Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Əmlak inzibatçısının təyin edilməsi şərtləri

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər.

2. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir.

3. Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar.

Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər.

4. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Aşağıdakılar əmlak inzibatçısı seçilə bilməzlər:

a) borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları;

b) bu Qanunun 54-cü maddəsinə uyğun olaraq borcluya aidiyyəti olan şəxslər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver