“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər” təsdiq edilsin (əlavə olunur).
2-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 8 may 2006-cı il
1.1. Bu Qaydalar “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarətin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Nəzarətin həyata keçirilməsinin məqsədi dövlətin, fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühit üçün təhlükə törədə biləcək mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır.
1.3. Xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2 nömrəli Əlavədə göstərilmiş əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - dövlət orqanları) həyata keçirirlər.
1.4. Əşyaların dövriyyəsinə, onların növündən asılı olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qaydalarda müəyyən edilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydalarından fərqli qaydalar müəyyən edilə bilər. Belə olan halda bu Qaydalar həmin əşyaların dövriyyəsinə şamil edilmir.
2.1. Xüsusi icazə sahibinin əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət etməsinə nəzarət dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) tərəfindən xüsusi icazə sahiblərinin hesabatlarının təhlili və yoxlamalar yolu ilə həyata keçirilir.
2.2. Xüsusi icazə sahiblərinin (sahibkarlar istisna olmaqla) fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədi ilə ildə bir dəfə növbəti yoxlamalar aparılır.
2.3. Dövlət orqanları hər il növbəti yoxlamaların aparılması üçün plan müəyyən edirlər. Planda yoxlamanın müddəti, onun aparılması üçün xüsusi icazə sahiblərinin siyahısı əks olunur.
2.3-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti yoxlama dövlət orqanının tərtib etdiyi və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır.
2.4. Sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında aparılır.
2.4-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbədənkənar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.
2.4-2. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti və növbədənkənar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada aparılır.
2.5. Yoxlamanın başlanmasından əvvəl səlahiyyətli dövlət orqanı tərəfindən xüsusi icazə sahiblərinə yazılı bildiriş göndərilir.
2.6. Yoxlama tədbirləri səlahiyyətli dövlət orqanı rəhbərinin rəsmi qərarı (əmri, sərəncamı) əsasında həyata keçirilir. Həmin qərarda (əmrdə, sərəncamda) yoxlama tədbirlərini həyata keçirən dövlət orqanının adı, yoxlamanı keçirməyə müvəkkil edilmiş şəxsə (şəxslərə) və barəsində həmin tədbirlərin keçirilməsi nəzərdə tutulan xüsusi icazə sahibinə dair məlumatlar (sahibkarlara münasibətdə yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.), yoxlama tədbirlərinin həyata keçirilməsinin hüquqi əsasları, başlanma və sona çatma tarixləri göstərilməklə müddəti və s. qeyd olunur.
2.7. Səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) sahibkar olmayan xüsusi icazənin sahibinə öz xidməti vəsiqəsini və yoxlamanın keçirilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanının qərarını və ya həmin qərarın müvafiq dövlət orqanının gerbli möhürü ilə təsdiq edilmiş surətini təqdim etməlidir.
2.7-1. Səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) xüsusi icazənin sahibi olan sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə öz xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməlidir.
2.8. Yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri təmsil etdikləri qurumun səlahiyyətlərinə aid olmayan məcburi tələblərin yerinə yetirilməsini yoxlamaq, xüsusi icazə sahibindən yoxlama tədbirlərinin predmetinə aid olmayan məsələlər üzrə sənədləri tələb etmək və götürmək hüququna malik deyildirlər. Xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.2-ci maddəsində nəzərdə tutulan qadağalara riayət etməlidirlər.
Yoxlama xüsusi icazə sahibinin iş günü və iş vaxtı ərzində keçirilir.
Yoxlama xüsusi icazə sahibinin fəaliyyətinə maneçilik törətməməlidir.
2.9. Xüsusi icazə verən dövlət orqanlarının nəzarət sahəsində aşağıdakı hüquqları vardır:
2.9.1. xüsusi icazə sahiblərinin fəaliyyətinin xüsusi icazə sahəsində mövcud qanunvericiliyin tələblərinə və dövriyyənin şərtlərinə uyğunluğunu yoxlamaq;
2.9.2. yoxlama zamanı xüsusi icazə sahiblərindən (onların hüquqi varislərindən) zəruri izahat və sənədlər tələb etmək;
2.9.3. aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar və ya göstəriş vermək;
2.9.4. xüsusi icazə sahiblərinə xəbərdarlıq etmək;
2.9.5. qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, xüsusi icazə sahibinin məsuliyyətə cəlb edilməsi üçün vəsatət qaldırmaq;
2.9.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xüsusi icazə sahiblərinə verilmiş xüsusi icazənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul etmək.
2.9-1. Xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri və sahibkarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanu-nunda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.
2.10. Xüsusi icazə sahibləri nəzarəti həyata keçirmək üçün səlahiyyətli dövlət orqanlarına şərait yaratmalıdırlar.
2.11. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir. Aktda aşağıdakı məlumatlar verilir:
2.11.1. aktın tərtib edildiyi yer və tarix, yoxlama ilə əhatə olunan dövr, yoxlamanın aparılma müddəti;
2.11.2. yoxlama tədbirlərini həyata keçirən orqanın adı;
2.11.3. yoxlama tədbirlərinin həyata keçirilməsinə əsas verən qərarın tarixi və nömrəsi;
2.11.4. yoxlama tədbirlərini həyata keçirən vəzifəli şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və vəzifəsi;
2.11.5. barəsində yoxlama tədbirləri həyata keçirilən xüsusi icazə sahibinin adı, onun yoxlama tədbirlərində iştirak edən nümayəndəsinin soyadı, adı, atasının adı və vəzifəsi;
2.11.6. yoxlama tədbirlərinin nəticələri, o cümlədən aşkar edilmiş pozuntular və bu pozuntular üçün cavabdeh olan şəxs barədə məlumat;
2.11.7. aparılmış yoxlama tədbirləri nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair göstərişlər;
2.11.8. barəsində yoxlama tədbirləri həyata keçirilən xüsusi icazə sahibinin (onun nümayəndəsinin) və yoxlama tədbirlərinin həyata keçirilməsində iştirak edən şəxslərin yoxlama tədbirlərinin nəticəsi üzrə aktla tanış edilməsi haqqında qeydlər, həmin şəxslərin imzaları və ya imzadan imtina etmələri haqqında qeydlər;
2.11.9. yoxlama tədbirlərini həyata keçirmiş vəzifəli şəxsin (şəxslərin) imzası.
Araşdırma aktının bir nüsxəsi xüsusi icazənin sahibinə təqdim edilir. Aktı imzalayarkən xüsusi icazə sahibinin öz rəyini oraya əlavə etmək hüququ vardır.
Yoxlamanın nəticələrinə dair akt və aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair qərar, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənəddir.
2.11-1 Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində yoxlamanın nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.
2.12. Xüsusi icazə sahibinin “Nəzarət kitabçası”nda səlahiyyətli dövlət orqanının vəzifəli şəxsi yoxlama tədbirlərinin aparılması barədə müvafiq qeydlər etməlidir.
2.13. Dövlət nəzarətini həyata keçirən orqan aşağıdakı hüquqlara malikdir:
2.13.1. xüsusi icazə sahibinə aşkar edilmiş pozuntuların təyin olunmuş müddətdə aradan qaldırılması barədə sərəncam vermək;
2.13.2. xüsusi icazə ləğv edildikdə onun keçmiş sahibinə, xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə onun vərəsəsinə, hüquqi şəxs ləğv edildikdə isə ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların digər xüsusi icazə sahibinə satılması barədə göstəriş vermək.
Xüsusi icazənin sahibi dövlət orqanı tərəfindən müəyyən edilən müddətdə aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə məlumat verməlidir.
2.14. Yoxlamanın nəticələri üzrə verilən qərar və ya göstərişlərin icrası bütün xüsusi icazə sahibləri üçün məcburidir.
2.15. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət aparılarkən, inzibati və cinayət məsuliyyətinə cəlb edilmə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarəti həyata keçirən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən edilmiş qaydada inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
1. Hərbi silah və sursatın layihələndirilməsi və istehsalı üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:
1.1. hərbi silah və sursatın layihələndirilməsi və istehsalı üçün avadanlığın saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
1.2. hərbi silah və sursatın layihələndirilməsi və istehsalı üçün avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
1.3. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;
1.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı;
1.5. xüsusi icazənin sahibi hərbi silah və sursatın layihələndirilməsi və istehsalı üçün avadanlığın dövriyyəsini dayandırmaq istədiyi hallarda qabaqcadan xüsusi icazə verən dövlət orqanını xəbərdar edir;
1.6. istehsalçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş keyfiyyət və uyğunluq sertifikatı (rəsmi qaydada təsdiq edilmiş tərcüməsi).
1-1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər:
1-1.1. satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla):
1-1.1.1. istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
1-1.1.2. texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
1-1.1.3. texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
1-1.1.4. istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.
2. Döyüş təyinatlı hərbi texnikanın layihələndirilməsi və istehsalı üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:
2.1. xüsusi icazənin sahibi döyüş təyinatlı hərbi texnikanın layihələndirilməsi və istehsalı üçün avadanlığın dövriyyəsini dayandırmaq istədiyi hallarda qabaqcadan xüsusi icazə verən dövlət orqanını xəbərdar edir;
2.2. döyüş təyinatlı hərbi texnikanın layihələndirilməsi və istehsalı üçün avadanlığın saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
2.3. döyüş təyinatlı hərbi texnikanın layihələndirilməsi və istehsalı üçün avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
2.4. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;
2.5. istehsalçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş keyfiyyət və uyğunluq sertifikatı (rəsmi qaydada təsdiq edilmiş tərcüməsi).
2-1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə tələb olunan əlavə şərtlər:
2-1.1. satışına (döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın idxal edilən ehtiyat hissələri istisna olmaqla):
2-1.1.1. istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;
2-1.1.2. texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
2-1.1.3. texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;
2-1.1.4. istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.
3. Kosmik peyk rabitə vasitələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
3.1. kosmik peyk rabitə vasitələrinin və radioötürücülərin Azərbaycan Respublikasında istismarı üçün peyk seqmentlərinin icarəyə verilməsi barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarı;
3.2. xüsusi icazəyə malik olan radioötürücülərə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;
3.3. kosmik peyk rabitə vasitələrinə və radioötürücülərə mövcud qanunvericiliyə uyğun olaraq verilmiş sertifikatın surəti;
3.4. kosmik peyk rabitə vasitələrinin və radioötürücülərin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd.
4. Xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər;
4.1. xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
4.2. xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlığı istismar edən mütəxəssislərin müvafiq ixtisasa malik olması, bu əşyaların saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
4.3. xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı üçün informasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) surəti.
5. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsi üçün tələb olunan əlavə şərtlər;
5.1. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı, onların, neft və neft məhsulları tullantılarının emalı üçün nəzərdə tutulan müvafiq avadanlığın olması barədə sənəd;
5.2. hasilat və emal vasitələrinin normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd (keyfiyyət və uyğunluq sertifikatı);
5.3. mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;
5.4. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı məqsədilə müvafiq torpaq sahəsinin və yerin təkinin ayrılması barədə sənəd;
5.5. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı vasitələrinin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
5.6. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı prosesində şəxslər tərəfindən aparılan geoloji, texniki, markşeyder sənədlərinin surətləri;
5.7. qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi barədə sənəd;
5.8. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
6. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüaverən aparatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər;
6.1. ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüaverən aparatların saxlanması məqsədilə müvafiq bina, məntəqə və anbarların istismara qəbul edilməsi aktı, radioloji-gigiyenik pasportu, bu bina, məntəqə və anbarların mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumat;
6.2. ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq və şüaverən aparatlar barədə məlumat (seriya nömrəsi, modeli, mənşə ölkəsi, maksimum gərginliyi, maksimum enerjisi, şüalanmanın növü və maksimum aktivliyi);
6.3. ətraf mühitin və əhalinin şüalanmadan mühafizəsi haqqında məlumat;
6.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı;
6.5. işləyən heyətin radiasiya zonasında olmasının nəzərdə tutulmuş vaxt həddinin hesablamalarını əks etdirən sənəd və fərdi şüalanma doza səviyyəsinə nəzarət barədə məlumat;
6.6. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;
6.7. ionlaşdırıcı şüa mənbələrinin, o cümlədən radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlığı istismar edən şəxslərə radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması sahəsində müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) surəti.
7. Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:
7.1. qiymətli kağızların çap edilməsi üçün avadanlıq, habelə belə avadanlığın istehsalı üçün avadanlığı istismar edən mütəxəssislərin müvafiq ixtisasa malik olması, bu avadanlığın və çap olunan məhsulların saxlanılması məqsədilə nəzərdə tutulan binaların, anbarların mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
7.2. qiymətli kağızların çap edilməsi üçün avadanlığı istismar edən şəxslərə qiymətli kağız blanklarının hazırlanması sahəsində müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın surəti).
8. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələrin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
8.1. dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və bu vasitələrin istehsalı üçün istifadə edilən avadanlığın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş təşkilatlar arasında, onların tələbatı nəzərə alınmaqla, bölüşdürülməsi və təyinatı üzrə göndərilməsi;
8.2. narkotik vasitələr və psixotrop maddələr saxlanılan aptek, bina və otaqların mühafizəsinin təmin edilməsi barədə polis orqanlarından arayış;
8.3. narkotik vasitələrin və psixotrop maddələrin satışı, daşınması üsulu barədə arayış;
8.4. narkotik vasitələrin və psixotrop maddələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış;
8.5. psixotrop maddələrin satışı ilə məşğul olmaq üçün verilmiş icazənin surəti.
9. Partlayıcı maddələr və qurğuların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
9.1. partlayıcı maddələrin saxlanması qaydalarının tələblərinə cavab verən anbarların olması barədə sənəd;
9.2. xüsusi hazırlanmış xidməti heyətin partlayıcı materiallarla işləməyə buraxılması barədə sənəd;
9.3. partlayıcı maddələrin və qurğuların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
9.4. partlayıcı maddələrin və qurğuların avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitəsilə daşınma marşrutlarının müəyyən edilməsi barədə müvafiq sənəd;
9.5. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
10. Tezalışan maddələr və pirotexniki məmulatların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
10.1. tezalışan maddələr və pirotexniki məmulatların saxlanması üçün nəzərdə tutulan obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
10.2. tezalışan maddələr və pirotexniki məmulatların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
10.3. mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlərin surəti;
10.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
11. Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
11.1. tərkibində ozondağıdıcı maddə olan əşyaların dövriyyəsinə xüsusi icazə alan şəxslər tərəfindən əşyanın tərkibində Monreal Protokolu ilə dövriyyəsi qadağan edilmiş ozondağıdıcı maddənin olmaması haqqında təqdim edilən arayış;
11.2. Monreal Protokolu ilə dövriyyəsinə qadağa qoyulmayan ozondağıdıcı maddələrin miqdarının həmin Protokolla müəyyən edilmiş həddi aşmaması barədə təsdiqedici sənəd;
11.3. xüsusi icazəsi olan əşyanın istifadə müddəti qurtardıqdan sonra tərkibindəki ozondağıdıcı maddənin hansı metodla utilizə edilməsi haqqında arayış;
11.4. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı;
11.5. mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti.
12. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə tələb olunan əlavə şərtlər:
12.1. narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin hazırlanması, emal edilməsi və ya saxlanılması üsulu barədə arayış;
12.2. güclü təsir edən və ya zəhərli maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
12.3. güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış;
12.4. güclü təsir edən və ya zəhərli maddələrin, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
12.5. qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı.
13. Gizli qaydada informasiya alınması məqsədilə nəzərdə tutulmuş texniki vasitələrin dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
13.1. gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
13.2. gizli qaydada informasiya alınması məqsədilə nəzərdə tutulmuş texniki vasitələrin saxlanılması məqsədilə nəzərdə tutulan otaqların mühafizəsinin təşkil edilməsi haqqında arayış;
13.3. gizli qaydada informasiya alınması məqsədilə nəzərdə tutulmuş texniki vasitələrin daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış.
14. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların dövriyyəsinə tələb olunan əlavə şərtlər:
14.1. radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğulara dair mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;
14.2. qurğuların normativ texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;
14.3. radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların saxlanılması məqsədilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
14.4. qurğuların daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış.
15. İnsan orqan və (və ya) toxumalarının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
15.1. gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
15.1.1. gözün buynuz qişasının idxalı üçün gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd;
15.1.2. gözün buynuz qişasının ixracı üçün gözün buynuz qişasını qəbul edən tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olmasını təsdiq edən sənəd.
1. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə sahibi altı ayda bir dəfə görülən işlər haqqında xüsusi icazə verən dövlət orqanları tərəfindən müəyyən olunmuş formada ətraflı və dəqiq məlumatı əks etdirən hesabat təqdim etməlidir.
2. Xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə və hüquqi şəxs yenidən təşkil olunduqda onların hüquqi varisləri, hüquqi şəxs ləğv olduqda isə onun ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) dövriyyəsi məhdudlaşdırılmış əşyaların digər xüsusi icazə sahiblərinə verilənədək mühafizəsini təmin etməlidirlər.
3. Xüsusi icazənin qüvvəsinin dayandırıldığı halda onun sahibi xüsusi icazənin bərpasına qədər bu əşyaların mühafizəsini təmin etməlidir.
4. Xüsusi icazə sahibləri mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə dair xüsusi uçot jurnalı aparmalıdırlar.
5. Əlavə Şərtlərin 4-cü (xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı), 6-cı (radioaktiv maddələrin istehsalı və satışı), 7-ci (qiymətli kağızların çap edilməsi üçün avadanlığın istehsalı və istifadəsi), 8-ci (Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması) hissələrində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 3-cü hissəsinin birinci abzasına müvafiq olaraq dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən, əlavə Şərtlərin 1-1-ci hissəsində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların Azərbaycan Respublikasının ərazisində satın alınması isə həmin Fərmanın 3-1-ci hissəsinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər tərəfindən həyata keçirilir.
6. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2 nömrəli Əlavədə göstərilən xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.
7. Əlavə Şərtlərin 1-ci, 1-1-ci, 2-ci və 2-1-ci hissələri həmin hissələrdə nəzərdə tutulan əşyaların hər növünə xüsusi icazə verilməsində ayrılıqda tətbiq olunur.
8. Əlavə Şərtlərin 1-1-ci və 2-1-ci hissələrində nəzərdə tutulan əşyaların satışına xüsusi icazə alındıqdan sonra istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərində dəyişiklik baş verdikdə ərizəçi 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə məlumat verməlidir.
9. Adına və texniki раrаmеtrlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”na aid edilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların idxal, ixrac və tranzit əməliyyatları “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarına əsasən aparılır.
1. 10 avqust 2007-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 852)
2. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)
3. 16 yanvar 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 39)
4. 16 iyul 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 935)
5. 16 yanvar 2015-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 63)
6. 13 may 2015-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 may 2015-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 670)
7. 27 aprel 2018-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 823)
8. 11 aprel 2019-cu il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 755)
9. 2 iyun 2023-cü il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2023-cü il, “Xalq” qəzeti, 4 iyun 2023-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 841)
10. 7 sentyabr 2023-cü il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 9 sentyabr 2023-cü il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1335)
11. 4 dekabr 2023-cü il tarixli 433 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 dekabr 2023-cü il, “Xalq” qəzeti, 6 dekabr 2023-cü il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1768)
12. 19 mart 2024-cü il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart 2024-cü il, “Xalq” qəzeti, 29 mart 2024-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 349)
13. 6 fevral 2026-cı il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2026-cı il, “Xalq” qəzeti, 10 fevral 2026-cı il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 179)