Qanunvericilik › “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.07.2020) › Tam mətn

“Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.07.2020)

“Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.07.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2002-ci il 5 iyul tarixli 20-T nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci il 18 iyul tarixli 2872 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olmuş şəxslərlə tərbiyə işinin təşkili haqqında Təlimat” ləğv edilsin.

3. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Bu Təlimat müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə (bundan sonra - məhkumlar) tərbiyə və psixoloji yardım işinin təşkili məsələlərini tənzimləyir.

1.2. Məhkumlarla tərbiyə və psixoloji yardım işi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na, digər qanunvericilik aktlarına, habelə bu Təlimata əsasən təşkil edilir.

1.3. Məhkumlarla aparılan tərbiyə işi onların ictimai faydalı əməklə məşğul olmasına, əməyə vicdanlı münasibətə və cəmiyyətdə qəbul olunmuş davranış normalarına riayət edilməsinə, təhsil və mədəniyyət səviyyəsinin artırılmasının formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilir.

1.4. Məhkumlarla aparılan tərbiyə işi onların şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdikləri cinayətlərin səbəbləri nəzərə alınmaqla həyata keçirilir. Məhkumlarla tərbiyə işi pedaqoji və psixoloji üsullara əsasən cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, fərdi, qrup və kütləvi şəkildə saxlanma şərtləri nəzərə alınmaqla fərqləndirilmiş qaydada aparılır.

1.5. Metodik kabinetlərdə müəssisədə fəaliyyət göstərən bütün xidmət sahələri üçün müvafiq informasiyaya malik olan təbliğat və təşviqat vasitələri hazırlanır.

1.6. Psixoloji yardım məhkumlarda yaranmış psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir.

1.7. Penitensiar müəssisələrdə psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

1.8. Penitensiar müəssisələrdə psixoloji yardım işi xüsusi ayrılmış otaqlarda həyata keçirilir. Otaqlar kompüter, psixoloji test bankı, xüsusi psixoloji ədəbiyyat, sənədləşdirmənin aparılması üçün dəftərxana ləvazimatları, dəmir dolab və ya seyflərlə təchiz olunur. Psixoloqların xidməti otağı möhürlənir.

1.9. Məhkumlarla tərbiyə işi bilavasitə cəzaçəkmə müəssisəsi rəisinin müavini (tərbiyə işləri üzrə), tərbiyə işinin təşkili qurumlarının əməkdaşları, ümumtəhsil və peşə məktəbinin müəllimləri, dəstə tərbiyəçilər şurasının üzvləri tərəfindən həyata keçirilir, psixoloji yardım işi isə psixoloqlar tərəfindən aparılır.

1.10. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti fəaliyyətini məhkumlara cəmiyyətdə öz yerlərini bərpa etməyə və xüsusilə ailəyə qayıtmağa, işlə təmin olunmağa kömək edən sosial xidmətlərlə və ictimai təşkilatlarla sıx əlaqədə həyata keçirməlidir.

2.1. Tərbiyə və psixoloji yardım işi aşağıdakı planlar əsasında təşkil edilir:

2.1.1. cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş müəssisə üzrə iş planına xüsusi bölmə ilə daxil edilmiş tərbiyə və psixoloji yardım işinə dair tədbirlər planı;

2.1.2. cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş müəssisənin rəis müavininin (tərbiyə işləri üzrə) məhkumlarla tərbiyə və psixoloji yardım işinə dair iş planı;

2.1.3. cəzaçəkmə müəssisəsinin rəis müavini tərəfindən təsdiq edilmiş tərbiyə işinin təşkili şöbələrinin (bölmələrinin) rəislərinin, tərbiyə işinin təşkili şöbələrinin (bölmələrinin) rəisləri tərəfindən təsdiq edilmiş tərbiyə işinin təşkili qurumlarının baş inspektorları, böyük inspektorları (xüsusi kontingentlə tərbiyə işləri üzrə, yetkinlik yaşına çatmayanlarla iş üzrə, dəstə rəisi, psixoloq, təlimatçı, tərbiyəçi) və inspektorlarının (təlimatçı) rüblük iş planları.

2.2. Tərbiyə və psixoloji yardım işi planlaşdırılan zaman məhkumların törətdikləri cinayət əməllərinin xarakteri, məhkum olunmuş şəxslərdən risk qrupuna aid olanlar – intihara, özünə və digər şəxslərə xəsarət yetirməyə və ya qaçmağa meyilli, potensial konfliktli şəxslər, habelə yetkinlik yaşına çatmayanlar, müəssisənin əməliyyat şəraiti, mövcud nizam-intizamın vəziyyəti, habelə əvvəlki dövr ərzində nizam-intizam vəziyyəti və dəstələrin fəaliyyətinin təhlili nəzərə alınır;

2.3. Tərbiyə və psixoloji yardım işinin planında tərbiyə və psixoloji işin əsas istiqamətlərinə, məhkumlarla aparılan fərdi-tərbiyə işinə, onların ümumi təhsilinə və peşə təhsilinə, yaşı, cinsi, ailə vəziyyəti, mühitə adaptasiyası, azadlıqdan məhrum olunmaya münasibəti, özfəaliyyət təşkilatlarının işinə rəhbərliyi, psixoloji xidmətin fəaliyyəti, dərnək və klub işləri, məhkumların azadlığa hazırlanması, tərbiyə müəssisələrində metodik işlərin aparılması, himayəçilik şurasının və valideynlər komitəsinin işinə dair məsələlər öz əksini tapmalıdır.

2.4. Tərbiyə və psixoloji yardım işinin planı tərtib olunarkən, onun icrasına cavabdeh olan şəxs və icra müddəti dəqiq göstərilməlidir. Planda nəzərdə tutulmuş müddəaların icrasına nəzarəti penitensiar müəssisənin rəisi, tam yerinə yetirilməsinə rəis müavini (tərbiyə işləri üzrə), tərbiyə işinin təşkili şöbəsinin (bölməsinin) rəisi, tərbiyə işinin təşkili qurumlarının baş inspektorları, böyük inspektorları (xüsusi kontingentlə tərbiyə işləri üzrə, yetkinlik yaşına çatmayanlarla iş üzrə, dəstə rəisi, psixoloq, təlimatçı, tərbiyəçi) və inspektorları (təlimatçı) cavabdehdir.

3.1. Məhkumlarla tərbiyə işi pedaqoji və psixoloji üsullara əsasən cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla fərdi və qrup (kütləvi) şəkildə aparılır.

3.2. Məhkumların islah olunmalarında onlarla əxlaqi, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirlərinin keçirilməsi tərbiyə işinin əsas istiqamətləridir.

3.3. Məhkumların əxlaqi tərbiyəsi onlarda mənəvi-etik normaların formalaşmasına və ümumi insani dəyərlərə yiyələnmələrinə istiqamətləndirilir.

3.4. Hüquqi tərbiyə tədbirləri məhkumların vətəndaş və dövlət arasında yaranan münasibətlərinin tənzimlənmə qaydalarına, hüquq normalarının yerinə yetirilməsinin vacibliyinə, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin düzgün qiymətləndirilməsi barədə hüquqi biliklərə yiyələnmələrinə və onların ictimai-faydalı əməklə məşğul olmaq, eləcə də, təhsil almaq, mənzil-məişət, ailə-nikah və başqa sahələrdə malik olduqları hüquqlarını öyrənmələrinə xidmət edir.

3.5. Məhkumlarla aparılan əmək tərbiyə tədbirləri onların müəyyən ixtisaslara yiyələnmələrinə və azadlığa buraxıldıqdan sonra faydalı əməklə məşğul olmalarına köməklik göstərmək məqsədi daşıyır.

3.6. Məhkumlarla aparılan fiziki tərbiyə tədbirləri onların fiziki və psixi sağlamlığının qorunmasını, asudə vaxtlarının səmərəli keçirilməsini təmin edir.

3.7. Dəstələrdə (müəssisədə), kütləvi aparılan tərbiyə işinin məqsədi (məşğələ, mühazirə, iclas, müsabiqə, disput, özfəaliyyət dərnəkləri, idman tədbirləri, özfəaliyyət təşkilatlarının işi və s.) məhkumlarda kollektivçilik və faydalı təşəbbüskarlıq vərdişlərinin inkişaf etdirilməsini, sabit, nizam-intizama riayət edən məhkum kollektivinin yaradılmasını təmin etməkdir.

3.8. Fərdi tərbiyə işinin nəticələri məhkumların fərdi tərbiyə işi dəftərlərinə (1 nömrəli əlavə) hər ay qeyd edilir və məhkumlar barədə mülahizə tərtib olunduqda nəzərə alınaraq, onların şəxsi işlərinə tikilir.

3.9. Fərdi tərbiyə işinin tələbləri aşağıdakılardır:

3.9.1. məhkumun şəxsi xüsusiyyətlərinin və sosial-psixoloji yönəlməsinin öyrənilməsi;

3.9.2. məhkuma müvafiq pedaqoji-psixoloji təsiretmə vasitələrinin seçilməsi və tətbiq edilməsi;

3.9.3. konkret şəxslə fərdi tərbiyə işinin planlaşdırılması;

3.9.4. tərbiyə xarakterli söhbətlərin aparılması;

3.9.5. tərbiyə olunan şəxsin maraqlarını və bacarığını nəzərə alaraq tərbiyəçilər və psixoloqlar tərəfindən ona şəxsi tapşırıqların verilməsi;

3.9.6. məhkumun davranışına gündəlik nəzarət edilməsi, onun əməyə, təhsilə olan münasibətinin öyrənilməsi və nəzarətdə saxlanılması;

3.9.7. məhkumlar üzərində fərdi qaydada müəssisənin əməkdaşları tərəfindən hamiliyin təşkil edilməsi.

3.10. Məhkumların islah edilməsi müəyyənləşdirilərkən, habelə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edilərkən, onların tərbiyə tədbirlərində iştirakı nəzərə alınır.

3.11. Məhkumlarla aparılan psixoloji yardım işi onların cəmiyyətdə normal həyat fəaliyyəti üçün zəruri olan itirilmiş sosial münasibətləri və şəxsiyyətə məxsus keyfiyyətlərini, məhkum şəxsiyyətinin inkişaf dinamikasını, məhkum birliklərinin sosial-psixoloji təzahürlərini, sosial təcridolunma şəraitində kiçik məhkum qruplarının davranışlarında stereotip və sərvət meylləri xüsusiyyətlərinin öyrənilməsi və korreksiyasına (bərpasına) xidmət edir.

3.12. Məhkumlarla aparılan psixoloji yardım işi psixoloji profilaktika və maarifləndirmə, psixoloji konsultasiya, psixoloji dəstək, psixoloji treninq (psixoloji təlim) növlərində həyata keçirilir.

3.13. Məhkumlarla aparılan psixoloji yardım iştirakçı sayı və tərkibindən asılı olaraq fərdi və qrup halında, davametmə müddətindən asılı olaraq aşağıdakı formalarda həyata keçirilir:

3.13.1. böhran vəziyyətində olan məhkumlara təcili psixoloji yardım göstərilir;

3.13.2. ilkin psixoloji dəstək və maarifləndirmə məqsədi ilə birdəfəlik psixoloji yardım işi həyata keçirilir;

3.13.3. məhkumun psixi sağlamlıq sferasında qeydə alınan problemlərin aradan qaldırılması məqsədilə qısamüddətli (12 məşğələyə qədər) psixoloji yardım həyata keçirilir;

3.13.4. məhkumun psixi sağlamlığında xroniki şəkil almış xasiyyət və davranış problemlərinin aradan qaldırılması məqsədi ilə uzunmüddətli (12 məşğələdən çox) konsultativ sessiyalar həyata keçirilir.

4.1. Cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar digər məhkumlardan ayrı (karantində) saxlanılan müddət ərzində onların xarakterik xüsusiyyətləri, pedaqoji baxımsızlığının dərəcəsi, təhsil səviyyəsi, habelə sağlamlıq vəziyyəti öyrənilir.

4.2. Cəzaçəkmə müəssisələrinə yeni qəbul olunmuş məhkumların ilkin psixoloji müayinəsi karantində olarkən həyata keçirilir, onların psixoloji portretləri hazırlanır (2 nömrəli əlavə). Psixoloji portretdə məhkumun temperament tipi, aparılan ilkin müşahidənin nəticələri, fərdi söhbət zamanı davranışı, şəxsiyyətə xas xüsusiyyətləri (xarakterin aksentuasiyası, özünüqiymətləndirmə, kommunikativ xüsusiyyətlərini, kollektivdə qarşılıqlı münasibətini, sosial adaptasiya səviyyəsini, intellektual səviyyəsini, təfəkkür xüsusiyyətlərini, təşkilatçılığı, ümumi və xüsusi qabiliyyətlərini), kriminalyönümlü xüsusiyyətləri (iradi özünənəzarəti, emoisonal-psixi stabilliyi, aqressiv tendensiyanın təzahürü, konfliktliliyin növü, impulsivlik dərəcəsi) müəyyən edilir.

4.3. Karantində saxlanılan məhkumlarla tərbiyə işi aparılarkən mediadan, o cümlədən kinofilmlərə baxışdan və kitabxanalardan istifadə oluna bilər.

4.4. Cəzaçəkmə müəssisəsinin rəisinin əmri əsasında cəzaçəkmə müəssisəsinin rəisi, onun müavinləri, əməliyyat və rejim xidmətlərinin rəisləri, qeydiyyat qurumunun rəisi, tibb-sanitariya hissəsinin rəisi, dəstə rəisləri (təlimatçılar, tərbiyəçilər) və psixoloq daxil olmaqla komissiya yaradılır. Komissiya yeni daxil olmuş məhkumları karantində saxlanılan müddətdə ayrı-ayrılıqda qəbul edir. Komissiyanın rəyinə əsasən müəssisəsinin rəisinin əmri ilə məhkumlar dəstələrə bölünürlər.

5.1. Məhkumların islah və tərbiyə olunmasında aşağıdakı əsas vasitələrdən istifadə olunur:

5.1.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim);

5.1.3. ictimai faydalı əmək;

5.1.5. peşə təhsili və peşə hazırlığı;

5.1.6. ictimai təsir.

5.2. Məhkumlara islah və tərbiyə edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.

5.3. Dəstə məhkumları əsasən bir binada yerləşdirilir. Həmin binada dəstə rəisinin otağı və tərbiyə işinin aparılması üçün ayrıca otaq yaradılır.

5.4. Məhkumlarla aparılan islah və tərbiyə işini səmərəli təşkil etmək məqsədilə müəssisədə klub, kitabxana, radio qovşağı, televiziya otağı, idman meydançaları təşkil edilir və müvafiq avadanlıqlarla təchiz olunaraq (kinoqurğu, radio-texnika, kitab fondu, idman ləvazimatı, televizor və s.) maddi texniki baza (3 nömrəli əlavə) yaradılır.

5.5. Dəstəyə daxil edilən məhkumlar cəza müddəti qurtaranadək həmin dəstənin qeydiyyatında qalırlar. Məhkumlar hüquq pozuntularının profilaktikası məqsədilə, habelə tibbi göstəriş əsasında və digər hallarda müəssisə rəisinin yazılı əmri ilə başqa dəstəyə keçirilə bilər. Kamera tipli otaqlara, cərimə təcridxanasına və intizam təcridxanasına salınan məhkumlar dəstənin siyahısından çıxarılmır.

5.6. Dəstələrdə məhkumların tərbiyə işinin təşkili və həyata keçirilməsi dəstə rəislərinə (təlimatçılara, tərbiyəçilərə) və dəstə tərbiyəçilər şurasına həvalə edilir.

5.7. Dəstələrdə tərbiyə prosesinə kompleks surətdə yanaşılması məqsədilə məhkumların tərbiyə prosesinə müəssisənin bütün əməkdaşları, ictimai təşkilatların nümayəndələri və digər şəxslər cəlb edilirlər.

5.8. Məhkumlara həvəsləndirmə və tənbeh tədbirləri Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələblərinə müvafiq qaydada tətbiq edilir.

6.1. Penitensiar müəssisələrinin növlərindən və tərbiyə işinin təşkili qurumlarının ştat vahidindən asılı olaraq penitensiar müəssisələrin tərbiyə işinin təşkili qurumlarının böyük inspektorları və ya inspektorları (xüsusi kontingentlə tərbiyə işləri üzrə, yetkinlik yaşına çatmayanlarla iş üzrə, dəstə rəisi, təlimatçı və ya tərbiyəçi) aşağıdakı vəzifələri yerinə yetirir:

6.1.1. dəstəyə həvalə edilmiş məsələlərə görə şəxsi cavabdehlik daşıyır və öz fəaliyyətində cəzaların icrası qanunvericiliyini və bu Təlimatı rəhbər tutur;

6.1.2. məhkumun şəxsiyyətini hərtərəfli öyrənir, fərdi-tərbiyəvi iş planı tərtib edir, məhkumla aparılan fərdi tərbiyə işinin təsirini məhkumla fərdi tərbiyə işi dəftərində əks etdirir;

6.1.3. çətin tərbiyə olunan məhkumlarla (daxili intizam qaydalarını dəfələrlə qərəzli pozmuş, kamera tipli otaqlara salınmış şəxslər) xüsusi tərtib olunmuş iş planı əsasında fərdi tərbiyəvi iş aparır;

6.1.4. kompleks plan əsasında məhkumlarla informasiya saatlarının, mühazirələrin, tərbiyəvi söhbətlərin keçirilməsini təşkil edir, məhkumların özünütərbiyə prosesini istiqamətləndirir və nəzarət edir;

6.1.5. dəstədəki bütün məhkumlar barəsində ilin yekununa görə illik xasiyyətnamə (4 nömrəli əlavə), zərurət yarandıqda isə aidiyyəti sənədlər (mülahizə, xasiyyətnamə) tərtib edir;

6.1.6. dəstədə fəaliyyət göstərən məhkumların özfəaliyyət təşkilatlarının işini istiqamətləndirir və nəzarət edir. Dəstə kollektiv şurasının, mədəni-kütləvi tədbirlər bölməsinin və divar qəzeti redaksiya heyətinin işinə rəhbərlik edir;

6.1.7. məhkumların asudə vaxtlarının səmərəli təşkilinə yönəldilmiş tədbirləri həyata keçirir;

6.1.8. ayda bir dəfədən az olmayaraq dəstə məhkumlarının ümumi yığıncağını keçirir;

6.1.9. dəstədə əyani təbliğat vasitələrinin tərtibatını və divar qəzetinin buraxılışını təşkil edir;

6.1.10. dəstədəki məhkumların şəxsi məsələlərlə bağlı gündəlik qəbulunu keçirir;

6.1.11. dəstə tərbiyəçilər şurasının üzvləri tərəfindən görülən tərbiyəvi işi hər ay təhlil edir;

6.1.12. məhkumlara “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın tələblərinin izah edilməsi sahəsində işi təşkil edir və həyata keçirir;

6.1.13. məhkumlar tərəfindən intizam qaydalarının pozulması hallarının səbəb və şəraitini müəyyənləşdirir, dəstədə nizam-intizamın vəziyyətini təhlil edir;

6.1.14. məhkumların vurduqları maddi ziyanı könüllü ödəmələri və açılmamış cinayətlərini könüllü etiraf etmələri istiqamətində aparılan işdə iştirak edir;

6.1.15. dəstədə cinayətlərin residivinin vəziyyətini təhlil edir, onların səbəblərini aşkar edir və aradan qaldırılması üçün tədbirlər planlaşdırır;

6.1.16. məhkumlar tərəfindən hüquq pozuntularının törədilməsinin səbəb və şəraitini aşkar edir, buna əsasən profilaktika işini təşkil edir və həyata keçirir;

6.1.17. məhkumların qarşılıqlı münasibətlərini öyrənir, onlar arasında baş verə biləcək konfliktlərin qarşısını almaq və aradan qaldırmaq üçün tədbirlər görür;

6.1.18. məhkumların qohumları və ictimai təşkilatların nümayəndələri ilə faydalı əlaqələrinin möhkəmləndirilməsinə və ya bərpasına köməklik göstərir;

6.1.19. məhkumlarla hüquqi biliklərin əsaslarına dair məşğələlər keçirir;

6.1.20. dəstənin yataqxanalarında nizam-intizamı təmin edir, məhkumlar tərəfindən sanitariya-gigiyena qaydalarına riayət olunmasına nəzarət edir, hər həftə dəstə məhkumlarının sıra baxışını keçirir.

6.2. Çətin tərbiyə olunan məhkumların siyahısı hər altı aydan bir dəstə rəislərinin raportları əsasında tərtib olunur və müəssisə rəisi tərəfindən təsdiq edilir. Həmin siyahılara qaçmağa meyilli olan şəxs kimi xüsusi qeydiyyata götürülmüş məhkumlar da daxil edilməlidir.

6.3. Penitensiar müəssisələrin tərbiyə işinin təşkili qurumlarının böyük inspektorları və inspektorları (xüsusi kontingentlə tərbiyə işləri üzrə, yetkinlik yaşına çatmayanlarla iş üzrə, dəstə rəisi, təlimatçı, tərbiyəçi) aşağıdakı hüquqlara malikdir:

6.3.1. məhkumlardan “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na riayət olunmasını tələb etmək;

6.3.2. cəzaların icrası qanunvericiliyində nəzərdə tutulmuş qaydada həvəsləndirmə və tənbeh tədbirləri tətbiq etmək üçün cəzaçəkmə müəssisəsinin rəisi qarşısında vəsatət qaldırmaq;

6.3.3. müəssisənin müxtəlif xidmət sahələrindən məhkumlara dair müvafiq məlumat almaq;

6.3.4. həvalə edilmiş dəstənin fəaliyyətinə aid olan məsələlərin həllində iştirak etmək.

6.4. Penitensiar müəssisələrin tərbiyə işinin təşkili qurumlarının böyük inspektorları və inspektorları (xüsusi kontingentlə tərbiyə işləri üzrə, yetkinlik yaşına çatmayanlarla iş üzrə, dəstə rəisi, təlimatçı, tərbiyəçi) aşağıdakı sənədləşdirmə işlərini aparır:

6.4.1. dəstədəki məhkumların əlifba sırası ilə siyahısını;

6.4.2. rüblük kompleks tədbirlər planı və onların təhlilini;

6.4.3. məhkumlarla fərdi tərbiyə işi dəftərini;

6.4.4. həvəsləndirmə və tənbeh tədbirlərinin qeydiyyatı jurnalını;

6.4.5. məhkumlarla aparılan informasiya məşğələlərinin qeydiyyat jurnalı və müvafiq mövzuların icmalını;

6.4.6. alimenti ödəməkdən qərəzli boyun qaçıran, habelə dövlətə, hüquqi və fiziki şəxslərə borcu olan məhkumların qeydiyyat jurnalını;

6.4.7. çətin tərbiyə olunan məhkumlarla iş planını.

7.1. Tərbiyə işinin təşkili şöbəsinin baş inspektoru:

7.1.1. şöbənin rüblük iş planının hazırlanmasında iştirak edir, tərbiyə işi üzrə ümumiləşdirmələr, təhlillər aparır və təkliflər verir;

7.1.2. cəzaçəkmə müəssisəsinə yeni qəbul edilən və karantində saxlanılan, cərimə (intizam) təcridxanasına, kamera tipli otaqlara keçirilən, çətin tərbiyə olunan məhkumların müəssisə üzrə qeydiyyatını aparır;

7.1.3. iş planı əsasında fərdi tərbiyəvi, psixoloji və sosial işin aparılmasında iştirak edir;

7.1.4. məhkumlarla informasiya məşğələlərinin və saatlarının, mühazirələrin, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi ilə nəzərdə tutulmuş tədbirlərin keçirilməsinə cavabdehlik daşıyır;

7.1.5. məhkumların özfəaliyyət təşkilatlarının işini təhlil edir, ümumiləşdirir və fəaliyyətin səmərəliliyinin artırılması üzrə metodik köməklik göstərir;

7.1.6. məhkumlarla aparılan tərbiyə, hüquqi və sosial yardım işinin vəziyyətini təhlil edir, ümumiləşdirir və hər rüb Tərbiyə işinin təşkili şöbəsinin (bölməsinin) rəisinə hesabat təqdim edir;

7.1.7. ümumi təhsil və peşə təhsili sahəsində müəllim və usta heyəti ilə birlikdə şagirdlərin və tələbələrin siyahısını müəyyənləşdirir, dərsə davamiyyətə nəzarət edir;

7.1.8. cəza müddətinin sonuna üç ay qalmış məhkumlarla əmək və məişət təminatı ilə əlaqədar fərdi söhbətlər aparır və lazımi tədbirlər görür;

7.1.9. hər bir məhkumla onun əməyinə və məişət şəraitinə, habelə azadlığa buraxılması ilə əlaqədar hazırlıq tədbirlərinə dair məsələlər üzrə söhbətlər aparır;

7.1.10. cəzaların icrası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada azad edilən məhkumlar haqqında yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə göndərilməsi üçün məlumatlar hazırlayır;

7.1.11. müəyyən olunmuş qaydada məhkumların azadlığa buraxılması mərasimlərinin keçirilməsini təşkil edir;

7.1.12. əcnəbi və vətəndaşlığı olmayan məhkumlar azad edilərkən, cəzaçəkmə müəssisəsi rəisinin göstərişi ilə onları müvafiq səfirlik, konsulluq nümayəndələrinə təhvil verir.

7.2. Tərbiyə işinin təşkili şöbəsinin (bölməsinin) rəisi:

7.2.1. şöbənin (bölmənin) işini müəssisə rəisinin müavini (tərbiyə işləri üzrə) ilə razılaşdırılmış və müəssisə rəisi tərəfindən təsdiq edilmiş rüblük iş planı əsasında qurur və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;

7.2.2. şöbənin rüblük iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və düzgün icrasını təşkil edir, öz səlahiyyətləri daxilində məhkumların qəbulunu keçirir;

7.2.3. dəstə rəislərinin (təlimatçıların, tərbiyəçilərin), sosial işçilərin xidməti vəzifələrinin yerinə yetirilməsinə, sənədləşdirmə işlərinin aparılmasına və dəstə tərbiyəçilər şurasının üzvləri tərəfindən aparılan tərbiyə işinə nəzarət edir və tövsiyələr verir;

7.2.4. məhkumlara göstərilən hüquqi, psixoloji və sosial yardım işləri ilə bağlı cəzaçəkmə müəssisəsinin digər xidmət sahələri ilə əlaqələr yaradır, bu sahələr üzrə vəziyyəti təhlil edir və müəssisə müdiriyyətinə təkliflər verir;

7.2.5. müəssisənin rəis müavini (tərbiyə işləri üzrə) ilə razılaşdırmaqla məhkumların həvəsləndirilməsi və onlara tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı müəssisə rəisinə təkliflər verir;

7.2.6. məhkumlara tətbiq edilən həvəsləndirmə və tənbeh tədbirlərinin ümumi qeydiyyatını aparır, təhlil edərək zəruri tədbirlər görür;

7.2.7. cəzaçəkmə müəssisəsinə yeni qəbul edilən və karantində saxlanılan, cərimə (intizam) təcridxanasına, kamera tipli otaqlara keçirilən, çətin tərbiyə olunan kimi qeydiyyata götürülmüş məhkumlarla cəzaların icrası qanunvericiliyinə uyğun olaraq fərdi tərbiyəvi, psixoloji və sosial iş aparmasına nəzarət edir;

7.2.8. məhkumlarla informasiya məşğələlərinin və saatlarının, mühazirələrin, eləcə də asudə vaxtın səmərəli keçirilməsinə rəhbərlik və bu işlərin təşkilinə nəzarət edir;

7.2.9. aidiyyəti əməkdaşlara metodiki köməklik göstərir, tərbiyə işi üzrə hesabatları ümumiləşdirir və tərtib edir.

7.3. Cəzaçəkmə müəssisəsi rəisinin müavini (tərbiyə işləri üzrə) dəstələrdə tərbiyə işinin təşkilinə bilavasitə rəhbərlik edir, öz fəaliyyətini müəssisə rəisi tərəfindən təsdiq edilmiş iş planı əsasında təşkil edir. O, aşağıdakıları təmin etməlidir:

7.3.1. müəssisədə məhkumlar arasında tərbiyə və islah işinin təşkilini;

7.3.2. məhkumların müraciətlərini araşdırıb, öz səlahiyyətlərinə uyğun olaraq məsələlərin həllini;

7.3.3. cəzaların icrası qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkumlara həvəsləndirmə və tənbeh tədbirləri tətbiq olunmasına dair təkliflərin verilməsini;

7.3.4. müəssisə və dəstələrdə təşviqat və əyani təbliğat vasitələrinin təşkilinə rəhbərliyi;

7.3.5. məhkumların özfəaliyyət təşkilatlarının işinin təşkilini və onlara ümumi rəhbərliyi;

7.3.6. çətin tərbiyə olunan məhkumlarla aparılan tərbiyə işinin təşkilini.

7.4. Müəssisədə tərbiyə işinin təşkilinə nəzarəti və ümumi rəhbərliyi cəzaçəkmə müəssisəsinin rəisi həyata keçirir və aşağıdakıları təmin edir:

7.4.1. müəssisədə tərbiyə işinin aparılması üçün maddi-texniki bazanın yaradılmasını, möhkəmləndirilməsini və inkişaf etdirilməsinin təşkilini;

7.4.2. məhkumların müəssisədə fəaliyyət göstərən özfəaliyyət təşkilatlarının işinə nəzarəti;

7.4.3. cəzaların icrası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkumlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqini.

7.5. Cəzaçəkmə müəssisəsinin rəisi müəssisədə keçirilən mədəni-kütləvi və digər tədbirlərdə şəxsən iştirak edir.

8.1. Dəstə tərbiyəçilər şurası - məhkumlarla tərbiyə işinin təşkilində və aparılmasında kömək etmək üçün nəzərdə tutulmuş, daim fəaliyyətdə olan məşvərətçi orqandır.

8.2. Dəstə tərbiyəçilər şurasının əsas vəzifəsi məhkumların tərbiyə prosesində iştirak etmək üçün müəssisənin dəstəyə təhkim edilmiş əməkdaşlarının, ümumtəhsil və peşə məktəbləri müəllimlərinin və tərbiyəçilərin fəaliyyətini tənzimləməkdən ibarətdir.

8.3. Dəstə tərbiyəçilər şurası 7 nəfərdən az olmamaq şərtilə 1 il müddətinə yaradılır. Onun tərkibinə tərbiyə işinin təşkili qurumlarının böyük inspektorları (xüsusi kontingentlə tərbiyə işləri üzrə, yetkinlik yaşına çatmayanlarla iş üzrə, dəstə rəisi, təlimatçı, tərbiyəçi) və inspektorları (təlimatçı), cəzaçəkmə müəssisəsinin bütün xidmət sahələrinin əməkdaşları, ümumtəhsil və peşə məktəblərinin müəllim və ustaları, tərbiyə müəssisəsində valideynlər komitəsinin sədri daxil edilir.

8.4. Dəstə tərbiyəçilər şurasının tərkibi cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təsdiq edilir.

8.5. Dəstə tərbiyəçilər şurasının iclasları ayda bir dəfədən az olmayaraq keçirilir və protokollaşdırılır.

8.6. Dəstə tərbiyəçilər şurasının iclasında üzvlərin yarısından çoxu iştirak edirsə iclas səlahiyyətli sayılır.

8.7. Dəstə tərbiyəçilər şurasının üzvləri aşağıdakı vəzifələri yetirirlər:

8.7.1. məhkumlarla fərdi tərbiyəvi iş aparır və bu barədə məhkumla fərdi tərbiyə işi dəftərlərində qeydlər edirlər;

8.7.2. məhkumlara illik xasiyyətnamələrin tərtib edilməsində iştirak edirlər;

8.7.3. məhkumların asudə vaxtlarını səmərəli keçirilmələri üçün tədbirlərin hazırlanması və keçirilməsində iştirak edirlər;

8.7.4. məhkumların azadlığa buraxılması prosesində iştirak edirlər;

8.7.5. dəstədə keçirilən iclasların təşkilində iştirak edirlər;

8.7.6. məhkumların özfəaliyyət təşkilatlarının təhkim olunduqları bölmələrin işinə rəhbərlik edirlər;

8.7.7. məhkumlarla tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təklifləri işləyib hazırlayırlar.

8.8. Məhkumlarla tərbiyə işinin təşkilində Dəstə tərbiyəçilər şurasının qərarlarından istifadə edilir.

8.9. Dəstə tərbiyəçilər şurasının fəaliyyətinə nəzarəti cəzaçəkmə müəssisəsi rəisinin müavini (tərbiyə işləri üzrə) həyata keçirir.

9.1. Psixoloji yardım göstərən şəxslərin aşağıdakı hallarda bu yardımı göstərməkdən imtina etmək və ya onu dayandırmaq hüququ vardır:

9.1.1. psixoloji yardım göstərilməsinə əsas olmadıqda;

9.1.2. psixoloji yardımın göstərilməsinə əks-göstərişlər olduqda;

9.1.3. şəxs və ya onun qanuni nümayəndəsi psixoloji yardım göstərilməsinə razılıq verməkdən imtina etdikdə;

9.1.4. psixoloji yardım alan şəxsin tələbi ilə psixoloji yardım göstərən şəxsin təklif etdiyi psixoloji yardım növü arasında uyğunsuzluq olduqda;

9.1.5. psixoloji yardım göstərən şəxsin həyat və sağlamlığı üçün təhlükə yarandıqda.

9.2. Psixoloji yardım göstərən şəxs bu yardımın göstərilməsindən imtina etdikdə və ya yardımı dayandırdıqda bunun səbəblərini yazılı şəkildə açıqlamalı və bu barədə psixoloji yardım alan şəxsi və ya onun qanuni nümayəndəsini və cəzaçəkmə müəssisəsinin müdiriyyətini məlumatlandırmalıdır.

10.1. Penitensiar müəssisələrin tərbiyə işinin təşkili qurumlarının böyük inspektoru (psixoloq):

10.1.1. cəzaçəkmə şəraitinə uyğunlaşma prosesi zamanı məhkumun şəxsiyyətini öyrənir;

10.1.2. risk qrupuna daxil olan şəxsləri (psixi sağlamlıq sferasında problemlər qeydə alınan, destruktiv davranış nümunələrinə rast gəlinən - özünə və ətrafdakılara xəsarət yetirməyə meyilli, intihara cəhd etmiş, qaçmağa meyilli, yemək qəbulundan imtina etmiş və s.) müəyyən edir, onları profilaktik qeydiyyata alır, onlarla psixokonsultativ iş aparır;

10.1.3. psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı məhkumların valideynləri və ailə üzvləri ilə birgə psixoji konsultasiyalar keçirir;

10.1.4. çətin tərbiyə olunan məhkumları, həmçinin cərimə (intizam) təcridxanasına keçirilmiş şəxsləri qəbul edir, psixoloji profilaktika və maarifləndirmə, psixoloji konsultasiya işini həyata keçirir;

10.1.5. məhkumların azad cəmiyyətə readaptasiyası istiqamətində profilaktik işlər aparır;

10.1.6. rüblük iş planını işləyib hazırlayır, görülmüş işlər barədə hesabat və arayışlar tərtib edir, rəhbərliyin əmr, göstəriş və sərəncamlarının icrasını təmin edir;

10.1.7. öz fəaliyyətində qanunçuluğa, xidməti intizama və peşə etikası normalarına riayət edir;

10.1.8. psixologiya sahəsində olan qabaqcıl təcrübəni öyrənir;

10.1.9. penitensiar müəssisələrlə, elm və təhsil müəssisələri və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir;

10.1.10. məhkum şəxsiyyətinin təhrifə uğramış davranış və əxlaqının və bu kimi başqa psixoloji aksentuasiyaların aradan qaldırılması üçün cəzaların icrası qanunvericiliyini nəzərə almaqla, psixoloji üsul və vasitələr tətbiq etməklə praktik tövsiyələr işləyib hazırlayır;

10.1.11. məhkumların şəxsi işlərinin komplektləşdirilməsi üçün nəzərdə tutulmuş psixoloji yardım işinin nəticələrini (psixoloji rəylər, tövsiyələr, arayışlar) aidiyyəti üzrə penitensiar müəssisənin rəisinə təqdim edir;

10.1.12. məhkum haqqında məlumatları gizli saxlayır, eləcə də xidməti və peşə sirlərini qoruyur, lakin risk qrupuna aid şəxslər barədə əldə etdiyi məlumatları vaxtında penitensiar müəssisənin müdiriyyətinə təqdim edir;

10.1.13. psixiatr müalicəsi yekunlaşmış psixi vəziyyəti yaxşılaşmış, lakin psixoloji yardıma ehtiyacı olan psixi xəstələrə həkim-psixiatr komissiyasının və ya kliniki (tibbi) psixoloqun tövsiyəsi olduğu halda psixoloji yardım göstərmək.

10.2. Penitensiar müəssisələrin tərbiyə işinin təşkili qurumlarının böyük inspektorunun (psixoloq) hüquqları:

10.2.1. psixoloji yardım göstərən zaman “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yardımın növünü, formasını, həcmini, vasitə və üsullarını sərbəst seçmək;

10.2.2. penitensiar sistemin fəaliyyətinə (əməliyyat-axtarış fəaliyyəti istisna olmaqla) aid normativ hüquqi aktlar, iş planları, penitensiar müəssisənin rəisinin icazəsi ilə digər materiallar və xidməti sənədlərlə tanış olmaq, peşə fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatı müəssisə müdiriyyətindən sorğu ilə almaq;

10.2.3. məhkumlarla tərbiyə işinin təkmilləşdirilməsi, mənəvi-psixoloji mühitin optimallaşdırılması üzrə müəyyən olunmuş qaydada təkliflər və tövsiyələr vermək;

10.2.4. müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasının təmin edilməsinin təşkili məsələlərinə həsr olunan konfransların, iclasların və komissiyaların işində iştirak etmək;

10.2.5. psixoloji yardım işinin maddi-texniki təchizatı və elmi-metodiki təminatı məsələləri üzrə təkliflər vermək;

10.2.6. psixoloji yardım işi ilə əlaqədar məhkumlarla fərdi söhbət aparmaq.

10.3. Penitensiar müəssisələrin tərbiyə işinin təşkili qurumlarının böyük inspektoru (psixoloq) aşağıdakı sənədləşdirmə işlərini aparır:

10.3.1. məhkumlarla psixoloji yardım işinə dair rüblük iş planı;

10.3.2. məhkumun psixoloji portreti;

10.3.3. məhkumların qəbulu jurnalı (5 nömrəli əlavə);

10.3.4. cərimə (intizam) təcridxanasına keçirilmiş məhkumların qəbulu jurnalı (6 nömrəli əlavə);

10.3.5. risk qrupuna aid olan məhkumların (intihara, özünə və digər şəxslərə xəsarət yetirməyə və ya qaçmağa meyilli, potensial konfliktli şəxslərin) qəbulu jurnalı (7 nömrəli əlavə).

10.4. Göstərilən jurnallar psixoloji yardım kabinetində xüsusi yerdə saxlanılır.

10.5. Psixoloji xidmət işinə dair kompüterin yaddaşına daxil edilmiş məlumatlara giriş psixoloq tərəfindən kodlaşdırılır.

10.6. Psixoloq tərəfindən aparılan sənədləşmə ilə kənar şəxslərin tanış olmasına yol verilmir.

Şəxsi iş № _________________________

Soyadı ________________________________

Adı ___________________________________

Atasının adı ____________________________

1. Fərdi tərbiyə işi dəftəri dəstə rəisi tərəfindən hər bir məhkuma tərtib edilir və xidməti istifadə üçün zəruri sənəddir.

2. Dəstə rəisindən başqa cəzaçəkmə müəssisəsinin rəisi, müəssisə rəisinin müavinləri, tərbiyəçilər şurasının üzvləri də öz müşahidə və qeydlərini dəftərə yazırlar.

3. Məhkum bir dəstədən o biri dəstəyə keçirildikdə dəftər yeni dəstə rəisinə verilir.

4. Məhkum başqa cəzaçəkmə müəssisəsinə göndərildikdə dəftər məhkumun şəxsi işinə qoyulur.

5. Məhkum dəstədə olduğu müddətdə dəftər dəstə rəisində saxlanılır. Məhkum azad edildikdən sonra dəftər məhkumun şəxsi işinə tikilmək üçün cəzaçəkmə müəssisəsinin xüsusi hissəsinə verilir.

a) Törətdiyi cinayətə münasibəti

b) Müsbət xüsusiyyətləri _________________________________________

c) Mənfi xüsusiyyətləri ___________________________________________

Məhkum haqqında və onunla tərbiyə işi sahəsində digər məlumatları qeyd

etmək üçün____________________________________________________________

Məhkumun adı, atasının adı və soyadı

______________________________________________________________________________

Təvəllüdü __________________________Cinsi_____________________________________

Ailə vəziyyəti _________________________________________________________________

(tam və ya natamam ailə)

Təhsili _______________________________________________________________________

Məhkumluğu _________________________________________________________________

Məhkum edildiyi maddə _______________________________________________________

Cəza müddəti ________________________________________________________________

(cəzanın əvvəli və sonu)

Törətdiyi cinayətin motivi _____________________________________________________

1. Məhkumun fərdi-psixoloji xüsusiyyətləri:

· Temperament tipi _______________________________________________________

· Xarakterin aksentuasiyası ________________________________________________

· Emosional xüsusiyyətləri ________________________________________________

· Özünə və ətrafdakılara münasibəti ________________________________________

· İradi keyfiyyətləri _______________________________________________________

· Ümumi qabiliyyətlər (xüsusi bacarıqlar da daxil olmaqla) ____________________

2. Məhkumun intellekt səviyyəsi: _____________________________________________

3. Məhkumun motivasiya istiqaməti: __________________________________________

4. Məhkumun dəyər meylləri: _________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

5. Məhkumun mühitə adaptasiyasını çətinləşdirən amillər: _______________________

(intellekt zəifliyi, şəxsiyyətin anomaliyası, autoaqressiv davranışa meylilik, aqressivlik, cinsi yönəlişlik və ya cinslərarası davranışın pozulma halları)

_____________________________________________________________________________

_____________________________________________________________________________

Böyük inspektor (psixoloq) _________________ ______________________ __________

(rütbəsi) (adı və soyadı) (imzası)

Tərbiyəvi tədbirlər keçirmək üçün lazım olan yerlərin (otaqların) adı

Kütləvi tərbiyəvi tədbirlər keçirmək üçün tamaşaçı salonu (klub)

Kütləvi tədris üçün sinif

Psixoloji yardım işi otağı

Kitabxanada oxucu zalı

Kitab saxlamaq üçün otaq

Kinofilmlərə baxmaq üçün zal və yay meydançası

“TƏSDİQ EDİRƏM” ş/i №-si

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin

_____saylı cəzaçəkmə müəssisəsinin rəisi

________________________________

“____” _________________20__ -c il.

Məhkum ___________________________________________________________________ ildə

anadan olmuş ________ saylı cəzaçəkmə müəssisəsində _________________ ildən cəza çəkir.

Cəzaçəkmə müəssisəsinə gəldikdən sonra əməyə cəlb edilib (və ya edilməyib) ___________

Əməyə münasibəti _______________________________________________________________

_________________________________________________________________________________

Məhkumlar arasına özünü ___________________________________________________ aparır,

Dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak edir ____________________________________

Dəstə kollektiv şurasında iştirak edir _______________________________________________

Törətdiyi cinayətə münasibəti: _____________________________________________________

Xasiyyətcə _______________________________________________________________________

Ailə üzvləri və yaxın qohumları ilə münasibət ________________________________________

İl ərzində həvəsləndirmişdir _______________________ dəfə

İl ərzində tənbeh verilmişdir _______________________ dəfə

Nəticə:məhkum islah yoluna qədəm ____________________________________________

__________________________

__________________________

Cəzaçəkmə müəssisəsinin rəisinin müavini ( tərbiyə işləri üzrə ) ____________________

Başlanıb______________

Qurtarıb _____________

Saxlanma müddəti_____________

Başlanıb______________

Qurtarıb______________

Saxlanma müddəti______________

Başlanıb_______________

Qurtarıb_______________

Saxlanma müddəti_______________

1. 13 oktyabr 2023-cü il tarixli 11-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310130011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 oktyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver