Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayan hüququ şəxslərin aşağıdakı vəzifələri vardır:
1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri nəzərdə tutmaq və həyata keçirmək;
2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri maliyyələşdirmək;
3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz vəziyyətdə saxlamaq;
5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək;
6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.
Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.