Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 44

Maddə 44. Borc tələblərini qiymətləndirərkən əmlak inzibatçısının tətbiq etdiyi prinsiplər

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Əgər müflisolma zamanı irəli sürülmüş borc məbləğinin üstünə faizlər hesablanırsa və ya həmin borc cərimə sanksiyaları üçün əsas verirsə, göstərilən faizlər və ya sanksiyalar borcun bir hissəsi kimi tələb edilə bilər, lakin borclunun müflisolma məqamından başlanan hər hansı dövr üçün bu cür məbləğlərin ödənilməsi istisna edilir.

2. Kreditor ilə əmlak inzibatçısı arasında sazişə uyğun olaraq kreditorun tələbi istənilən vaxt geri götürülə bilər və ya tələb edilən məbləğ barəsində dəyişdirilə bilər.

3. Qanunvericiliyə zidd olmayan hallarda kreditor hər hansı müqavilə üzrə borcun və ya öhdəliklərin ödənilməsini tələb etdikdə ödənilməli məbləğlər, o cümlədən borclunun qeyri-pul öhdəlikləri üçün kompensasiya məhkəmə tərəfindən deyil, əmlak inzibatçısı tərəfindən qiymətləndirilir.

4. Əgər əmlak inzibatçısı borclunun öhdəliklərini ləğv edirsə, bu cür ləğvetmə ilə mənafelərinə toxunulan şəxs borcludan itkilərinin əvəzinin ödənilməsini tələb etmək, həm də bu cür itkilərin müflisolma zamanı təmin edilməmiş borc kimi bu Qanunun tələblərinə uyğun müəyyən edilən növbəlik qaydasında beşinci növbədə ödənilməsini tələb etmək hüququna malikdir.

5. Borclunun öz borclarının (və ya öhdəliklərinin) gələcəkdə ödənilməsi olduğu bütün hallarda onların icra müddəti borclunun müflisolma məqamına keçirilir. Bu zaman bağlanmış müqavilə xətm olunmuş hesab olunur və kreditorların tələb irəli sürmək hüququ yaranır. Əgər əmlak inzibatçısı bu cür sürətləndirilmiş tələb barəsində ödənilməli kompensasiyanın məbləğini hesablayırsa, tələbin vaxtından əvvəl verilməsi faktını əks etdirmək üçün tələbin məbləğindən güzəşt etməlidir. Bu Qanunun məqsədləri üçün güzəştli tələbin məbləği tələbin xalis cari dəyəri kimi başa düşülür.

6. Əmək qabiliyyətsizliyinə görə müavinətlər barəsində işçiləri qarşısında borclunun öhdəlikləri olduqda həmin öhdəliklərin yerinə yetirilməsi tələbi qalan borcların yerinə yetirilməsi üçün nəzərdə tutulan qaydada sürətləndirilir və bu Qanunun XII fəslində müəyyən edilmiş növbəlik qaydasında ödənilir.

7. Borclunun səhmdarları və ya mülkiyyətçiləri bu Qanunun XII fəslinə uyğun olaraq bütün qalan kreditorların tələbləri ödənildikdən sonra ödəmə qabiliyyəti olmayan borclunun kapitalına verdikləri paylarının əvəzinin ödənilməsi hüququna malikdirlər. Səhmdar və ya mülkiyyətçi bu hüquqa görə, ödəmə qabiliyyəti olmayan borclunun kreditoru sayılmır və kreditorların yığıncağında səs vermək və ya iflas işi üzrə araşdırmada hər hansı başqa şəkildə iştirak etmək hüququna malik deyildir, lakin hər hansı başqa əqd üzrə ayrıca borcunun olması nəticəsində həmin səhmdarın və ya mülkiyyətçinin kreditora çevrildiyi hallar istisna təşkil edir. Səhmdar və ya mülkiyyətçi kapitala verdiyi payla əlaqədar ödəmə qabiliyyəti olmayan borclunun onun qarşısında daşıdığı hər hansı öhdəliyi özünün borclu qarşısında ola bilən hər hansı borcunun hesabına aid edilməsi hüququna malik deyildir. Səhmdarlara ödənişlərin növbəliyini müəyyən edərkən əmlak inzibatçısı səhmdara məxsus səhmlərin növünü nəzərə almalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver