Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Borclunun aktivlərinin açıq hərrac yolu ilə satılması

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qanunun V fəslində nəzərdə tutulmuş istisnalarla, əgər məhkəmə hər hansı konkret halda başqa sərəncam verməzsə, borclunun əmlakının bir hissəsini təşkil edən aktivlərin hamısı açıq hərrac yolu ilə satılır. Borclunun aktivlərinin açıq hərrac yolu ilə satılması bu Qanunun 18-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş borclunun müflis elan olunması məqamından 30 gündən gec olmayaraq keçirilir.

2. Əmlak inzibatçısı hərracı özü təşkil edə bilər və ya bunun üçün lazımi ixtisası olan üçüncü şəxslə müqavilə bağlaya bilər.

3. Borclunun mülkiyyətinə daxil edilmiş əmlakın başlanğıc qiymətini əmlak inzibatçısı bu Qanuna uyğun olaraq həmin əmlakın qiymətləndirilməsinə müvafiq surətdə müəyyənləşdirir. Əmlak kreditorları kommersiya mənafelərinə daha uyğun qiyməti təklif etmiş alıcıya satılmalıdır.

4. Əmlak inzibatçısı ilə alıcı arasında başqa qayda haqqında əldə olunmuş razılıq istisna olmaqla, borcluya məxsus əmlakın hamısının və ya bir hissəsinin hər hansı alıcısı əmlakın satış qiymətini hərracın keçirildiyi tarixdən sonra 7 gündən gec olmayaraq ödəməlidir. Satış qiyməti alıcı tərəfindən həmin müddət ərzində ödənilmədikdə, əmlak inzibatçısının əmlakın həmin hissəsini hər hansı üçüncü şəxsə satmağa və öhdəliyini yerinə yetirməmiş alıcıdan aşağıdakılarla bağlı ziyanının əvəzini almağa ixtiyarı vardır:

a) yenidən təşkil edilən satışın dəyəri; və

b) hərracda təklif edilmiş qiymətlə sonrakı satış zamanı müəyyən edilmiş qiymət arasındakı fərq.

5. Borclunun əmlakının hamısı və ya hər hansı bir hissəsi hərracda satılmadıqda, əmlak inzibatçısı həmin əmlakı ən münasib olan yüksək qiymətlə hər hansı şəkildə sata bilər və hər bir belə satış zamanı əmlakın bütün tərkib hissələri əmlak inzibatçısının məhkəməyə təqdim etdiyi hesabatlarda müfəssəl göstərilməlidir.

6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət müəssisələrinin aktivlərinin satışı üçün başqa qayda nəzərdə tuta bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver