88.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o, bir il ərzində səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.
88.2. Məhdud məsuliyyətli cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.
88.3. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:
88.3.1. bu Məcəllə və cəmiyyətin təsis sənədləri ilə müəyyən edilmiş qaydada cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarını seçmək və həmin orqanlara seçilmək;
88.3.2. normativ hüquqi aktlarda və cəmiyyətin təsis sənədlərində müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyəti haqqında məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;
88.3.3. mənfəətin bölüşdürülməsində iştirak etmək;
88.3.4. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini bu cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa şəkildə güzəştə getmək;
88.3.5. bu Məcəllə və cəmiyyətin təsis sənədləri ilə nəzərdə tutulmuş qaydada digər iştirakçıların razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq;
88.3.6. cəmiyyət ləğv edildiyi halda kreditorlarla hesablaşmalardan, hesablanmış, lakin ödənilməmiş dividendlər ödənildikdən sonra qalan əmlakın bir hissəsini və ya onun dəyərini almaq;
88.3.7. cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında onların hüquqlarının bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi barədə korporativ müqavilə bağlamaq;
88.3.8. cəmiyyətin ümumi yığıncağının çağırılmasını, ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək;
88.3.9. cəmiyyətin ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək;
88.3.10. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
88.3.11. cəmiyyətin xalis mənfəətindən dividend almaq;
88.3.12. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək;
88.3.13. cəmiyyətin paylarının satışı prosesində iştirak etmək;
88.3.14. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək;
88.3.15. bağlanacaq əqdlərin (o cümlədən aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq;
88.3.16. bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.