Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 155

Maddə 155. Dövlət mülkiyyəti hüququ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.

155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.

155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

155.5. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar, habelə qanunla özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində olan əmlak, o cümlədən torpaq sahəsi qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dəyişdirilir.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.

Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver