1. Borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.
2. İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:
a) ərizənin verildiyi məhkəmənin adı;
b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı;
c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri;
ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat;
d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması;
e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı;
ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.