Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41-1

Maddə 41-1. Sağlamlaşdırma planı və onun təsdiq edilməsi qaydası

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Borclunun sağlamlaşdırılması sağlamlaşdırma planına uyğun olaraq həyata keçirilir. Borclu sağlamlaşdırma planını borclu və kreditorlar arasında sağlamlaşdırma haqqında qərar qəbul edildiyi gündən 2 (iki) ay müddətində tərtib etməlidir. Sağlamlaşdırma planının məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2. Borclu tərtib etdiyi sağlamlaşdırma planını kreditorların yığıncağına təqdim etməlidir.

3. Sağlamlaşdırma planı və ona edilən dəyişikliklər kreditorların yığıncağının qərarı ilə bu maddənin 9-cu hissəsində müəyyən edilmiş qaydada qəbul edilir və məhkəmə tərəfindən təsdiq edilir.

4. Sağlamlaşdırma planının qəbul edilməsi ilə əlaqədar kreditorlar yığıncağında borcluya qarşı eyni tələbləri olan və tələblərin ödənilməsində bir-birinin qarşısında üstünlükləri olmayan kreditorlar qrupu, bu maddənin 9-cu hissəsinə uyğun olaraq, iştirak etməlidir. Kreditorlar qrupu kreditorların aşağıdakı bölgüsü nəzərə alınmaqla formalaşdırılır:

a) girov və ya ipoteka ilə təmin edilən öhdəliklər üzrə kreditorlar;

b) həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər, habelə alimentlərin tutulması barəsində tələblər üzrə kreditorlar;

c) əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər üzrə kreditorlar;

ç) dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər, kredit təşkilatlarının təminatsız borcları və onların faizləri üzrə kreditorlar;

d) qanundan və ya müqavilədən irəli gələn tələblər üzrə digər təminatsız kreditorlar (o cümlədən mal, iş və xidmət müqavilələri üzrə təminatsız kreditorlar);

e) borclu hüquqi şəxsin təsisçiləri (iştirakçıları).

5. Sağlamlaşdırma planı hər bir kreditorlar qrupu daxilində səsvermə yolu ilə qəbul edilir. Kreditorlar qrupu daxilində sağlamlaşdırma planının səsvermə yolu ilə qəbulunda həmin qrupun kreditorlarının üçdə ikisindən artıq hissəsi iştirak etməlidir. Kreditorlar qrupu daxilində səsvermə zamanı kreditorlar bərabər hüquqa malikdirlər. Hər bir kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən kreditorlar iştirak edir.

6. Sağlamlaşdırma planı hər bir təminatlı kreditorlar qrupu daxilində tələblərin məbləğinin üçdə ikisindən artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Hər bir təminatlı kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edir. Borclunun aidiyyəti şəxsləri olan təminatlı kreditorların tələbləri sağlamlaşdırma planının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak məqsədləri üçün nəzərə alınmır.

7. Sağlamlaşdırma planı eyni növdən olan təminatsız kreditorlar qrupu daxilində tələblərin məbləğinin 50 faizindən artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Borclunun aidiyyəti şəxsləri olan təminatsız kreditorların tələbləri sağlamlaşdırma planının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak məqsədləri üçün nəzərə alınmır.

8. Təminatlı kreditorun tələbi əsasında, sağlamlaşdırma planına həmin təminatlı kreditorun girov və ya ipoteka hüququndan imtinası barədə şərt daxil edilir. Həmin kreditor girov və ya ipoteka hüququndan imtina etdiyi tələblərə münasibətdə təminatsız kreditor sayılır.

9. Hər bir kreditorlar qrupu özünün seçdiyi bir üzv vasitəsilə kreditorlar yığıncağının səsverməsində iştirak etməlidir. Kreditorlar qrupu bir kreditordan ibarət olduqda, həmin kreditor səsvermədə şəxsən iştirak etməlidir. Səsvermədə iştirak edən kreditorlar qrupu (üzvlər) bərabər hüquqa malikdir. Kreditorlar yığıncağının qərarı səsvermədə iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər qrupun bir üzvü bir səs hesab edilir. Səslər bərabər olduqda kreditorların yığıncağının sədrinin səsi həlledici hesab olunur. Sədr kreditorların yığıncağı tərəfindən seçilir.

10. Borclu müvəqqəti əmlak inzibatçısına kreditorların yığıncağının iclasından sonrakı gündən gec olmayaraq tərtib etdiyi və kreditorlar yığıncağı tərəfindən qəbul edilən sağlamlaşdırma planını təqdim etməlidir. Müvəqqəti əmlak inzibatçısı sağlamlaşdırma planının səmərəliliyini təsdiq etməlidir.

11. Borclu sağlamlaşdırma planını kreditorların yığıncağı tərəfindən qəbul edildiyi gündən 3 gün müddətində təsdiq üçün məhkəməyə təqdim etməlidir.

12. Sağlamlaşdırma planının təsdiqinə dair işə məhkəmə tərəfindən bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.

13. Sağlamlaşdırma planının təsdiqinə dair məhkəmə qərarında aşağıdakılar göstərilir:

a) borclunun adı, onun olduğu yer, bank hesabları haqqında məlumatlar, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, müdirinin soyadı, adı, atasının adı, əlaqə nömrəsi;

b) sağlamlaşdırma planının təsdiqi;

c) sağlamlaşdırma prosesinin müddəti;

ç) sağlamlaşdırma prosesində iştirak edən kreditorların siyahısı;

d) sağlamlaşdırma planına daxil edilmiş eyni növdən olan kreditorlar qrupunun (qruplarının) tələblərinin həcmi;

e) sağlamlaşdırma planının təsdiq edilməsinin bu Qanunun 41-2-ci maddəsində nəzərdə tutulan nəticələri;

ə) sağlamlaşdırma planının icrası ilə bağlı hesabatın təqdim edilməsi müddəti.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver