30.1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişi - narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisində qanunsuz hesab edilən və ya şübhə doğuran narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınması, göndərilməsi və ya digər üsulla yerinin dəyişdirilməsidir.
30.2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin həyata keçirilməsinə yalnız mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması, həmin cinayətləri törədən şəxslərin vaxtında aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə yol verilir.
30.3. Nəzarətli göndərişin keçirilməsinə dair qərar yalnız narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə mübarizə sahəsində ibtidai araşdırma aparmaq səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
Həmin qərarda istifadə edilən narkotik vasitənin, psixotrop maddənin və ya onların prekursorlarının əldə edilməsinin mənbəyi və miqdarı barədə məlumatlar mütləq göstərilməlidir.
30.4. Nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarı qəbul etmək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları həmin əməliyyatın Azərbaycan Respublikasının ərazisində aparılmasına bilavasitə rəhbərlik edirlər.