Əmlak inzibatçısı:
a) təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli və borclunun iflası və özünün təyin edilməsi barədə rəsmi dövri mətbu nəşrdə azı 7 günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir;
b) təyin edildikdən sonra ən qısa müddətdə borclunun əmlakının mühafizəsi və onun fəaliyyətinə nəzarət edilməsi üçün tədbirlər görməlidir;
c) borclunun maliyyə vəziyyətini təhlil etməli, belə təhlil nəticəsində aşkar olunmuş yalandan və ya qəsdən müflis elan olunmanın əlamətlərinin mövcudluğu barəsində öz rəyini müvafiq məhkəməyə təqdim etməlidir;
ç) köməyindən istifadə etməyi lazım bildiyi istənilən ekspertləri cəlb etməklə borclunun aktivlərinin inventarizasiyasını aparmalı və onları qiymətləndirməlidir;
d) bu Qanunun müvafiq müddəalarına əsasən fəaliyyət göstərərək borclunun əmlakının (əmlakın bir hissəsinin), o cümlədən bu Qanunun tələblərinə müvafiq surətdə təminatlı kreditora məxsus təminatın satışı zamanı kreditorların kommersiya mənafelərini qorumaqla mümkün olan ən yaxşı satış qiymətinə nail olmalıdır;
e) borclu tərəfindən göndərilən sənədlərin (məktub, hesabfaktura və maliyyə sənədləri) məzmununda onun iflas prosesində olduğunu göstərən konkret məlumatın hər dəfə əks olunmasını, o cümlədən belə sənədlərdə borclunun adının yanında mötərizədə “iflas prosesində olan” ifadəsinin yazılmasını təmin etməlidir;
ə) bu Qanunun VII fəslinə əsasən borclu ilə kreditorlar arasında saziş bağlanmasının məqsədəuyğunluğunu qiymətləndirməli və bu cür sazişin kreditorların mənafelərinə uyğun gəlib-gəlmədiyi barədə kreditorlara və məhkəməyə məlumat verməlidir;
f) əgər iflas prosesinin bu və ya digər məqamında əmlak inzibatçısı bu Qanunun XII fəslinin müddəalarına uyğun olaraq borclunun əmlakının satılmasını və satış pulunun müvafiq olaraq bölünməsini kreditorların mənafelərinə daha uyğun olduğunu hesab edərsə və əgər həmin məqamda bu Qanunun VII fəslinə müvafiq surətdə kreditorlarla hər hansı saziş qüvvədə deyilsə və belə sazişin bağlanacağı barədə əsaslı ehtimallar yoxdursa, o, borclunun əmlakını satmaq və satış pulunu bölüşdürmək üçün satış planını hazırlamalı, onun təsdiqi üçün kreditorların yığıncağını çağırmalı və təsdiq edilmiş satış planına uyğun olaraq tədbirlər görməlidir;
g) kreditorların tələblərinin məbləği göstərilməklə onların siyahısını tərtib etməli və bu Qanunun IX fəslinə uyğun olaraq kreditorların tələblərinin reyestrini hazırlamalıdır;
ğ) tam əsaslı olmayan hər hansı tələbə və ya onun məbləğinə etiraz etməlidir;
h) borcluya qaytarılmalı borcların alınması üçün tədbirlər görməlidir;
x) kreditorlarla bağlanmış hər hansı sazişi müvafiq məhkəmənin təsdiqinə verməlidir;
ı) bu Qanunun XIII-XV fəsillərinə uyğun olaraq borclu tərəfindən bağlanılmış əqdləri, borclunun müdir və rəhbər işçilərinin fəaliyyətini (aktlarını) yoxlamalı, bu yoxlamaların nəticələri ilə əlaqədar məhkəməyə və digər səlahiyyətli dövlət orqanlarına müvafiq müraciətlər etməlidir;
i) zərurət olduqda qüvvədə olan qanunvericiliyə zidd olmayan hallarda və orada müəyyən edilmiş qaydada işçiləri işdən çıxarmalıdır;
j) bu Qanunun tələblərinə uyğun olaraq öz fəaliyyəti barəsində kreditorlara və məhkəməyə müvafiq hesabatlar təqdim etməlidir;
k) təyinat müddəti ərzində borclunun işlərinin vəziyyəti barəsində əldə etdiyi bütün məlumatın məxfiliyini kreditorların mənafeyi üçün qoruyub saxlamalıdır;
m) qanunvericiliyə zidd olmayan və bu Qanunda göstərilmiş hər hansı digər hərəkətləri həyata keçirməlidir.