Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 18 fevral 2011-ci il
Bu Qaydalar “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə, 1944-cü il 7 dekabr tarixli Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13 nömrəli Əlavəsinin “E” qoşmasına, həmçinin “Uçuşların təhlükəsizliyinin idarə edilməsinə dair Təlimat”ın (Doc. ICAO 9859) tələblərinə uyğun olaraq hazırlanmışdır və mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması, qorunması, saxlanılması və təqdim edilməsi qaydasını müəyyən edir.
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.2. uçuşların təhlükəsizliyi - aviasiya qəzaları və insidentləri baş vermədən, insanın həyatına, sağlamlığına və əmlakına zərər vurulmadan və bütövlükdə hər hansı narahatçılığa yol verilmədən uçuşların həyata keçirilməsi;
2.3. uçuşların təhlükəsizliyinə dair məlumat - müstəsna olaraq uçuşların təhlükəsizlik səviyyəsinin artırılması məqsədi ilə təşkil edilmiş SDCPS sistemlərində mövcud olan və bu Qaydaların 4.1-ci bəndində göstərilən konkret şərtlər nəzərə alınmaqla mühafizə edilən informasiya;
2.4. SDCPS (Safety Data Collection and Processing Systems) - informasiyanın işlənməsi və təqdim edilməsi sistemləri, məlumat bazaları, informasiya mübadiləsi və qeydiyyatı üsulları;
2.5. hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat;
2.6. istismarçı personal - aviasiya daşımalarının təmin edilməsi ilə bağlı olan və SDCPS-ə uçuşların təhlükəsizliyinə dair məlumatı təqdim etmək imkanına malik personal. Bu personala hava ekipajları, hava hərəkətinin idarə edilməsi üzrə dispetçerlər, aviasiya stansiyalarının operatorları, texniki xidmət üzrə mütəxəssislər, bort bələdçiləri, hava hərəkəti dispetçerləri, perron personalı və digər personal daxildir;
2.7. informasiyanın təyinatı üzrə istifadə edilməməsi - uçuşların təhlükəsizliyinə dair məlumatların müəyyən məqsədlər üçün, yəni istismarçı personal barəsində intizam, mülki, inzibati və cinayət təhqiqatlarının aparılması və (yaxud) belə informasiyanın açıqlanması məqsədi ilə istifadə edilməsi.
3.1. Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların qeyri-qanuni və təyinatsız istifadəsinə yol verilmir.
3.2. Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatları mühafizə etmək səlahiyyətləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik) aiddir.
3.3. Uçuşların təhlükəsizliyinə dair müəyyən məlumatların əldə olunması üçün hüquqi və fiziki şəxslər Agentliyə yazılı surətdə müraciət edirlər. Qeyd edilən müraciətdə uçuşların təhlükəsizliyinə dair konfidensial məlumatların qorunmasına zəmanət verilməlidir.
3.4. Bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq əldə edilmiş məlumatların açıqlanması və ya istismarçı personalın ayrı-ayrı şəxslərinə qarşı istifadə olunması (ədalət mühakiməsinin həyata keçirildiyi hallar istisna edilməklə) qadağandır.
3.5. Hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatlar aşağıdakılardır:
3.5.1. uçuşların təhlükəsizliyi üzrə inspektorlardan daxil olan məlumatlar;
3.5.2. uçuş haqqında informasiyanı qeyd edən elektron qurğularının (o cümlədən, hava gəmisində quraşdırılmış) məlumatları;
3.5.3. hava gəmisi heyətinin kabinədaxili danışıqlarının elektron yazıları;
3.5.4. uçuş haqqında hava gəmisinin bortundakı məlumatlar (bort sənədləri);
3.5.5. hava gəmisinin ekipajı ilə dispetçer xidməti arasında aparılan danışıqların elektron yazıları;
3.5.6. dispetçer xidmətləri arasında daxili danışıqların elektron yazıları;
3.5.7. hava hərəkətinin idarə edilməsi xidmətinin konkret hadisə ilə bağlı sənədləri (o cümlədən, kompüter informasiyası);
3.5.8. mülki aviasiya mütəxəssislərindən könüllü surətdə daxil olan məlumatlar;
3.5.9. vətəndaşlardan könüllü surətdə daxil olan məlumatlar.
4.1. Razılaşdırılmış şərtlər nəzərə alınmaqla, uçuşların təhlükəsizliyinə dair məlumatlar təyinatsız istifadədən müdafiə olunur. Həmin şərtlər minimal variantda aşağıdakıları nəzərdə tutur:
4.1.1. informasiya müstəsna olaraq, uçuşların təhlükəsizliyi məqsədi ilə toplanılır;
4.1.2. informasiyanın zəruri hallarda açıqlanması məlumatlara daimi çıxışın təmin edilməsinə mümkün dərəcədə xələl gətirməməlidir.
4.2. Konkret olaraq, müdafiə hər bir SDCPS üçün təyin olunur və bu zaman həmin sistemdəki uçuşların təhlükəsizliyinə dair məlumatların xarakteri nəzərə alınır.
4.3. Tam razılaşdırılmış şərtlər nəzərə alınmaqla, uçuşların təhlükəsizliyinə dair konfidensial məlumatların qorunması üçün Agentlik tərəfindən rəsmi prosedur (yəni, zəruri əmr və göstərişlərin verilməsi, habelə onların icrasına daimi nəzarət) tətbiq edilir.
4.4. Gələcəkdə uçuşların təhlükəsizliyinə dair məlumatların əldə edilməsinin uçuşların təhlükəsizliyinə mənfi təsirinin mümkünlüyü nəzərə alınaraq, belə informasiyanın digər məqsədlər üçün istifadəsinə yol verilmir.
4.5. Zəruri hallarda intizam, mülki, inzibati və cinayət araşdırmalarının məqsədləri üçün uçuşların təhlükəsizliyinə dair məlumatlardan yalnız qüvvədə olan qanunvericiliyə əsasən istifadə edilə bilər.
5.1. Uçuşların təhlükəsizliyinə dair məlumatların mühafizədən azad olunması qüvvədə olan qanunvericiliyə və bu Qaydalara uyğun olaraq aşağıdakı hallarda tətbiq edilir:
5.1.1. ehtiyatsız hərəkət, səhlənkarlıq və ya qaydaları qəsdən pozma kimi qiymətləndirilən hadisənin qanunvericiliyə görə ziyan vurmaq niyyəti və ya sonradan ziyan dəyəcəyi ehtimalının dərk edilməsi ilə törədildiyi sübuta yetirildikdə;
5.1.2. ehtiyatsız hərəkət, səhlənkarlıq və ya qaydaları qəsdən pozma kimi qiymətləndirilən hadisənin qanunvericiliyə görə ziyan vurmaq niyyəti və ya sonradan ziyan dəyəcəyi ehtimalı ilə törədildiyi barədə Agentliyinin qənaəti olduğu təqdirdə;
5.1.3. baxılma nəticəsində Agentlik uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanmasının ədalət mühakiməsinin həyata keçirilməsi üçün zəruri olduğu və belə informasiyanın açıqlanmasının gələcəkdə ölkə daxilində, eləcə də beynəlxalq miqyasda müvafiq məlumatların mövcudluğuna mənfi təsirdən üstün olduğu qənaətinə gəldikdə.
6.1. Yuxarıda göstərilən qorunma və azad olunma prinsiplərinə əməl edilməsi şərtilə uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanmasını istəyən hər hansı şəxs bunun səbəblərini əsaslandırmalıdır.
6.2. Uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanmasının minimal meyarları aşağıdakılardır:
6.2.1. uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanması uçuşların təhlükəsizliyinə mənfi təsir göstərən şərtlərin aradan qaldırılması və (yaxud) uçuş təhlükəsizliyi üzrə siyasətin və qaydaların dəyişdirilməsi üçün zəruridir;
6.2.2. uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanması gələcəkdə uçuşların təhlükəsizlik səviyyəsinin artırılması məqsədi ilə belə informasiyanın əldə edilməsinin qarşısını almamalıdır;
6.2.3. uçuşların təhlükəsizliyinə dair məlumatlarda mövcud olan müvafiq şəxsi xarakterli məlumatların açıqlanması şəxsi həyatın toxunulmazlığını qoruyan hüquq normalarına uyğun həyata keçirilir;
6.2.4. uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanması sahibi göstərilmədən, qısa və ya ümumiləşdirilmiş şəkildə həyata keçirilir.
7.1. Mülki aviasiya subyektləri Agentlik ilə razılaşdırmaqla, hər bir SDCPS üzrə informasiya mühafizlərini təyin etməlidirlər. Həmin şəxslər aşağıdakı hallar istisna olunmaqla, məlumatların açıqlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidirlər:
7.1.1. informasiya mühafizi uçuşların təhlükəsizliyinə dair məlumatın açıqlanması üçün Agentliyinin razılığını aldıqda;
7.1.2. informasiya mühafizi uçuşların təhlükəsizliyinə dair məlumatın bu Qaydaların 5-ci bəndinə uyğun açıqlandığına əmin olduqda.
8.1. Qanunvericiliyə uyğun olaraq iş yerindəki şəraitlə bağlı aparılan qeydlərin (məsələn, özüyazan bort qurğularının qeydləri) digər mütəxəssislərdən fərqli olaraq, istismarçı personalın şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcəyini nəzərə alaraq, müdafiə və azad olunma prinsiplərindən çıxış edərək, həmin qeydlər xüsusi mühafizə olunan konfidensial məlumat kimi qəbul edilməli və onların konfidensiallığının qorunması və asanlıqla əldə edilməsinin qarşısının alınması üçün konkret tədbirlər görülməlidir.
8.2. İş yerində qanunvericiliyə uyğun aparılan qeydlərin mühafizəsi üçün mülki aviasiya subyektləri Agentlik ilə razılaşdırmaqla ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı olmayan hallarda həmin qeydlərin açıqlanmasını qadağan edən əmrlər verir.
1. 21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162)
2. 4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387)