AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının 5-ci bəndinin 20-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Məhkəmənin qərarınadək, bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aidiyyəti nazirlik, komitə və təşkilatlar tərəfindən hazırlanmış və təsdiq edilmiş təlimata əsasən həyata keçirilir.
3. Bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi vasitəsi ilə, bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə təlimatı hazırlayıb təsdiq etsinlər.
5. “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi və istifadəsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” SSRİ Nazirlər Sovetinin 1984-cü il 29 iyun tarixli, 683 nömrəli qərarı haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 10 iyul tarixli, 231 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla), “Ayinlərə aid əşyaların dini təşkilatlara əvəzsiz verilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1991-ci il 11 yanvar tarixli 11 nömrəli qərarı və “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi və istifadəsi qaydaları haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə” Azərbaycan SSR Nazirlər Kabinetinin 1991-ci il 21 avqust tarixli 272 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 aprel 2002-ci il
1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa şərtlər müəyyənləşdirilməyən hallarda aşağıdakılara şamil edilir:
1.1.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlaka;
1.1.2. qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlaka;
1.1.3. vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaka;
1.1.4. dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrə.
1.2. Bu Əsasnamə ilə müəyyən edilən uçot, qiymətləndirilmə, saxlanılma, istifadə və satış qaydaları aşağıdakılara şamil edilmir:
1.2.1. dəmir yolu, su, hava, avtomobil və digər nəqliyyatda sənədsiz daşınan, tələb edilməmiş baqaj yüklərinə;
1.2.2. rabitə orqanlarından tələb edilməmiş baratlara, bağlamalara, məktublara (zərflərə) və pul göndərişlərinə, həmçinin digər poçt göndərişlərinə;
1.2.3. haqqında mövcud qanunvericiliklə digər uçot, qiymətləndirmə, saxlama, istifadə, satılma və dövlət mülkiyyətinə keçirmə qaydaları müəyyən edilmiş əmlaka (mallara);
1.2.4. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarına əsasən dövlət nəfinə verilən əmlaka;
II. Əmlakın uçotu, qİymətləndİrİlməsİ və saxlanılması qaydaları
2.1. Əsasnamənin 1.1.-ci bəndinə uyğun olaraq müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu aşağıdakı kimi aparılır:
Müsadirə edilmiş və sahibsiz qalmış əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə, qərar qanuni qüvvəyə mindikdən sonra 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini dövlət icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanlarına məlumat verir.
Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak üzrə notariat orqanları həmin əmlakın müvafiq qaydada saxlanılmasını və onun uçotunun aparılmasını təmin etməklə, bu əmlak haqqında Maliyyə Nazirliyinə 5 iş günü müddətində məlumat verir.
Məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı həbs qoyulmuş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməklə dövlət mülkiyyətinə keçməsi prosesində aşağıdakı orqanlar iştirak edirlər:
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra qurumları, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu məlumatları icmallaşdırır və onların əsasında həmin əmlakın operativ uçotunun aparılmasını təşkil edir.
Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydaya əsasən həyata keçirilir.
2.2. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə dair hesabatda “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilən məlumatlarla yanaşı həmin əmlakı eyniləşdirməyə imkan verən məlumatlar (identifikasiya kodu, nömrəsi, modeli, istehsal tarixi və s.) göstərilməlidir.
Dövlət mülkiyyətinə keçən əmlak qiymətləndirildikdən sonra onun təyinatı üzrə verilməsi aşağıdakı kimidir:
- dövlət icra məmuru Tərəfindən həbs qoyulmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilmiş əmlak dövlət icra məmuru tərəfindən maliyyə orqanına verilir. Bu əmlakın, habelə müəyyən olunmuş qaydada qəbul edilmiş dəfinələrin təyinatı üzrə verilməsi Maliyyə Nazirliyi Tərəfindən həyata keçirilir;
- qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlakın və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın təyinatları üzrə verilməsi Maliyyə Nazirliyinin iştirakı ilə həyata keçirilir.
III. Əmlakın İstİfadəsİ, satışı və verİlməsİ qaydaları
3.1. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlaklar aşağıdakı tələblərə əməl edilməklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq Əsasnamənin 2.1-ci bəndində adları çəkilən orqanlar Tərəfindən aidiyyəti üzrə təhvil verilir:
3.1.1. tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, habelə dövlət əhəmiyyətli orden və medallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada xüsusi ekspertizadan keçirildikdən sonra əvəzsiz olaraq dövlət muzeylərinə, kitabxanalarına, arxivlərinə, elmi və digər təşkilatlara verilir;
3.1.2. milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına mədaxil olunur;
3.1.3. dini ibadət (ayin) əmlakları (bu bəndin 3.1.1-ci yarımbəndində göstərilənlər, xam və emal edilmiş vəziyyətdə olan hər cür qiymətli metallar, qiymətli və yarımqiymətli daşlar və onlardan hazırlanmış bütün növ məmulatlar istisna olmaqla) əvəzsiz olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir;
3.1.3-1. dərman və tibb vasitələri, habelə dərman maddələri əvəzsiz olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilir.
3.1.4. dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə dövriyyəsi qadağan edilən əmlak, onun üzərində sərəncam vermə səlahiyyəti olan orqanlara təhvil verilir;
3.1.4-1. dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak onun dövriyyəsinə icazə verən orqanlara təhvil verilir;
3.1.5. bu Əsasnamənin 3.1.1 - 3.1.4-1-ci bəndlərində əhatə olunmayan əmlakın satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar vasitəsilə həyata keçirilir;
Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda üçüncü hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Göstərilən qaydada satılmayan əmlak barədə bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndi tətbiq olunur.
3.1.5-1. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, üzərindəki etiketlər və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələrinə əsasən yararsız olan əmlaklar, habelə üzərində etiket və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələri olmayan, 3.1.5-2-ci yarımbəndlə müəyyən edilmiş qaydada əvəzsiz olaraq verilməsi və ya təkrar emalı mümkün olmayan əmlaklar 3.1.5-3-cü yarımbənddə nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.
3.1.5-2. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan əmlaklar üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir. Əmlaklar təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilir. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar bu Əsasnamənin 3.1.5-3-cü yarımbəndində nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.
3.1.5-3. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, habelə 3.1.5-2-ci yarımbəndinə uyğun olaraq müvafiq dövlət orqanları və aztəminatlı ailələr, o cümlədən qaçqınlar və məcburi köçkünlər tərəfindən əvəzsiz olaraq əldə edilməsinə dair tələb olmayan əmlakların məhv edilməsi və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti aşağıdakı təşkilatların nümayəndələrindən ibarət komissiya təşkil edir:
3.1.5-3.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi;
3.1.5-3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
3.1.5-3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
3.1.5-3.4. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti;
3.1.5-3.5. Azərbaycan Respublikasının Baş Prokurorluğu.
3.1.6. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışından əldə edilən vəsaitlər həmin əmlakların saxlanılması, satışı, bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndində nəzərdə tutulan məqsədlə məhv edilməsi və utilizasiyası üçün göstərilən xidmətlərə görə ödənişlər, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür;
3.1.7. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın hərraclar vasitəsi ilə satışından daxil olan vəsaitlərin dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
3.1.8. Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaka notarius Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə vərəsəlik hüququ haqqında şəhadətnamə verir və bu barədə müvafiq maliyyə orqanına məlumat göndərir. Mühafizəçinin iştirakı ilə tərtib olunmuş təhvil-təslim aktı əsasında miras əmlak notarius Tərəfindən aidiyyəti orqanların səlahiyyətli nümayəndəsinə təhvil verilir.
3.2. Dəfinə tapıb dövlətə təhvil verən şəxslərə çatası bəxşiş məbləğləri “Mülki Məcəllə”nin tələblərinə uyğun olaraq 45 iş günü müddətində dəfinəni qəbul edən maliyyə orqanı tərəfindən ödənilir.
3.3. Bu Əsasnamədə adları qeyd olunmayan digər dövlət orqanları Əsasnamənin 1.1-ci bəndində qeyd olunan hallarla üzləşdikdə bu Əsasnamənin tələbləri onlara da şamil olunur.
Həmin orqanlar Tərəfindən aşkar edilmiş əmlak saxlanılmaq üçün bu Əsasnamənin 2.1-ci bəndində göstərilən orqanlara verilir.
IV. İcra orqanlarının hərəkətlərİndən (hərəkətsİzlİyİndən) şİkayət verİlməsİ və əmlakın gerİ tələb edİlməsİ qaydaları
4.1. Bu Əsasnamənin 1.1-ci bəndində sadalanan əmlakın uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi, satışı və verilməsi hərəkətlərindən (hərəkətsizliyindən) qüvvədə olan qanunvericiliyə uyğun olaraq şikayət verilə bilər.
4.2. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən, məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərara əsasən dövlət mülkiyyətinə keçirilmiş əmlak və ya onun dəyəri qüvvədə olan qanunvericiliyə uyğun olaraq geri tələb edilə bilər.