Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1325

Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1325.1. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

1325.2. Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.

1325.3. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir.

1325.4. Hər bir miras şəriki bu Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər.

1325.5. Bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver