10.1. İri və orta sahibkarlıq subyektləri:
10.1.1. maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri və orta sahibkarlıq subyektləri mühasibat uçotunu Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya;
10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda mühasibat uçotunu bu Qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar.
10.1-1. Kiçik sahibkarlıq subyektləri:
10.1-1.1. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş uçot qaydalarına uyğun olaraq mühasibat uçotunun aparılmasını təmin edirlər, və ya;
10.1-1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda kiçik sahibkarlıq subyektləri mühasibat uçotunu tətbiq etdiyi standartlardan asılı olaraq, bu Qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.
10.1-2. Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilən hallarda kiçik sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi məcburidir.
10.2. Törəmə cəmiyyətlərindən heç olmasa biri ictimai əhəmiyyətli qurum olan, habelə əsas və ya törəmə cəmiyyətlərindən biri maliyyə hesabatlarını öz seçiminə görə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edən iri, orta və kiçik sahibkarlıq subyektlərinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilir.
10.3. Bu Qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək öhdəliyi olmayan iri, orta və kiçik sahibkarlıq subyektləri birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edirlər.
10.4. Bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan iri, orta və kiçik sahibkarlıq subyektləri aşağıda göstərilən şərtləri bütövlükdə yerinə yetirdikdə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməmək hüququna malikdirlər:
10.4.1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri (iştirakçıları, səhmdarları), səs vermə hüququ olmayanlar da daxil olmaqla, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi üzrə yekdilliklə razılığa gəldikdə;
10.4.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;
10.4.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;
10.4.4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq dərc etdirdikdə.
10.5. İri, orta və kiçik sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir.