4.1. Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir.
4.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı mühasibat uçotunu bu Qanunun 12-1.1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparır.
4.3. Müvafiq icra hakimiyyəti orqanı:
4.3.1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil edir və bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin edir;
4.3.2. bu Qanuna uyğun olaraq uçot qaydalarını təsdiq edir;
4.3.3. İcra hakimiyyəti orqanlarının səlahiyyətləri daxilində onlar tərəfindən işlənib hazırlanmış mühasibat uçotu sahəsində normativ hüquqi aktların təsdiq edilməsinə razılıq verir;
4.3.4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarında dəyişikliklərin izlənilməsi və bu dəyişikliklərin onların Azərbaycan dilində olan rəsmi mətnlərində vaxtlı-vaxtında əks olunması məqsədi ilə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
4.3.6. Milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədilə, peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir;
4.3.7. Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin edir;
4.3.8. Peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirir.
4.3-1. Bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartlar onların Azərbaycan dilində rəsmi mətnləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərc olunduğu gündən tətbiq edilir. Beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi müvafiq Milli Mühasibat Uçotu Standartlarını və uçot qaydalarını ləğv edir.
4.3-2. Bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri dərc olunanadək mühasibat uçotu subyektləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Milli Mühasibat Uçotu Standartlarını və müvafiq uçot qaydalarını və ya bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartları ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş formada tətbiq etmək hüququna malikdirlər.
4.3-3. Bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartlarla ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş beynəlxalq standartlar arasında ziddiyyət yarandığı halda, ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş standartlar əsas götürülür.
4.4. Kredit təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.