AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust 174 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 aprel 2001-ci il
Narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın siyahısına öz texniki və istifadə meyarlarına görə aşağıdakılar daxil edilir:
1. Məişətdə istifadə olunmayan xüsusi təyinatlı, texniki təsvirinə və texniki xarakteristikasına görə narkotik vasitələrin və psixotrop maddələrin sintezi və ya istehsalı proseslərində tətbiqi üçün istifadə edilən avadanlıqlar.
2. Maddələrin qarışdırılması üçün istifadə edilən mətbəx komplektlərinə daxil olmayan avtomat və ya əl qarışdırıcıları.
3. Yarımfabrikatları, boş ampulları, şpris-tübikləri və müxtəlif həcmli kapsulları hazırlayan avadanlıqlar.
4. Ampulların, şpris-tübiklərin, kapsulların markalaşdırılması üçün maşınlar və ləvazimatlar.
5. Ekstraksiya və süzülmə zamanı məhlulların soyudulması üçün istifadə olunan (məişət soyuducularından başqa) qurğular, habelə ekstraksiya və süzülmə üçün istifadə edilən digər qurğular.
6. Vakuum altında məhlulların təmizlənməsi üçün istifadə edilən qurğular.