Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsi

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu maddənin müddəaları nəzərə alınmaqla, bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərin hər hansı birinin müraciəti ilə məhkəmə borclunun müflis elan olunması məqamınadək istənilən vaxt müvəqqəti əmlak inzibatçısını təyin edə bilər.

2. Müvəqqəti əmlak inzibatçısı yalnız iflas prosesinə məhkəmənin iştirakı ilə başlanıldığı hallarda təyin edilə bilər.

3. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsi aralıq tədbir kimi aşağıdakı məqsədlərlə həyata keçirilir:

a) borclunun əmlakını təşkil edən aktivlərin həmin borclunun müflis elan olunmasına qədər hüquqa zidd qaydada özgəninkiləşdirilməməsinin təmin edilməsi;

b) borclunun vəziyyətinin ilkin maliyyə təhlilinin aparılması.

4. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsinin meyarları əmlak inzibatçısı təyin edilməsinin meyarları ilə eynidir.

5. Borclunun əmlakını təşkil edən aktivlərin salamatlığı barəsində hər hansı şübhə yarandıqda məhkəmə müvəqqəti əmlak inzibatçısı təyin etməlidir.

6. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsi barədə ərizəyə məhkəmədə qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətlərdə, lakin 3 gündən gec olmayaraq baxılır.

7. Müvəqqəti əmlak inzibatçısı təyin edildikdən sonra borclu müflis elan olunmasa, müvəqqəti əmlak inzibatçısının təyin olunması barədə məhkəməyə müraciət etmiş tərəf onun haqqını və bütün xərclərini, habelə müvəqqəti əmlak inzibatçısının təyin edilməsi nəticəsində borclunun məruz qaldığı bütün itkilərin əvəzini ödəməlidir. Borclu müflis elan olunduqda müvəqqəti əmlak inzibatçısının haqqı və xərcləri əmlak inzibatçısının haqqı və xərcləri kimi bu Qanunun XII fəslində müəyyən edilmiş qaydaya uyğun olaraq birinci növbədə ödənilir.

8. Borclunun əmlakını təşkil edən aktivlər üçün ciddi təhlükənin yaranması haqqında məlumat əldə edildikdə məhkəmə borclunun izahatını almadan müvəqqəti əmlak inzibatçısını qiyabi təyin edə bilər. Belə hallarda borclu bu cür təyinat barəsində bildirişi aldıqdan sonra 7 gün ərzində məhkəməyə bu barədə etiraz edə bilər. Bu zaman borclunun ərizəsinə bu maddənin 6-cı bəndində nəzərdə tutulmış qaydada baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver