başa çatdıqdan sonra aşkar edilərsə, bu hal aktlaşdırılır və həmin şəxsin nəticələri ləğv edilir.
2.10. Test imtahanında ümumtəhsil proqramı üzrə hər düzgün cavab 2 balla, tədris metodikası üzrə hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumtəhsil proqramı üzrə hər səhv cavaba görə 0,5 bal, tədris metodikası üzrə hər səhv cavaba görə 0,25 bal çıxılır.
2.11. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra elan edilir.
2.12. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
2.13. Namizədlər 8 (səkkiz) vakant yer seçə bilərlər. Vakant yerlərin seçiminə ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlər buraxılır.
2.14. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
2.14.1. ümumtəhsil proqramı üzrə toplanılan bal;
2.14.2. təhsil məlumatları (təhsil səviyyəsi, elmi dərəcəsi);
2.14.3. ali və ya orta ixtisas təhsilini fərqlənmə ilə bitirmə;
2.14.4. pedaqoji staj.
2.15. 2.14-cü bəndə əsasən vakant yerləri tutan namizədlər müsahibəyə buraxılır.
2.16. Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır.
2.17. Komissiyaların tərkibi Nazirlik tərəfindən təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olmaqla təsdiq edilir.
2.18. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.
2.19. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində namizədlərin “Şəxsi kabinet”inə göndərilir.
2.20. Test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar test imtahanı və müsahibə keçirilmir.
3.1. Müəllimlərin yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir. Yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır.
3.2. Yerdəyişmə müsabiqəsində iştirak üçün müəllimlər sistemdə qeydiyyatdan keçir və onlara elektron sistemdə “Şəxsi kabinet” açılır.
3.3. Müəllim “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və vakant yer (4 (dörd) yerdən çox olmamaqla) seçərək ərizəsini təsdiqləyir.
3.4. Müəllimlərin yerdəyişməsində ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlərə üstünlük verilir.
3.5. Yerdəyişmənin nəticələri barədə məlumat müəllimlərin “Şəxsi kabinet”inə göndərilir.
İşə qəbul və yerdəyişmə müsabiqəsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilir.
1. 8 iyul 2024-cü il tarixli KQ-09 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202407080009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2024-cü il)
2. 14 mart 2025-ci il tarixli KQ-03 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202503140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 aprel 2025-ci il)
3. 13 may 2026-cı il tarixli KQ-04 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202605130004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyun 2026-cı il)