404-2.1. Təsərrüfat cəmiyyəti gələcəkdə əvvəlcədən müəyyən edilmiş hallar baş verdikdə, cəlb edilən vəsaitin cəmiyyətin payına (səhmlərinə) çevrilməsini (konvertasiyasını) nəzərdə tutan maliyyə alətlərindən istifadə edə bilər.
404-2.2. Konvertasiya edilən maliyyə alətləri borc öhdəliyi (konvertasiya edilən borc müqaviləsi) və ya borc öhdəliyi yaratmayan müqavilə (gələcək iştirak payı (səhm) haqqında müqavilələr) formasında ola bilər.
404-2.3. Konvertasiya edilən maliyyə alətlərinin tətbiqi nəzərdə tutulduğu hallarda, konvertasiya edilən maliyyə alətlərinin buraxılması və konvertasiyası qaydaları cəmiyyətin nizamnaməsi və ya cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə müəyyən edilə bilər.
404-2.4. Konvertasiya edilən maliyyə alətləri üzrə vəsait cəlb edən cəmiyyət, investorun tələbi ilə ona öz fəaliyyəti, maliyyə vəziyyəti və cəlb edilmiş vəsaitlərin istifadəsi haqqında mütəmadi olaraq, dövriliyi cəmiyyətin nizamnaməsi və ya korporativ müqavilə ilə müəyyən edilən qaydada hesabat təqdim edir.
404-2.5. Bu Məcəllənin 404-3-cü və 404-4-cü maddələrində nəzərdə tutulan alətlər (müqavilələr) və onlarda təsbit edilən hüquqlar konvertasiya edilənədək qiymətli kağız və ya törəmə maliyyə aləti hesab olunmur, onların bağlanması qiymətli kağızların emissiyası (kütləvi təklifi) sayılmır.
404-2.6. Cəmiyyət tərəfindən bağlanmış konvertasiya edilən maliyyə alətlərinin daxili reyestri aparılmalıdır. Konvertasiya baş verdikdə nizamnamə kapitalının artırılması və payların (səhmlərin) bölüşdürülməsi qanunvericiliklə müəyyən edilmiş ümumi qaydada dövlət qeydiyyatına alınır.