Qanunvericilik › “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2015) › Tam mətn

“Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2015)

“Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.01.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 12 yanvar 2015-ci il

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə (bundan sonra – tələblər) uyğunluğunun (bundan sonra – uyğunluq) müəyyənləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatına aid edilən tikinti layihələrinə (bundan sonra - layihələr) şamil olunur.

1.3. Tikintiyə icazə icraatı ilə bağlı layihələrin tələblərə uyğunluğunun müəyyənləşdirilməsi şəhərsalma əsaslandırılmasının tərtib edilməsi, məlumatlandırma icraatının şamil olunduğu layihələrin uyğunluğunun müəyyənləşdirilməsi isə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

1.4. Şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır.

1.4-1. Tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur.

1.4-2. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur.

1.5. Layihələrin uyğunluğunun müəyyənləşdirilməsi zamanı müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), həmçinin müfəssəl planın hazırlanması zamanı nəzərdə tutulan tələblərə riayət olunur.

1.6. Tikinti məqsədləri üçün ayrılan yeni ərazilər üzrə, habelə daşınmaz mədəni irs abidələri yerləşdirildiyi ərazilərdə şəhərsalma əsaslandırılmasının hazırlanmasına yol verilmir. Belə ərazilər üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) tələblərinə uyğun olaraq müfəssəl planlar hazırlanır.

1.7. Layihələrin tələblərə uyğunluğunun müəyyən edilməsinə dair inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir.

1.8. Tikintiyə icazə icraatı ilə bağlı layihələr üzrə şəhərsalma əsaslandırılması proseduruna başlanılması üçün sifarişçi tikinti obyektinin Məcəllənin 75.3.1-ci, 75.3.3-cü maddələrində göstərilən sənədləri, habelə Məcəllənin 75.3.2-ci maddəsində nəzərdə tutulan tikinti layihəsinin tikinti ərazisinin baş planı və tikinti layihəsinin memarlıq-planlaşdırma bölmələrini tikintiyə icazə verən orqana (quruma) təqdim edir (bu Qaydaların 1.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla).

1.8-1. Bu Qaydaların 1.8-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

1.9. Məlumatlandırma icraatı tətbiq edildiyi layihələr üzrə sifarişçi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı yerli icra hakimiyyəti orqanına, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə təqdim edir.

1.10. Bu Qaydaların 1.9-cu bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

2.1. Müfəssəl plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir:

2.1.1 layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda;

2.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.

2.2. Şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri yerləşdirilməsi nəzərdə tutulan obyektin ətrafındakı ərazilər nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik tərəfindən dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərinə və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərinə münasibətdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə müəyyən edilir.

2.3. Şəhərsalma əsaslandırılması yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin sifarişi əsasında onların verdikləri layihə tapşırığına uyğun olaraq layihəçi tərəfindən yerinə yetirilir. Tikinti niyyətini həyata keçirmək istəyən sifarişçinin istədiyi hallarda və onun müstəqil müraciəti əsasında şəhərsalma əsaslandırılmasının yerinə yetirilməsi layihəçiyə sifariş edilir. Bu zaman layihə tapşırığı da tikinti niyyətini həyata keçirmək istəyən sifarişçi tərəfindən verilir.

2.4. Şəhərsalma əsaslandırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə, layihələndirilən ərazinin ölçülərindən asılı olaraq müəyyən olunan miqyasda, topoqrafik planda işlənilir və tərkibində aşağıdakılar göstərilir:

2.4.1. şəhərsalma əsaslandırılması işlənilən ərazinin sərhədləri;

2.4.2. şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri daxilindəki tikintilərin mövcud vəziyyəti və yerləşdirilməsi nəzərdə tutulan obyektlər;

2.4.3. istifadə olunan torpaqların təyinatı göstərilməklə sərhədləri;

2.4.4. mərtəbəlilik göstərilməklə şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı;

2.4.5. qırmızı xətlər;

2.4.6. yerləşdirilməsi nəzərdə tutulan obyektlərin tikinti əraziləri və tikinti sahələri;

2.4.7. tarixi landşaft, mədəni irs obyektləri və tarixi-memarlıq abidələri, onların əraziləri və mühafizə zonaları;

2.4.8. mövcud su, kanalizasiya, elektrik, istilik və qaz təchizatı xətləri;

2.4.9. estetik gözəlliyin, müasirliyin, milli, tarixi-mədəni irsin qorunmasına nail olunması üçün tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubu.

2.5. Şəhərsalma əsaslandırılmasının tərkibi aşağıdakılardan ibarətdir:

2.5.1. şəhərsalma əsaslandırılmasının əsas göstəriciləri barədə qısa izahat;

2.5.2. topoqrafik planda ərazinin 1:500 miqyasında Baş planı;

2.5.3. torpaqdan istifadə növü (mövcud və layihələndirilən);

2.5.4. küçə və məhəllədaxili yolların açılışı.

2.6. Bu Qaydalar üzrə tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir:

2.6.1. tikilməsi nəzərdə tutulan obyekt Baş plana zidd olduqda;

2.6.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda;

2.6.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturunun yaradılması, təhlükəsizliyin və sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etdikdə;

2.6.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları və yaxud landşaftın təbii xüsusiyyətlərini pozduqda;

2.6.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatından və ya təbiət hadisələrindən (daşqından) qorunmağa təhlükə yaratdıqda.

2.7. Tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda, aşağıdakılar nəzərə alınmalıdır:

2.7.1. tikilməsi nəzərdə tutulan obyektin torpağın üst münbit qatının vəziyyətinə zərərli təsir göstərməsi;

2.7.2. tikintisi nəzərdə tutulan obyektin inşasının magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, respublika və yerli əhəmiyyətli avtomobil yollarının və ya suların mühafizə zonalarında həyata keçirilməsinə yol verilməməsi;

2.7.3. sanitar, yanğın, ekoloji və radiasiya təhlükəsizliyi tələblərinin təmin edilməsi.

2.8. Estetik gözəlliyin, müasirliyin, milli, tarixi-mədəni irsin qorunmasına nail olunması üçün tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubunun təmin edilməsi üçün aşağıdakılardan ən azı biri nəzərə alınmalıdır:

2.8.1. müvafiq ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərinin həcm-fəza kompozisiyasında, eləcə də fasadların tərtibatında müasir memarlıq üslublarının tətbiqi;

2.8.2. müvafiq ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;

2.8.3. binaların memarlıq həllərində tətbiq olunan üslubların, eləcə də binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.

2.9. Şəhərsalma əsaslandırılması tətbiq edilən ərazidə bu Qaydaların 2.8-ci bəndində qeyd edilən memarlıq üslublarından birinin müəyyən edilməsi ilə bağlı sifarişçi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət oluna bilər. Həmin müraciətə 10 (on) gün müddətində əsaslandırılmış cavab verilməlidir.

2.10. Tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq ərazinin memarlıq üslubuna riayət edilmədikdə, şəhərsalma əsaslandırılmasını təsdiq edən orqan tərəfindən sifarişçiyə işçi qaydada uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tövsiyələr verilir.

2.11. Bu Qaydaların 2.10-cu bəndindəki tövsiyələrə uyğun olaraq şəhərsalma əsaslandırılması layihəsi üzrə işlənilmiş memarlıq üslubunu razılaşdırmaq mümkün olmadıqda, Qaydaların 2.5.4-cü yarımbəndində qeyd edilən küçə və məhəllədaxili yolların açılışı sifarişçinin ərizəsi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənişsiz qaydada tərtib edilməlidir.

3.1. Şəhərsalma əsaslandırılması barədə tikintiyə icazə icraatı üzrə maraqlı şəxslərə məlumatın verilməsi və onların dinlənilməsi yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik tərəfindən həyata keçirilir.

3.2. Şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərinə və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərinə münasibətdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə yerli icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin, Bakı şəhərinin və digər şəhərlərin, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş rayonlarının inzibati ərazisində (Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə) isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq edilir.

3.2-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılması üçün bu Qaydaların 2.3-cü bəndində göstərilən layihə tapşırığının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmasına yol verilir. Bu hallarda şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında tərtib edilir. Həmin sənədlərin hazırlanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 24.2-ci maddəsinə uyğun olaraq dövlət vəsaiti hesabına maliyyələşdirilir.

3.3. Şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir. Bir nüsxə layihəçidə qalır, bir nüsxə sifarişçiyə verilir, digər nüsxələri isə tikintiyə icazə verən orqanda (qurumda) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saxlanılır.

4.1. Məlumatlandırma icraatı şamil olunan tikinti obyektləri layihələrinin tələblərə uyğunluğu yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik tərəfindən bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan şərtlərin, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinin birgə mövcudluğu ilə müəyyənləşdirilir.

4.2. Məlumatlandırma icraatı şamil olunan tikinti obyektləri layihələrinin Məcəllənin 80.1-ci maddəsində yol verilən mərtəbələrinin say həddi daxilində məhdudlaşdırılmasına (mərtəbələrin sayının azaldılması və ya artırılması tələbi) yol verilmir.

1. 7 sentyabr 2015-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1210)

2. 28 yanvar 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 fevral 2016-cı il, № 26; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 364)

3. 31 mart 2017-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 aprel 2017-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 515)

4. 21 may 2018-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2018-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1138)

5. 30 avqust 2018-ci il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1819)

6. 30 iyul 2019-cu il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 avqust 2019-cu il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1358)

7. 24 dekabr 2019-cu il tarixli 493 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2074)

8. 29 iyun 2020-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 812)

9. 23 oktyabr 2020-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 oktyabr 2020-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1297)

10. 5 fevral 2021-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2021-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 195)

11. 16 aprel 2021-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2021-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 400)

12. 5 sentyabr 2023-cü il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 6 sentyabr 2023-cü il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1326)

13. 5 sentyabr 2023-cü il tarixli 308 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 7 sentyabr 2023-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1329)

14. 2 aprel 2024-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-cü il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 440)

15. 20 sentyabr 2024-cü il tarixli 433 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2024-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1096)

16. 20 fevral 2025-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2025-ci il, “Xalq” qəzeti, 25 fevral 2025-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 193)

17. 21 fevral 2025-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 26 fevral 2025-ci il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 204)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver