65-2.1. Təsərrüfat cəmiyyətinin nizamnaməsi və ya iştirakçılar arasında bağlanmış korporativ müqavilə ilə payların (səhmlərin) özgəninkiləşdirilməsi ilə bağlı aşağıdakı xüsusi hüquqlar müəyyən edilə bilər:
65-2.1.1. birgə satış hüququ: təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında onun nizamnaməsi və ya korporativ müqavilə ilə müəyyən edilmiş həddən çox paya (səhmə) malik olan və öz paylarını (səhmlərini) üçüncü tərəfə satan təsisçi (iştirakçı) alış təklifi aldıqda, digər təsisçilərin (iştirakçıların) öz paylarını eyni şərtlərlə və eyni qiymətə həmin alıcıya satmaq hüququna dair şərt. Satıcı təsisçi (iştirakçı) bu barədə digər təsisçiləri (iştirakçıları) məlumatlandırmağa və onların da satışda iştirakını təmin etməyə borcludur;
65-2.1.2. məcburi satış hüququ: təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında nizamnamə və ya korporativ müqavilə ilə müəyyən edilmiş həddən çox paya (səhmə) malik olan təsisçi (iştirakçı) təsərrüfat cəmiyyətinin paylarının (səhmlərinin) hamısının və ya nəzarət zərfinin üçüncü şəxsə satışı (özgəninkiləşdirilməsi) barədə üçüncü şəxslə razılığa gəldikdə, digər təsisçiləri (iştirakçıları) öz paylarını (səhmlərini) eyni şərtlərlə və eyni qiymətə satmağa məcbur etmək hüququna dair şərt;
65-2.1.3. ilk imtina hüququ: açıq səhmdar cəmiyyətləri istisna olmaqla, digər təsərrüfat cəmiyyətlərinin hər hansı təsisçisi (iştirakçısı) öz payını (səhmini) üçüncü şəxsə satmaq niyyətində olduqda, həmin payı (səhmi) eyni şərtlərlə ilk növbədə təsərrüfat cəmiyyətinin nizamnaməsi və ya korporativ müqavilə ilə müəyyən edilmiş müəyyən kateqoriya təsisçisinə (iştirakçısına) təklif etməyə dair şərt.