Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. "Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikası ərazisində səlahiyyətli orqanlar tərəfindən tutulmuş qaçaq malla əlaqədar məsələlərin tənzimlənməsi qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 oktyabr tarixli 278 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.
Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2006-cı il
1.1. Bu Qaydalar "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmışdır və müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi qaydalarını müəyyən edir.
Bu Qaydalara əsasən məhkəmənin hökmü (qərarı) əsasında müsadirə edilmiş əmlakın bir hissəsi cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq mühafizə orqanlarına və inzibati xətalar haqqında işlər üzrə icraata başlamış orqanlara verilir.
Müsadirə edilmiş qiymətli metalların, qiymətli daşların və digər zinət əşyalarının, habelə tarixi, elmi, bədii, mədəni, dini baxımdan xüsusi əhəmiyyət kəsb edən əmlakın hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsinə yol verilmir.
2.1. Müsadirə edilmiş əmlakın bir hissəsinin qanunvericiliyə uyğun olaraq hüquq mühafizə və digər orqanlara verilməsi aşağıdakı qaydada həyata keçirilir:
2.1.1. müsadirə edilmiş əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclarda satılması və əldə olunan vəsaitin verilməsi;
2.1.2. milli və xarici valyutada olan pul vəsaitlərinin müvafiq qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına mədaxil olunması;
2.1.3. müsadirə edilmiş əmlakın natura şəklində verilməsi.
3.1. Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə onlara verilən müsadirə edilmiş əmlakın bir hissəsi aşağıdakı kimi müəyyən edilir:
3.1.1. müsadirə edilmiş əmlakın qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar vasitəsilə satışdan daxil olan vəsaitlərin (bu əmlakın saxlanılması, daşınması, qiymətləndirilməsi və satışı ilə bağlı, habelə qanunvericiliklə müəyyən olunan digər xərclər çıxılmaqla) - 30 faizi;
3.1.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına daxil olan müsadirə edilmiş milli və xarici valyutada olan pul vəsaitlərinin (bank əməliyyatları üzrə xərclər çıxılmaqla) - 25 faizi;
3.1.3. müsadirə edilmiş əmlakdan hüquq mühafizə və digər orqanların tələbatlarına cavab verən əmlak tam natura şəklində bu orqanlara verilir.
3.2. Bu Qaydaların 3.1.1 və 3.1.2-ci yarımbəndlərində qeyd olunan vəsaitlərin aidiyyəti üzrə köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:
3.2.1. hərrac baş tutduğu andan sonra 3 gün ərzində Hərracların Təşkili Mərkəzi və ya Fond Birjası tərəfindən əmlakın saxlanılması, daşınması, qiymətləndirilməsi və satışı ilə bağlı, habelə qanunvericiliklə müəyyən olunan digər xərclər, o cümlədən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi xərcləri çıxılmaqla, bu Qaydaların 3.1.1-ci yarımbəndində göstərilən vəsait aidiyyəti orqanın hesabına, qalan vəsait isə dövlət büdcəsinə köçürülür;
3.2.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına daxil olan müsadirə edilmiş milli və ya xarici valyutada olan vəsaitdən məhkəmə hökmü (qərarı) qüvvəyə mindikdən sonra 3 gün ərzində qanunvericiliklə müəyyən edilən xərclər, o cümlədən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi xərcləri çıxılmaqla, bu Qaydaların 3.1.2-ci yarımbəndində göstərilən vəsait aidiyyəti orqanın hesabına, qalan vəsait isə dövlət büdcəsinə köçürülür.
4.1. Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada büdcədənkənar daxilolmalarda uçota alınır.
4.2. Bu Qaydaların 4.1-ci bəndinə əsasən uçota alınan daxilolmalar hüquq mühafizə və digər orqanların balansında ilin əvvəlinə və ilin axırına müvafiq subhesablar üzrə əks etdirilir.
4.3. Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən əmlakın hərəkəti haqqında məlumatlar "Əmlakın (qiymətlilərin) uçot kartı" və "Müsadirə olunmuş əmlakın hərəkəti haqqında" hesabat formalarında əks etdirilir.
4.4. Hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən müsadirə edilmiş əmlakın hərəkəti haqqında hesabat forması və onun təqdim olunması qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
4.5. Bu Qaydaların 4.3-cü bəndində göstərilən hesabat formaları hüquq mühafizə və digər orqanlar tərəfindən altı ayda bir dəfə tərtib edilməklə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə növbəti ayın 20-dək təqdim edilir.
1. 31 yanvar 2008-ci il tarixli 705 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 9)
2. 12 may 2009-cu il tarixli 87 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2009-cu il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 319)
3. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
4. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
5. 2 avqust 2022-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 845)
6. 21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69)