Qanunvericilik › Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 44

Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apelyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu.

III. Hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.

IV. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.

V. Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası qanunlarının şərh edilməsi haqqında qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.

VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

VII. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver