3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:
3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;
3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.
3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.
3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi otuz manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.
3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:
3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
* (3.4.1-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
3.4.2. “Sığorta fəaliyyəti haqqında”, “Kraudfandinq haqqında”, “İcbari sığortalar haqqında”, “İcra haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə, habelə bələdiyyələrə (bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla) ödənilən xidmət haqları və digər yığımlar;
3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
3.4.8. təhsil haqlarının ödənilməsi;
3.4.9. turagentlərə ödəmələr;
3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər;
3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər;
3.4.13. “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları);
3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər;
3.4.15. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər;
3.4.16. rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər.
3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;
3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
3.5.5. xam dərinin tədarükü (alışı);
3.5.6. tullantı yağlarının qəbulu.
3.6. Bu Qanunun 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.