2.1. Bu qanunda istifadə edilmiş anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Uçot qaydaları – mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi üzrə hüquqi aktlardır.
2.1.2. Qrup – əsas təsərrüfat cəmiyyəti (ortaqlığı) və onun bütün törəmə cəmiyyətləridir.
2.1.3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir.
2.1.4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş ictimai sektor üçün nəzərdə tutulan beynəlxalq standartlardır.
2.1.5. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulan beynəlxalq standartlardır.
2.1.6. Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.
2.1.7. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.
2.1.8. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.
2.1.9. İctimai əhəmiyyətli qurumlar – kredit təşkilatları, sığortaçılar, təkrarsığortaçılar, investisiya fondları və bu fondların idarəçiləri, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır.
2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.
2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.
2.1.12. Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.
2.1.13. Analitik uçot – aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır.
2.1.14. Analitik uçot registrləri – aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır.
2.1.15. Sintetik uçot – baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir.
2.1.16. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən hesabat dövrünün son tarixinə mikro, kiçik, orta və iri sahibkar hesab olunan sahibkarlıq subyektləridir.
2.1.17. Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra - baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.
2.1.18. Mühasibat uçotu xidməti – mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.
2.1.19. Peşəkar mühasib – müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
2.1.20. Peşəkar mühasib sertifikatı – şəxsin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.
2.1.21. Peşəkar mühasib səviyyəsi – maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.
2.1.22. Peşəkar mühasib təşkilatı – üzvləri peşəkar mühasiblərdən ibarət olan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatıdır.
2.1.23. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır.
2.2. Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və mövcud olan başqa qanunvericilik aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.