10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir.
10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir.
10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir.
10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir.
10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.