Qanunvericilik › “Mühasibat hesabatlarında təhriflər aşkar etdikdə auditorun hərəkəti” Qaydası (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 29.05.2000) › Tam mətn

“Mühasibat hesabatlarında təhriflər aşkar etdikdə auditorun hərəkəti” Qaydası (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 29.05.2000)

“Mühasibat hesabatlarında təhriflər aşkar etdikdə auditorun hərəkəti” Qaydası (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 29.05.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

nazir ________ F.Məmmədov

Azərbaycan Respublikası

sədr _______V.Novruzov

1.1 Bu standart “Səhvlər və Dələduzluq” (ISA 240 "Fraud and Error") Beynəlxalq audit standartına və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq auditor fəaliyyətini tənzimləmək üçün hazırlanmışdır.

1.2 Standartın məqsədi - audit aparılarkən təsərrüfat subyektinin mühasibat hesabatlarında təhriflər aşkar etdikdə auditorun hərəkətini müəyyən etməkdən ibarətdir.

1.3 Bu standartın vəzifələri aşağıdakılardır:

a) mühasibat hesabatlarında təhriflərin növlərinin təsviri;

b) mühasibat hesabatlarında təhriflərin riski amillərinin müəyyən edilməsi.

v) təsərrüfat subyektinin məsul şəxslərinin mühasibat uçotu və hesabatlarının təşkili və aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına qəsdən və ya bilmədən (fəaliyyətsizlik) düzgün əməl edilməməsi nəticəsində mühasibat hesabatlarında təhriflər aşkar etdikdə auditorun hərəkətinin xüsusiyyətlərinin müəyyən edilməsi;

q) auditor tərəfindən mühasibat hesabatlarının dürüstlüyünə təsir edən təhriflərin aşkar edilməsi ilə əlaqədar auditorun məsuliyyətinin həddinin müəyyən edilməsi;

1.4. Standartın tələbləri rəsmi auditor rəyinin hazırlanması nəzərdə tutulan auditin keçirilməsində auditorlar üçün məcburi, auditor rəyinin hazırlanması tələb olunmayan könüllü auditdə, habelə digər auditor xidmətlərinin göstərilməsində isə tövsiyə xarakteri daşıyır.

1.5. Konkret tapşırığın yerinə yetirilməsində bu standartın məcburi tələblərindən yayınma hallarında auditor bunu auditin və ya digər auditor xidmətlərini sifariş edən təSərrüfat subyektinin rəhbərliyinə təqdim etdiyi rəsmi aktda (hesabatda) məcburi qaydada qeyd etməlidir.

2.1. Mühasibat hesabatlarında təhriflər, yəni mühasibat uçotunun təşkili və aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulması səbəbindən mühasibat uçotu məlumatlarının düzgün olmayaraq əks etdirilməsi və təqdim olunması qəsdən və bilmədən ola bilər.

2.2.1. Mühasibat hesabatlarında qəsdən təhriflər audit aparılan təsərrüfat subyektinin məsul şəxslərinin qabaqcadan nəzərdə tutulmuş fəaliyyətinin (və ya fəaliyyətsizliyinin) nəticəsidir. Bunlar mühasibat hesabatlarının istifadəçilərini yanıltmaq məqsədilə həyata keçirilir. Bununla yanaşı auditor nəzərə almalıdır ki, təsərrüfat subyektinin məsul şəxslərinin mühasibat hesabatlarında qəsdən təhriflərə (və ya fəaliyyətsizliyə) yol vermələrinə dair qərar yalnız buna səlahiyyəti olan orqan tərəfindən verilə bilər.

2.2.2. Mühasibat hesabatlarında bilmədən təhriflər təsərrüfat subyektinin məsul şəxslərinin qabaqcadan nəzərdə tutulmamış fəaliyyətinin (və ya fəaliyyətsizliyinin) nəticəsidir. Bu, uçot qeydiyyatlarında aparılan hesab səhvlərinin, hesablaşmalardakı səhvlərin, uçotun aparılmasına tam baxılmamasının, təsərrüfat fəaliyyətinin, əmlakın, öhdəliklərin mövcudluğu və vəziyyətinə dair məlumatların uçotda düzgün əks etdirilməməsi nəticəsində ola bilər.

2.2.3 Mühasibat hesabatlarında həm qəsdən, həm də bilmədən təhriflər audit aparılan təsərrüfat subyekti üçün maliyyə-təsərrüfat fəaliyyətini düzgün təhlil etməyə və real nəticə çıxarmağa mane olan mənfi hal hesab edilir.

3.1. Auditor audit prosesində mühasibat hesabatlarında təhriflərin yaranması və aşkar edilməməsi risklərini müəyyən olunmuş qaydada qiymətləndirməlidir. Bu zaman auditor qəsdən və bilmədən təhriflər riskinin artmasına şərait yaradan müəyyən edilmiş amillərin mövcudluğunu nəzərə almalıdır.

3.2. Təsərrüfat subyektlərinin təsərrüfatdaxili fəaliyyətində təhriflərin yaranmasını əmələ gətirən amillərə aşağıdakıları aid etmək olar:

a) iqtisadiyyatın böhran keçirən sahələrinə iri məbləğdə maliyyə vəsaitlərinin qoyulması;

b) təsərrüfat subyektinin dövriyyə vəsaitinik həcminik satışın (istehsalın) sürətli artımına və ya mənfəətin əhəmiyyətli dərəcədə aşağı düşməsinə uyğun gəlməməsi;

v) təsərrüfat subyektinin müəyyən dövr ərzində bir və ya bir neçə sifarişçidən və ya malgöndərəndən asılı (əlaqəli) olması;

q) Uçot siyasəti və ya müqavilə münasibətləri təcrübəsində edilən dəyişiklik nəticəsində mənfəətin həcminin əhəmiyyətli dərəcədə dəyişməsi;

ğ) Təsərrüfat subyektinin maliyyə göstəricilərinə (xüsusən də ilin sonunda) əhəmiyyətli təsir göstərən qeyri-səciyyəvi sövdələşmələr;

d) Xidmətlərə görə mövcud ödənişlərin göstərilmiş xidmətlərə uyğun gəlməməsi;

e) təsərrüfat subyektinin təşkilati idarəetmə strukturunun xüsusiyyətləri və bu strukturda mövcud olan nöqsanlar;

j) kapitalın strukturunun və mənfəətin bölgüsünün xüsusiyyətləri;

z) mühasibat uçotunun aparılmasında və mühasibat hesabatlarının hazırlanmasının təşkilində qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənarlaşmalar.

4.1. Audit aparılarkən, o cümlədən auditin planlaşdırılması zamanı auditor yoxlanılan təsərrüfat subyektinin mühasibat hesabatlarında təhriflərin mövcudluğunun mümkünlüyünü nəzərə almalıdır. Bununla əlaqədar auditor audit proseduralarını işləyib hazırlayır və mühasibat hesabatlarında təhriflərin riskini qiymətləndirir. Eyni zamanda auditor audit apararkən mühasibat hesabatlarında təhriflərin mövcudluğuna aid olan faktların aşkar edilməsi üçün lazımi tədbirlər görməlidir.

4.2. Təsərrüfat subyektinin mühasibat hesabatlarında təhriflər aşkar etdikdə auditor yoxlanılan hesabatların düzgünlüyünə onların təsirini bütün əhəmiyyətli hallarda qiymətləndirməlidir.

4.3. Auditor mühasibat hesabatlarında təhriflər aşkar edilməsi ilə əlaqədar olaraq təsərrüfat subyektində mövcud olan və təhriflərin yaranmasına səbəb olan mümkün nöqsanların aşağıdakı növlərini nəzərə almalıdır:

a) mühasibat uçotu və hesabatlarının təşkili və aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarından kənarlaşmaları;

b) hesabat dövrü ərzində ayrı - ayrı təsərrüfat əməliyyatlarının və əmlakın qiymətləndirilməsinin mühasibat uçotunda əks etdirilməsinə dair qəbul edilmiş uçot siyasətinin olmaması və ya ona əməl edilməməsini;

v) valyuta əməliyyatları ilə əlaqədar və mülki, vergi qanunvericiliklərinin pozulmasını;

q) mühasibat hesabatlarında təhriflərə təsir göstərən digər nöqsanları.

4.4. Auditor mühasibat hesabatlarında təhriflər aşkar etdikdə, özünün işləyib hazırladığı audit proseduralarına aşağıdakılardan asılı olaraq düzəliş etməlidir:

a) təşkilatlarda baş vermiş təhrifləri əmələ gətirən nöqsanların növlərindən;

b) aşkar edilmiş təhriflərin əhəmiyyətlilik dərəcəsindən;

v) gələcək yoxlama zamanı təhriflərin yaranması riskindən və təhrifləri aşkar etməmək riskindən.

4.5. Auditor mühasibat hesabatlarında təhriflər aşkar etdiyi zaman təsərrüfat subyektinin daxili nəzarət sisteminin səmərəliliyini düzgün qiymətləndirməlidir.

Auditor mühasibat hesabatlarında aşkar etdiyi təhriflərin əmələ gəlməsinə qarşı yönəldilən mövcud daxili nəzarət sisteminin təsirini əvvəlcə nəzərdə tutulduğundan zəif hiss edərkən, daxili nəzarət sisteminin etibarlığına dair özünün qiymətləndirilməsinə yenidən baxmalı və bununla əlaqədar olaraq tətbiq olunacaq audit proseduralarının xüsusiyyətlərini və həcmini dəqiqləşdirməlidir

4.6. Auditor audit prosesində mühasibat hesabatlarında aşkar etdiyi təhrif faktlarını müəyyən olunmuş qaydada öz işçi sənədlərində hərtərəfli əks etdirməlidir.

Auditor mühasibat hesabatlarında aşkar etdiyi təhriflər haqqında məlumatları auditə dair akta (hesabata) daxil etməlidir.

5.1. Auditor yoxlanılan təsərrüfat subyektinin rəhbərliyinə rəsmi təqdim olunan aktda (hesabatda) və ya auditor rəyində mühasibat hesabatlarının düzgünlüyünə dair ifadə olunan fikrin obyektivliyinə və əsaslığına görə həmçinin, məlumatların düzgünlüyünə və dolğunluğuna görə məsuliyyət daşıyır.

5.2. Auditor təsərrüfat subyektinin mühasibat hesabatlarında aşkar olunan təhriflər haqqında məlumatların üçüncü şəxsə verilməsinə (qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olunmaqla), kommersiya məlumatlarının məxfiliyinə riayət olunmamasına görə məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver