1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. Narkoloji xidmət – insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur;
1.0.2. Narkoloji nəzarət – insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş inzibati və xəbərdaredici tədbirlərin məcmusudur;
1.0.3. Narkoloji yardım – narkoloji xəstələrin, o cümlədən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin, psixoloji vəziyyətinin qiymətləndirilməsinə və onların müalicə edilməsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı müşahidədir;
1.0.4. Narkoloji xəstə – insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir;
1.0.5. İnsan psixikasına təsir göstərən maddələr – insanın şüurunu, davranışını pozan, psixi və (və ya) fiziki asılılıq doğura bilən maddələrdir (spirtli içkilər, narkotik vasitələr və psixotrop maddələr, eləcə də digər bihuşedici təsir göstərən maddələr və vasitələr);
1.0.6. Alkoqolizm – spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir;
1.0.7. Narkomanlıq – xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyətidir;
1.0.8. Toksikomanlıq insan psixikasına bihuşedici təsir göstərən maddələrin (narkotik vasitələr, psixotrop maddələr və spirtli içkilər istisna olmaqla) sui-istifadəsi nəticəsində yaranmış, xroniki intoksikasiya doğuran, həmin maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir;
1.0.9. Abstinent sindromu – insan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato-veqetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyətdir;
1.0.10. Detoksifikasiya – insan psixikasına təsir göstərən maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılmasıdır;
1.0.11. Narkoloji tibb müəssisəsi – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir;
1.0.12. Həkim-narkoloq – narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir;
1.0.13. Baş narkoloq – Azərbaycan Respublikasının ərazisində narkoloji yardımının həyata keçirilməsini əlaqələndirən həkim-narkoloq.